AB-nin mətbuat katibi Tuskun Bakı səfərinin əsas məqsədini açıqladı
Bugünlərdə Avropa Birliyi Şurasının prezidenti Donald Tusk Bakıya səfər etdi və Ilham Əlievlə təkbətək görüş keçirdi. Daha sonra mətbuat konfransı keçirildi və prezidentlərin bəyanatı səsləndi.
Hakimiyyət çalışdı ki, bu səfəri Avropa Birliyinin Azərbaycan hakimiyyətinə minnətçi düşməsi kimi təqdim etsin. Hökumət mətbuatı, telekanallar Donald Tuskun səfərini Azərbaycanın böyüklüyünün, gücünün etirafı kimi tirajladılar. Hakimiyyət ekspertləri də belə şərh verdilər ki, Avropa Azərbaycandan asılıdır və buna görə də Azərbaycanla münasibətləri korlamaq istəmir.
Amma konkret faktlarla sübut edildi ki, rəsmi təbliğat daxili auditoriyanı çaşdırmağa xidmət edir. Belə ki, Ilham Əliyev mətbuat konfransında belə demişdi: “Avropanın əsas ticarət tərəfdaşımız olması bizi çox məmnun edir.ÿSizin səfəriniz Avropa Birliyiÿvə Azərbaycan arasında əlaqələr üçün böyük əhəmiyyət kəsb edir. Avropa Birliyi ilə Azərbaycan arasında uzun illərdir davam edən fəal əməkdaşlığın böyük dəyəri olmasından çox məmnunuq. Xarici ticarət dövriyyəsinin, demək olar, yarısı Avropa Birliyi üzvü olan ölkələrlə aparılır. Avropa Birliyi ölkələri əsas investorlarımızdır. Xarici sərmayələrin 50 faizi Avropa Birliyindən daxil olur”.
Donald Tusk isə mətbuata belə açıqlama vermişdi: “Əlverişli ticari və investisiya mühitinin yaradılması üçün yaxşı idarəetmənin və qanunun aliliyinin vacib olduğunu xatırlatmaq istəyirəm.ÿBiz yeni danışıqlar mərhələsi və strateji tərəfdaşlıq sazişi üzərində razılığa gəldik. Mən insan hüquqları və əsas azadlıqlara yüksək önəm verdiyimizi vurğuladım. Avropa Birliyi açıq cəmiyyətlərin uzunmüddətli sabitlik və çiçəklənmənin qarantı olduğuna inanır. Mən cənab Prezident ilə burada hüquq müdafiəçilərinin həbs olunması ilə bağlı narahatlığımızı müzakirə etdim. Ümidvaram ki, fərdi hallarda təxirəsalınmaz tədbirlər görüləcək. Biz bu məsələni müzakirə etməyə, insan hüquqları sahəsində yaxşı və qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını araşdırmağa davam edəcəyik, o cümlədən gələcək müqavilə öhdəlikləri kontekstində də bunu edəcəyik”.
Göründüyü kimi, Donald Tusk nəinki Azərbaycan hakimiyyətinə mədhiyyə oxumur, əksinə, birmənalı şəkildə deyir ki, bizimlə əməkdaşlığın şərti insan haqlarına hörmətlə yanaşmaqdır.
Bu faktlardan sonra hökumətin təbliğatı ifşa olundu və müəyyən pərtlik yarandı. Məhz bu pərtliyi aradan qalıdırmaq üçün Avropa Birliyinə müraciət ünvanlanıb və tərəflər arasında iqtisadi əməkdaşlığa münasibət öyrənilib. Müraciət qəsdən iqtisadi əməkdaşlıq üzərində qurulub ki, verilən cavabı Azərbaycanın uğuru kimi tiraclaya bilsinlər. Amma növbəti dəfə hökumətin arqumentləri məhv olub və ikinci pərtlik yaşanıb. Belə ki, AB-nin Beynəlxalq Əlaqələr üzrə Şurasının mətbuat katibi Suzanna Keyfer “Avropa Birliyi inanır ki, açıq cəmiyyət uzun müddətli sabitlik və tərəqqi üçün ən yaxşı zəmanətdir” söyləyib.
Mətbuat katibi qeyd edib ki, səfər zamanı D.Tusk AB-nin insan hüquqları və əsas azadlıqlara böyük əhəmiyyət verdiyini bildirib: “AB inanır ki, açıq cəmiyyət uzunmüddətli sabitlik və tərəqqi üçün ən yaxşı zəmanətdir. Ticarət əlaqələrinin genişlənməsi perspektivlərində də yaxşı idarəetmə və hüququn aliliyi mühüm məsələlərdir”- deyə Suzanna Keyfer bildirib.
Bəli, Bakıdakı rəsmi açıqlamaya kölgə salmaq istəyən hakimiyyət, Avropa Birliyinin mətbuat xidmətinin mövqeyi ilə üz-üzə qaldı. Yəni bir daha təsdiqləndi ki, Azərbaycan hakimiyyətindən konkret tələblər olub və iqtisadi əməkdaşlığın siyasi islahatlardan asılı olduğunun mesajı verilib.