Avstriyanın “NCA Container-und Anlagenbau” şirkəti Azərbaycanda həyata keçirdiyi iri layihədə ziyana düşdüyünə görə müflis olub. “Virtualaz.org”un bu barədə yaydığı məlumatda bildirilir ki, şirkət dünən müflisləşmə prosedurunu başladıb.
Şirkətin icraçı direktoru Piter Ştyurmer bildirib ki, onların müflis olmasının səbəbi son illər keçmiş baş direktor tərəfindən yol verilən bəzi nöqsanlar, konkret olaraq Azərbaycanda həyata keçirilən iri layihədə “fövqəladə neqativ tendensiyalar”dır.
Icraçı direktor şirkətin 9 milyon avro borcunun yarandığını və ödəmə qabiliyyətini itirdiyini, bu səbəbdən müflisləşmə prosedurunu başlatdıqlarını bildirib.
Piter Ştyurmer Azərbaycandakı hansı iri layihədən söhbət getdiyini açıqlamayıb. Icraçı direktor deyib ki, yaxın vaxtlarda onlar iş yerlərini saxlamaq üçün yeni investor axtarıb tapmağa çalışacaqlar.
“NCA Container-und Anlagenbau” şirkəti polad, paslanmayan polad və alüminiumdan metal konstruksiyaların istehsalı ilə məşğul olur. Bu konstruksiyalardan müxtəlif tikililərdə – ticarət mərkəzlərində, pavilyon tipli sənaye sexlərində, rezervuarlarda, farmasevtika sahəsində, konsert salonlarında və stadionlarda istifadə oluna bilər.