Keçən həftənin ən absurd xəbəri Yəmən prezidenti Ə.A.Salehin Səudiyyə Ərəbistanından öz xalqına müraciət etməsi oldu. O xalqa ki, düz yanvardan bu vaxta qədər – təxminən yeddi aydır ki, onun istefasını tələb edir.
Mən bir deyil, bir neçə dəfə, az qala həmişə diktatorların psixologiyasından yazıram. Amma etiraf edim ki, ciddi bir irəliləyişə nail ola bilməmişəm. Bu insanları dərk etmək o qədər də asan deyil. Bəzən biz onların hamısına bir oyuncaq kimi baxırıq, fikirləşirik ki, kimsə onları haradasa oturdub ki, bir neçə il olsa da, hansısa ölkəni idarə etsinlər. Amma belədirmi?
Təbii ki, böyüklük və ulu siyasətçi çələngi onların payına düşmür, amma onlar sözün əsl mənasında problemdirlər. Özü də təkcə Yəmən prezidenti yox! Budur, A.Lukaşenkonun adamları Bakıya gəlmişdi. Təsəvvür edin, bu ölkənin Rusiyaya enerji borcunu ödəmək üçün 50 milyon dolları yoxdur. Çox güman ki, Azərbaycana kreditə görə təşrif buyurmuşdular. Azərbaycan da elə ölkədir ki, nəinki ictimai rəy, heç beynəlxalq qınaq da onun üçün heç bir rol oynamır.Bəli, biz kimlərlə və nə üçün əməkdaşlıq etməyin fərqində deyilik. Əslində, Belarusla əməkdaşlıq etmək siyasi və iqtisadi riskdir, məlum deyil ki, bu ölkə yaxın vaxtlarda necə bir hala gələcək. Bizimkilərin məntiqinə görə, guya biz Azərbaycana dost və tərəfdaş qazandırırıq. Amma H.Mübarəkə də heykəl qoymuşduq! Hanı o? Bəlkə onun özü də artıq unudub ki, bu dünyada Bakı adında şəhər var və hətta həmin şəhərdə onun abidəsi də olub! Ondan sonra gələnlər də buna görə bizlərə minnətdar olmayacaqlar!
Hətta bu gün ABŞ rəsmiləri belə vurğulayır ki, biz xalqlarla, millətlərlə münasibət qurmaq istəyirik. Onda bəs biz nədən belə edirik? Elə işlər görmək lazımdır ki, məsələn A.Lukaşenko deyil, xalqın özü – belaruslar bizi minnətdarlıqla xatırlasınlar. Bunun yolu da belarusların rəğbətini qazanmaq, onun mütərəqqi insanları ilə bir olmaqdır. Çox keçməz Lukaşenkonu yola salarlar, onda bu sözlərin həqiqət olduğunu dərk edərik.Lavrov gəldi və getdi…
Rusiyanın da xarici işlər naziri Bakıya tələsik səfər etdi. Deyirlər ki, məktub gətiribmiş. Doğrudan, bu da bir absurd teatrıdır. Axı bu Rusiya nə istəyir və nə ala bilmir bizdən? Neçə illərdir, guya vasitəçilik edirlər! Orada görüş, burada görüş! Nəticəsi? Nəticəsi yoxdur! Olmayacaq da! Rusiya bu proses çərçivəsinə ona görə girməyib ki, hansısa nəticə olsun, o, bu prosesə ona görə qoşulub ki, heç bir nəticə olmasın!Onlar nə istəyirlər? Istəkləri budur ki, ABŞ və Fransa vasitəçilik missiyasını, mandatını bunlara həvalə etsin, özləri də bir qırağa çəkilsinlər. Rusiya da bu prosesi nə qədər mümkündür çəkib uzatsın.
Deyirlər ki, Rusiya Kazan görüşündən sonra tərəflərə özünün yeni təkliflərini təqdim edib. Olsun. Ötən dəfə Azərbaycan rəsmi bir şəkildə bəyan etdi ki, Qarabağa Cənubi Tirolun statusunu verməyə hazırdır! Bəli, o status dünyada təsadüf olunan ən yüksək statuslardandır. Bundan artıq və bundan konkret daha nə təklif etmək olar? Bu, məsələnin bir tərəfidir. Digər detal ondan ibarətdir ki, bir tərəfdən deyirlər ki, indiki məqamda status bir problem kimi müzakirə olunmur. Amma məlum olur ki, müzakirə edilir, özü də necə var! Artıq Yer kürəsində məlum olan model qalmayıb: Tatarıstan, Tirol, Aland… Başqa nə təklif etmək olar? Nəsə qalıbmı? Bəlkə də Lavrovun sərəncamında daha bir model var, biz bilmirik! Olsun. Amma mən ölü, sizlər diri, bu, Rusiyanın oyunundan başqa bir şey deyil, heç bir nəticəsi-filanı da olmayacaq! ABŞ-a, Fransaya gəlincə, Qarabağ onlar üçün prioritet və mühüm məsələ deyil. Onlar da baxırlar ki, görək, bu Rusiya nə edir…
Kiçik sözardı
U.Çerçillin məşhur bir etirafı var. O, bir dəfə deyibmiş ki, sən demə, mənim bütün həyatım bir nəfərə – I.Stalinə qalib gəlməyə sərf edilibmiş! Indi bütün olmasa da, bəzi millətlərin də qismətinə bu düşüb. Onlar da on illərlə, bəzən də daha çox, hansısa diktatora qalib gəlməyə çalışırlar. Görünür, insanların olduğu kimi, millətlərin də qisməti var və onlar bunu da dəf etməlidirlər…