Sakinlər polisdə ölən gəncə görə etiraza qalxdı; polis etirazçılara divan tutdu; xeyli sayda saxlanılan var; DİN şantaja əl atdı
***
“Polis idarəsində öldürülmüş Bəhruz Hacıyevin dəfnindən sonra yüzlərlə mingəçevirli şəkildə gördüyünüz dinc yürüşlə polis idarəsi tərəfə gediblər. Yürüş edənlər «Qardaşımızın qanı yerdə qalmayacaq», «Qanını yerdə qoymayacağıq» şüarları səsləndiriblər. Onlar cinayətkarların tutulmasını tələb edirdilər. Bəhruz Hacıyevin qanının batırılmasına tamamilə dinc formada etiraz edirdilər. Bu sadə, zəhmətkeş insanlar istəyirdilər ki, onları hökumət dinləsin. Amma nə dinləmək, onların üzərinə silahlı xüsusi təyinatlılar göndərdilər, həbs olunanlar da var.
Rejim növbəti dəfə öz anti-xalq mahiyyətini ortaya qoydu. Polis rejimi və onun kütləvi qanunsuzluqları təkcə mingəçevirlilərin problemi deyil ki. Həbs olunanlar dərhal azad edilməlidir. Bəhruz Hacıyevin qatillərinin məhkəmə önündə dayanmasını tələb etmək hamımızın borcudur”.
***
Avqustun 20-də axşam saatlarında Mingəçevir şəhər polis şöbəsində baş vermiş müəmmalı ölüm hadisəsi barədə məlumat vermişdik. Xatırladaq ki, həmin gün küçədə gedərkən polis tərəfindən saxlanılaraq şöbəyə aparılan, şəhərin Günəş küçəsi, ev 25-də yaşayan 1988-ci il təvəllüdlü Bəhruz Dilsuz oğlu Hacıyevin 25-30 dəqiqə sonra ölüm xəbəri gəlmişdi.
Mərhumun valideynləri övladlarının polis tərəfindən işgəncələrə məruz qaldığını, bədənində “dubinka” və elektroşok izlərinin olduğunu əsas gətirərək, döyülüb öldürüldüyü qənaətindədirlər. Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin yaydığı məlumatda isə Mingəçevir şəhər sakini Bəhruz Hacıyevin şübhəli şəxs qismində şəhər polis şöbəsinə gətirildiyi, inzibati binadakı xidməti otaqlardan birində əməkdaşlar tərəfindən dindirilən zaman qəfildən özünü pəncərədən aşağı atdığı və nəticədə hadisə yerindəcə keçindiyi qeyd olunurdu.
Hadisə baş verən günü gecə saatlarında mərhumun yaxınları, xeyli sayda Mingəçevir kəndi adlanan ərazinin sakini şəhər polis şöbəsinin qarşısına toplaşıblar. Daha sonra narazı insanlarla polislər arasında insident yaşanıb. Baş verənlərdən hiddətlənən kütlə şöbə istiqamətində hərəkətə keçməyə cəhd göstərsə də qısa qarşıdurmadan sonra ara sakitləşdilrilib.
Elə həmin gün gecə saatlarında şəhərə qonşu Gəncə şəhəri də daxil olmaqla bir neçə rayondan Çevik Polis Alayının polisləri cəlb olunublar.
Dəfn mərasimi öncə avqustun 21-nə planlaşdırılsa da mərhumun yeganə qardaşının Rusiyadan bir qədər gecikməylə gəldiyi nəzərə alınaraq bunu ayın 22-nə təyin ediblər.
Dünən (avqustun 21-də – red.) isə Mingəçevir şəhər icra hakimiyyətində ayın 22-də baş tutacaq dəfn mərasimiylə əlaqədar fövqəladə iclas keçirilib. Bütün qurumlara baş verə biləcək istənilən hadisəyə hazır olmaq xəbərdarlığı verilib.
Bu gün günorta saatlarında Bəhruz Hacıyevin dəfn mərasimi keçirilib. Kənd sakinləri öncə cənazənin məhz şəhər polis şöbəsinin qarşısında qaldırılmasını istəsələr də, bu baş tutmayıb. Dəfn mərasimindən sonra narazı kütlə Bəhruz Hacıyevin qatillərinin tezliklə tapılması tələbiylə şüarlar səsləndirərək şəhər icra hakimiyyəti istiqamətinə yürüş edib.
