Hakimiyyət Rusiyanın Qarabağa Ukraynadakı erməni terrorçusunu, rus vətəndaşlarını yerləşdirməsinə niyə susur?
Ilham Ismayıl: «Bu addımlar yaxın gələcəkdə Azərbaycan üçün ciddi təhlükəyə çevrilə bilər»
2014-cü ilin may ayından Ukraynanın Luqansk vilayətinin ərazisində rusmeylli separatçıların tərəfində vuruşan Artur Qasparyan Dağlıq Qarabağa köçüb. Ermənistan mətbuatı xəbər verir ki, o, Azərbaycan torpaqlarında yaradılan qanunsuz hərbi birləşmələrin tərkibində müqavilə əsasında xidmət edəcək.
1990-cı ildə Ermənistanın Spitak şəhərində anadan olan Artur Qasparyan 2008-2010-cu ildə Dağlıq Qarabağdakı erməni hərbi birləşmələrindən birində kəşfiyyatçı kimi çalışıb. O, 2010-cu ildə Rusiyaya köçüb və Ukraynanın şərqindəki hərbi əməliyyatlarda aktiv iştirakçı olub.
Qasparyanın başçılıq etdiyi dəstə 2014-cü ilin mayında Donetsk aerportunun ələ keçirilməsində önəmli rol oynayıb.
Artıq bu fakt Rusiyanın Azərbaycanla bağlı planlaşdırdığı neçənci pozucu fəaliyyətdir. Bir neçə gün əvvəl Rusiyanın Azərbaycanla bağlı daha bir neçə məkrli niyyəti barədə məlumat vermişdik.
Rusiya Ukrayna və Gürcüstanda sınaqdan çıxardığı separatizm modelini Azərbaycanda da tətbiq etməyə planlaşdırır. “Azərbaycan saat”ı proqramının buraxılışlarında bu barədə ətraflı məlumat verilmişdi.
Məlum olub ki, Rusiya Qusarda yaşayan Azərbaycan vətəndaşları arasında güclü təbliğat apararaq onları Rusiya pasportu almağa təhrik edir. Azərbaycan vətəndaşları sərhədi keçib Dağıstan ərazisində 150-200 min rubl arası rus pasportlarını əldə edə bilirlər. Amma Azərbaycanın başının üstünü alan təhlükə bununla bitmir. Araşdırmalar zamanı məlum olub ki, Şərqi Ukraynadan köçürülən milliyyətcə ruslara rus pasportları verilərək onlar ya Abxaziyada, ya da Qarabağda yerləşdirilirlər. Bu barədə Ukraynadan olan Boqdan adlı şəxs məlumat verib. Əvvəllər Ukraynanın Makiyevka şəhərində yaşayan bu şəxs şəhər ətrafında qızğın döyüşlər başlayandan sonra oranı tərk edib. Əvvəlcə Rostova, daha sonra isə Saratova gətirilən Boqdana Rusiya vətəndaşlığına keçməklə bağlı təklif son gəldiyi vilayətin rəhbərliyindən edilib. Ona təklif edilib ki, Moskvada Lyublina rayonunun Miqrasiya Xidmətində ona rus pasportu veriləcək. Amma pasportu aldıqdan sonra o, yaşamaq üçün ya Abxaziyaya, ya da Qarabağa köçürüləcək. Hər iki yerdə ona bütün şəraitin yaradılacağı vəd edilib. Bu prosesin artıq bir neçə aydır davam etdiyi məlum olub. Əslində, əldə olunan məlumatlar Rusiyanın Azərbaycanın istər işğal altında olan əraziləri, istərsə də şimal rayonları ilə bağlı bir sıra planlar cızdığını deməyə əsas verir.
Bəs bu cür addımlar Azərbaycan üçün hansı problemləri yarada bilər?
Təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayıl bildirdi ki, atılan addımlar elə mahiyyət daşıyır ki, onlar yaxın gələcəkdə Azərbaycan üçün ciddi təhlükəyə çevrilə bilər. I.Ismayıl hesab edir ki, proseslər onu göstərir ki, Rusiya gələcəkdə Qarabağı hətta Ermənistanın da əlindən ala bilər: “Rusiya Qarabağda Abxaziya və Osetiya kimi bir rejim qura bilər. Bu, Azərbaycana növbəti təzyiq vasitəsidir. Son günlər hətta belə bir məlumat yayılıb ki, Azərbaycanda keçmiş MTN əməkdaşı ”yeni Avrasiyaçılıq" ideyası ilə çıxış edə bilər. Görünən odur ki, Rusiya Azərbaycan ərazilərinə müəyyən adamları yerləşdirməklə, Bakıda “5-ci kolonu” fəalaşdırmaqla Azərbaycana təzyiq edir. Buna rəvac verən bir məqam budur ki, Azərbaycan rəsmiləri kəskin şəkildə Avropaya qarşı tənqidi mövqedən yanaşırlar. Bunun fonunda Rusiyapərəstlik son zamanlar dəbə düşüb".
I.Ismayıl vurğuladı ki, Rusiya gələcəkdə öz vətəndaşlarının Azərbaycan torpaqlarında olmasından istifadə edərək, onların təhlükəsizliyini gündəmə gətirə bilər. “Rusiya eyni mövqeyi Ukraynada irəli sürdü. Məhz rus vətəndaşlarının Ukraynada olmasını bəhanə edərək Rusiya onları aktiv şəkildə dəstəkləyir”, deyə I.Ismayıl vurğuladı.
Xəyal