Liviya diktatoru özü ilə bərabər bütün Tripolini məhv etmək planı hazırlayıb
ABŞ dövlət katibi Hillari Klinton iyulun 15-də İstanbulda keçiriləcək Liviya Təmas Qrupunun toplantısından öncə jurnalistlərə verdiyi açıqlamasında Müəmmər Qəzzafinin sonuna günlər qaldığını bildirib.
Klintion Vaşinqtonda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında beynəlxalq ictimaiyyətin Liviya diktatorunun hakimiyyətdən uzaqlaşdırılması istiqamətində təzyiqlərini artıracağını söyləyib. NATO əməliyyatlarının vətəndaşları qorumaq məqsədiylə davam etdirildiyini vurğulayan dövlət katibi ABŞ və digər ölkələrin Qəzzafinin gələcək taleyi ilə bağlı konkret zaman söyləməsə də diktatorun sonuna sadəcə bir neçə gün qaldığını bildirib.
Bu arada Rusiya prezidenti Dmitri Medvedevin xüsusi nümayəndəsi Mixail Marqelov şok məlumatla çıxış edib. Liviya diktatoru ilə bir neçə dəfə görüşən Marqelov yerli və xarici qüvvələr tərəfindən paytaxt Triplonin mühasirəsinin davam edəcəyi təqdirdə Qəzzafinin intihar planına əl atacağını söyləyib. “İzvestiya” qəzetinə açıqlama Marqelov bildirib ki, Liviya baş naziri ilə görüş zamanı hökumət başçısı rusiyalı diplomata Tripoliyə yaxnlaşan üsyançıların top və mərmilərlə məhv ediləcəyini deyib. Baş nazir intihar planına əsasən paytaxtın tamamilə məhvini hətta Müəmmər Qəzzafinin özünün də ölə biləcəyini istisna etməyib.
Liviyalı üsyançılar isə ölkədəki vətənda müharibəsinə son qoymaq üçün Müəmmər Qəzzafi ilə danışıqlar aparılmasına dair xəbərləri təkzib edib. Üsyançıların lideri Mahmud Cibril Qəzzafi rejimi ilə Milli Keçid Şurası arasında danışıqların aparılması barədə məlumatların yalnış iddia olduğunu söyləyib. Cibril bu açıqlamanı Brüsseldə NATO rəsmiləri ilə görüşü zamanı deyib.
Xatırladaq ki, bir neçə gün öncə Fransanın baş naziri Fransua Fiyon Rusiya və Afrika Birliyinin Liviya üsyançıları ilə hökumət arasında danışıqların aparılmasında vasitəçilik təşəbbüslərinin olduğunu bildirmişdi. Xarici işlər naziri Alen Jüpe isə Liviya diktatorunun hakimiyyətdən getməyə razılıq verdiyini bəyan etmişdi.
Vaşinqtonda isə ABŞ Dövlət Departamenti özlərini Qəzzafinin nümayəndələri adlandıran şəxslərlə danışıqlar apardığını açıqlayıb. Mahmud Cibril isə bu cür əlaqələrin əhəmiyyətsiz olduğunu bildirib. Liviya müxalifətinin lideri Brüsseldə Benilüks ölkələrinin rəsmiləri ilə də görüşüblər. Belçika, Niderland və Lüksemburq Liviya Keçid Milli Şurasını Liviya xalqının legitim təmsilçisi kimi tanıyıb.
Elxan