Məhz bundan sonra narazı kütləylə polislər arasında qarşıdurma yaşanıb. Belə ki, polislərin etirazçılardan yolu boşaltmağı tələb etməsinə baxmayaraq aksiya iştirakçıları buna məhəl qoymayıblar. Bundan sonra polis dəyənəklərlə aksiyaçılara zor tətbiq edib. Bu zaman Çevik Polis Alayının polisləri səs bombası, gözyaşardıcı qazdan istifadə ediblər. Xeyli sayda etirazçı saxlanılıb. Şəhərin ana yolu olan Heydər Əliyev prospekti və 20 Yanvar küçəsi faktiki olaraq bağlanıb. Şəhər polis şöbəsinin Səməd Vurğun küçəsiylə Heydər Əliyev prospektinin kəsişməsində yerləşən inzibati binası da Çevik Polis Alayının xüsusi geyimli polisləri tərəfindən mühafizə olunur.
Bir sözlə, Mingəçevirdə qeyri-rəsmi şəkildə fövqəladə vəziyyət elan olunub. Yerli sakinləri ən çox hiddətləndirən məqamlardan biri də Çevik Polis Alayının polislərinin küçədə hərəkətdə olan dinc sakinlərə qarşı olduqca amansız, sərt və kobud davranışlarıdır.
***
Mingəçevir polisindəki ölümlə bağlı yeni təfərrüatlar
Ölən gəncin onunla birlikdə şöbəyə aparılan dostu gördüklərini danışdı; DİN-in generalı mərhumun doğmalarına nə deyib?
Avqustun 20-də axşam saatlarında Mingəçevir şəhər polis şöbəsində müəmmalı ölüm hadisəsi baş verib. Belə ki, polis şöbəsinə aparılan, şəhərin Günəş küçəsi, ev 25-də yaşayan (qeyd edək ki, bu ərazi qədim yaşayış məskəni kimi daha çox Mingəçevir kəndi olaraq tanınır – red.) 1988-ci il təvəllüdlü Bəhruz Dilsuz oğlu Hacıyevin bir müddət sonra ölüm xəbəri gəlib.
Mərhumun atası Dilsuz Hacıyevin sözlərinə görə, oğlu polis şöbəsinə dindirilmək məqsədi ilə aparılıb. Onlar bu barədə sonradan, artıq oğullarının ölüm xəbəri çıxdıqdan sonra məlumat əldə ediblər. Özü də bu məlumatı onlara polis yox, vaxtilə şəhərin Azərbaycan İES adlanan ərazisində yerləşən meyitxanada çalışan uzaq bir qohumları xəbər verib. Məhz o, Bəhruzu tanıyıb və bu barədə onun valideynlərinə xəbər çatdırıb.
D.Hacıyev deyib ki, meyitxana şəhər mərkəzi xəstəxanasının yenicə əsaslı təmirdən çıxmış binasının korpuslarından birində yerləşir. Belədə Bəhruzun meyitini o boyda uzaq məsafə qət edib, hansısa qəsəbəyə aparmaq və orada xəlvəti yarmağa hazırmaq istəyi suallar doğurur. D.Hacıyevin sözlərinə görə, oğlunun meyitini gizlicə yarmaq istədikləri barədə meyitxanada işləyən qohumundan xəbər tutub. Meyiti isə güclə alıblar.
Yeri gəlmişkən, polislərin B.Hacıyevi nə məqsədlə dindirməsinin səbəbi indiyədək açıqlanmır.
D.Hacıyevin sözlərinə görə, oğlu polis şöbəyə aparılandan təxminən 20 dəqiqə sonra ölüb.
"Şöbədən sonradan bildirdilər ki, Bəhruz özünü 3-cü mərtəbədən aşağı atıb. Amma biz onların bu versiyasına inanmırıq”, – deyə D.Hacıyev bildirib.
