Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova Modern.az saytının 2014-cü ildə və 2015-ci ilin ötən dövründə ad və soyadın dəyişdirilməsi barədə sorğusunu cavablandırıb.
Nazirlik rəsmisi bildirib ki, respublikanın rayon (şəhər) qeydiyyat şöbələri
tərəfindən 2014-cü il ərzində 3084 soyad, ad və ata adının dəyişdirilməsi baş tutub:
“2015-ci ilin ilk 6 ayı ərzində isə 1236 soyadın, adın və ata adının dəyişdirilməsi qeydə alınıb”.
R.Kərimova Modern.az saytının “2014-cü ildə və 2015-ci ilin ötən dövründə ad və soyadın dəyişdirilməsi üçün müraciət edən vətəndaşlar arasında neçəsi cinsini dəyişmiş şəxs olub; Göstərilən müddətdə cinsini dəyişmiş vətəndaşlar tərəfindən yeni ad və soyad üçün idarəyə edilən müraciətlərdən neçəsi təmin olunub; Hansı prosedur və ya yoxlamadan sonra belə vətəndaşların ad və soyadları dəyişdilir, yeni şəxsiyyət vəsiqəsi verilir; Cinsini dəyişəndən sonra yeni ad və soyad götürən vətəndaşlar arasında neçəsi qadın, neçəsi kişi kimliyi alıb; Cinsini dəyişən vətəndaşların üstünlük verdiyi ad və soyadlar hansılardır” suallarına cavab olaraq bildirib ki, bu istiqamətdə statistika aparılmır:
“Məlumat veririk ki, respublikanın rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cinsin dəyişdirilməsi ilə bağlı vətəndaşların soyadını və adını dəyişdirməsinin statistikası aparılmadığından, eləcə də “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2.5-ci maddəsinə əsasən sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini, və ya sənədləşdirilməsini tələb etdiyindən sorğunuzun icrası mümkün olmayıb”.