Keçmiş müdafiə nazirindən sabiq milli təhlükəsizlik nazirinə ittihamlar
Rəhim Qazıyev: «Bütün bunlar Nəriman Imranovun ölənə kimi xidmət etməyə borclu olduğu Rusiya «KQB»sinin qarşısında götürdüyü öhdəliklərlə bağlıdır»
“Avrasiya Hərəkatının yaradılması təşəbbüsünün Rusiyanın Nəriman Imranova sifarişidir. Mən buna qəti şübhə etmirəm”. Bu sözləri “Azadlıq”a keçmiş müdafiə naziri Rəhim Qazıyev sabiq milli təhlükəsizlik naziri Nəriman Imranovla Rusiya Ədliyyə Nazirliyinin keçmiş əməkdaşı Ilqar Qasımovun Avrasiya Hərəkatı yaratmaq təşəbbüsünə münasibət bildirərkən deyib. Rəhim Qazıyev daha sonra bildirib ki, Nəriman Imranovun azadlığa çıxdıqdan 13 il sonra siyasi səhnədə görünməsini adı hadisə hesab etmir.
Rəhim Qazıyev daha sonra bildirib: “Nəriman Imranovun bu iqtidara böyük məhəbbət bəslədiyi şübhə doğurur. Ona bəzi məqamları xatırlatmaq istəyirəm. Nəriman Imranov 1999-cu il dekabrın 31-də Bayıl təcridxanasının 128-ci kamerasında mənə təbrik ”ksiva"sı göndərdi. Təbrikdə onu da qeyd etmişdi ki, əfv fərmanı verilib və bu əfvlə azadlıqa çıxmaqdansa burada ölmək daha şərəflidir. Həmin məktubda o vaxtkı ölkə rəhbərliyinin ünvanına da sərt ifadələr işlətmişdi. Bu hadisədən 2 il sonra Heydər Əliyev Nəriman Imranovun ömürlük cəzasını 15 illə əvəz etdi. Mən həmin vaxt təsadüfən görüşdə idim və Nəriman Imranovun televiziyada minnətdarlıq çıxışını izləməli oldum. O, çıxışında Heydər Əliyevin əsgəri olduğunu və onun əmrilə hara lazımdırsa getməyə hazır olduğunu bildirirdi. Nəriman Imranovun bu sözlərini eşitdikdə onun təbrik məktubunda yazdıqları gözümün önünə gəldi.
Yeri gəlmişkən, təxminən 2000-ci ilin yanvar ayının ortalarında Nəriman Imranov mənə 48 vərəqli ümumi dəftərdə “Muçuq oyunu” adlı pamflet göndərdi. Buradaca qeyd edim ki, Nəriman Imranov kifayət qədər savadlı və ədəbiyyatı dərin bilən adamdır. O məndən xahiş etmişdi ki, pamfleti oxuyum və hökmən səhərə yaxın da olsa geri göndərim. Səhərə qədər yatmadım və Heydər Əliyevin həyatında gördüyü işlərdən 40 faktın əks olunduğu həmin pamfleti oxuyub Nəriman Imranova qaytardım. Ona “ksiva”da bu yazının hökmən çapa olunmalı olduğunu bildirdim. Nəriman Imranov da mənə cavabında bildirdi ki, mütləq bu pamfleti çap etdirəcək. O vaxt doğrudan da mən Nərimana inanmağa başlamışdım. Lakin ömürlük həbs cəzası 15 illə əvəz olunduqdan sonra etdiyi minnətdarlıq çıxışını dinlədikdə onun heç vaxt haqq yoluna qayıtmayacağına əmin oldum. Həmin pamfletdən 3 xırda epizodu Nərimana xatırlatmaq istəyirəm. Birinci, qaranquş yumurtalarından soyutma bişirib yenidən qaranquşun yuvasına qoyulması, ikinci, çox sevdiyi rəhbərin 4 nəfər dostu ilə erməni bağına üzüm oğurluğuna getməsi və nəhayət, üçüncü, müharibənin yeni başladığı vaxtda Naxçıvanda 5 ədəd qızıl onluq xatirinə varlı kişinin övladını hərbidən saxlayıb onun əvəzində kasıb, dul qadının övladının müharibəyə aparılması. Yəqin ki, həmin pamflet Nəriman Imranovun da arxivində qalır".
Rəhim Qazıyev bu xatırlatmalardan sonra bildirib ki, Nəriman Imranovun Ilqar Qasımovla hər hansı hərəkat yaratması onun bu rejimə məhəbbətindən irəli gəlmir: “Bütün bunlar Nəriman Imranovun ölənə kimi xidmət etməyə borclu olduğu Rusiya ”KQB"sinin qarşısında götürdüyü öhdəliklərlə bağlıdır. Bu işlər Azərbaycana yaxşı heç nə vəd etmir. Nəriman Imranovun diqqətinə çatdırmaq istəyirəm ki, müxalifət olaraq yaşadığı ölkənin hakimiyyətinə qarşı mübarizəni açıq aparmaq lazımdır. Hansısa ölkənin sifarişilə yaşının bu ixtiyar vaxtında siyasət meydanına atılmaq vətənpərvərlik əlaməti deyil. Nəriman Imranov, sizin Heydər Əliyevə olan mövqeyinizi mən də bilirəm, siz özünüz də bilirsiniz. Ona görə 13 il susub kimlərinsə sifarişilə ölkədə qarışıqlıq salmaq vətənə xidmət yox, vətənə xəyanət əməlidir.
Mən də bunu Nəriman Imranova məsləhət görmürəm. Yəqin ki, o, mənim də indiki iqtidara qarşı kəsin müxalif mövqedə durmağıma şübhə etmir. Bununla belə fikirlərimə hər hansı iradı varsa, onunla istnilən yerdə debata hazır olduğumu bildirirəm".