Mərhumun əmisi Səməd Səmədovun bildirdiyinə görə, qardaşı oğlu başıaşağı, sakit, təmkinli, eyni zamanda mərd bir oğlan olub. Bir neçə gün idi ki, tikintidə işə düzəlmişdi. “Bəhruz iki dostuyla birlikdə bilyard oynamağa gedirmiş. Bu zaman şəhərin “Güllü bağ” deyilən ərazisinin yaxınlığında yanlarında bir polis maşını dayanıb. Səbuhi adlı polis əməkdaşı Bəhruzla yanındakı dostlarından birini maşına mindirərək şöbəyə aparıb. Cəmi 20 dəqiqə sonra isə bu hadisə baş verib. Bəhruzun ölümündən sonra onunla saxlanılan dostunu dərhal azad ediblər. Amma onların nəyə görə saxlanıldıqları barədə hələ də heç bir məlumat verilmir”.
Hadisədən dərhal sonra gecə saatlarında mərhumun yaxınları, xeyli sayda Mingəçevir kənd sakini şəhər polis şöbəsinin qarşısına toplaşıblar. Daha sonra narazı insanlarla polislər arasında insident yaşanıb. Baş verənlərdən hiddətlənən kütlə şöbə istiqamətində hərəkətə keçməyə cəhd göstərib. Qısa qarşıdurmadan sonra ara sakitləşdilrilib.
Bu arada Daxili İşlər Nazirliyi Mingəçevir şəhər polis şöbəsində saxlanılan B.Hacıyevin ölümü ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Nazirliyin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, avqustun 20-də Mingəçevir şəhər sakini Bəhruz Hacıyev şübhəli şəxs qismində şəhər polis şöbəsinə gətirilib: “İnzibati binadakı xidməti otaqlardan birində əməkdaşlar tərəfindən dindirilən B.Hacıyev, qəfildən özünü pəncərədən aşağı atıb və nəticədə hadisə yerindəcə keçinib. Mərhumun yaxın qohumlarının iştirakı ilə məhkəmə tibbi ekspertizasında müayinə olunan meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib”.
Maraqlıdır ki, başqa bir iddiaya görə Bəhruz Hacıyevi dindirmək üçün gətiriblər, lakin o, polislərin əlindən çıxaraq yuxarıya doğru qaçıb və binanın 3-cü mərtəbəsindən özünü atıb.
Yeri gəlmişkən, mərhumun əmisi S.Səmədov qardaşı oğlunun ölümüylə bağlı DİN-in yaydığı açıqlamaya da münasibət bildirib. Onun sözlərinə görə, onlar, yəni mərhumun yaxın qohumları meyitin üzərində zorakılıq əlamətlərinin aşkar edilmədiyini deyil, meyitin onlara məxsus olduğunu deyiblər. “Bunlar isə tamamilə fərqli-fərqli şeylərdir. Bəhruzun ayağında, dizində, belində qaraltılar, göyərmələr vardı. Bunlar isə yıxılarkən alınan xəsarətlərdən yox, Bəhruza qarşı edilmiş zorakılıqlardan xəbər verir”.
Mərhumun qohumlarının sözlərinə görə, polis şöbəsinin yenicə istifadəyə verilmiş inzibati binasının az qala hər nöqtəsində müşahidə kamerası var və belədə sözsüz ki, dindirilmə prosesinin, ümumiyyətlə hadisənin baş vermə anının qeydə alınmaması inandırıcı deyil.
Sonda qeyd edək ki, bu, Mingəçevir şəhər pois şöbəsində ilk belə ölüm halı deyil. 2006-cı ilin iyulunda da at oğurluğunda şübhəli bilinərək şəhər polis şöbəsinə gətirilən Qarabağmüharibəsi əlili Rasim Əlişov şöbənin Cinayət-Axtarış bölməsinin əməkdaşları tərəfindən döyülərək qətlə yetirilmişdi. O zaman Rasim Əlişovun aldığı zərbələrdən məhz şöbədə keçindiyini şəhər Təcili-Tibbi Yardım Xəstəxanasının həkimləri də təsdiqləmişdilər.
2007-ci ilin iyulunda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmüylə Mingəçevir ŞPŞ-nin Cinayət-Axtarış bölməsinin rəisi İlqar Abbasov və şöbənin əməkdaşı Ramiz Murquzov 8 il azadlıqdan məhrum edilmiş, hadisədə iştirak edən digər keçmiş polis işçiləri Anar Həsənov və Elçin Musayevin isə hərəkət azadlığı 3 il müddətinə məhdudlaşdırılmışdı.
B.Hacıyevin meyitinin morqda çəkilmiş şəkilləri
İnformasiya şöbəsi