Azərbaycana IŞID və PKK təhlükəsi varmı?

Türkiyədə baş verənlərin Azərbaycana hansı təsirləri ola bilər?

«Türkiyə ətrafında baş verənlərin fonunda Azərbaycan dövlətinin ən ciddi tədbirləri IŞID-ə qarşı görülməlidir»

Türkiyədə hər ötən gün vəziyyət gərginləşir. Türkiyənin regionda iki böyük təhlükə ilə üz-üzə gəlməsi və həm IŞID-ə, həm də PKK-ya qarşı aktiv hərbi əməliyyatlara başlaması situasiyanı qəlizləşdirib. Türkiyə daxilindəki siyasi stabilik də ciddi təhdid altındadır. Artıq Türkiyənin bir sıra şəhərlərində IŞID və PKK tərəfdarlarına qarşı antiterror əməliyyatı keçirilib.
Xatırladaq ki, bugünədək Türkiyədə aparılan antiterror əməliyyatlarında 1050 nəfərdən çox şəxs saxlanılıb. Saxlanılanların hamısı IŞID, PKK və Inqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsi (DHKP-C) ilə əlaqədə təqsirli bilinirlər.
Amma Türkiyənin iki cəbhədə apardığı müharibə Ankaranın müttəfiqlərinə də bir sıra təhlükələr yaradır. Bu sırada təbii ki, ilk nöbədə Azərbaycan gəlir. Azərbaycana IŞID təhlükəsinin olması ilə bağlı dəfələrlə xəbərdarlıqlar edilib. Bundan başqa, Azərbaycanda PKK-nın əsas dayaqlarından birinin yerləşdiyi ilə bağlı kifayət qədər məlumatlar gedib. Ona görə Türkiyə ətrafında baş verənlərin fonunda Azərbaycanın da bir sıra zəruri addımlar atması gündəmə gəlir.


Təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayıl hesab edir ki, IŞID Azərbaycan üçün ciddi təhlükəyə çevrilə bilər. I.Ismayılın sözlərinə görə, coğrafi sərhədlər IŞID-ə Iraqda və Suriyada olduğu kimi sərbəst hərəkət etməyə imkan vermir. Amma IŞID-in tərkibində vuruşan azərbaycanlıların ölkəyə geri dönməsi və burada vəziyyəti qəlizləşdirmək mümkündür: “Dövlətin ən ciddi tədbirləri IŞID-ə qarşı görülməlidir. Mənə elə gəlir ki, MTN-in bu istiqamətdə uğurları var. Amma IŞID-ə qarşı addımlar təkcə sərhədi keçən azərbaycanlıların saxlanılması ilə kifayətləndirilməlidir. Təhlükəsizlik tədbirləri genişləndirilməli və Ankara ilə geniş əməkdaşlıq edilməlidir. Bu həm Azərbaycanın, həm də Türkiyənin maraqlarına uyğundur”.
PKK ilə bağlı təhlükəyə gəlincə, I.Ismayıl bildirdi ki, hazırda bu təşkilatın fəaliyyəti o qədər də güclü deyil. Çünki iki dövlət arasında olan razılaşmaya görə, PKK ilə bağlı ciddi addımlar atılıb.

Xəyal