Hikmət Hacızadə: «Ermənistan demokratikləşmə sahəsində uğur əldə edərsə, bu, avtomatik Qarabağ məsələsində onlara müsbət dividendlər verəcək»
Qarabağ probleminin həllini uzadan faktorlardan biri də hər iki ölkədə avtoritar hakimiyyətin mövcudluğudur. Elə bu üzdən ekspertlər belə hesab edir ki, demokratikləşmə istiqamətində ilk irəliyə addım atan münaqişə tərəfi problemin həllində özü üçün üstünlüyü təmin edəcək.
Sərkisyan rejimi nümayiş etdirdi ki, vətəndaşla razılaşmaq zəruridir. Etiraz aksiyası keçirən minlərlə erməni vətəndaşına heç bir təzyiq göstərilmədi, aksiya iştirakçılarına “vətən xaini”, “xarici dairələrin agenti” damğaları yapışdırılmadı və Sərkisyan hakimiyyəti baş verənlərdə Avropanı ittiham etmədi. Əksinə, vətəndaşa zor tətbiq etmiş polislərə cinayət işi açıldı, Sərkisyan vətəndaşlara müraciət etdi və problemin həllini vəd verdi. Hazırda isə Ermənistanda yeni Konstitusiya layihəsi hazırlanır. Yeni layihədə ölkədə prezident və parlament seçkilərinin qaydaları dəyişdirilir və seçkilərin proporsional sistem əsasında keçirilməsi nəzərdə tutulur. Irəvanda Konstitusiya Islahatları üzrə Ixtisaslaşdırılmış Komissiya tərəfindən əsas qanunun yeni layihəsinin birinci yeddi maddəsi mətbuatda dərc edilib.
Əslində Ermənistanda yaxın zamanlarda keçiriləcək islahatlar Azərbaycandan da tələb olunub. AŞ PA-nın Azərbaycanla bağlı qəbul etdiyi qətnamədə Azərbaycanda dövlət başçısı üzərində parlament nəzarətinin gücləndirilməsinin vacib olduğu vurğulanır. Amma ənənəsinə sadiq qalaraq Azərbaycan hakimiyyəti bu təklifə “yox” deyir.
Belə olan halda hazırda hərbi sahədə torpaqlarımızı işğal etməklə Azərbaycanı üstələyən Ermənistanın demokratikləşmə məsələsində irəliyə getməsi və bizi qabaqlamağı nə vəd edir? Bu Qarabağ probleminin həllinə necə təsir edə bilər?
Politoloq Hikmət Hacızadə bildirdi ki, Ermənistanın demokratikləşməsi Yerevan üçün əlverişli beynəlxalq imic və müəyyən diplomatik şans yaradacaq. Bu isə Qarabağ münaqişəsinin həlli istiqamətində Yerevana əlavə dividendlər vermiş olacaq: “Bu tip addımlar olarsa, Ermənistan demokratikləşmə istiqamətində ciddi addımlar atacaqsa, beynəlxalq aləmə bir mesaj olacaq. Bu isə o anlama gələcək ki, Qərb Yerevanla sıx əməkdaşlıq edə bilər. Bu cür əməkdaşlığın arxasınca isə artıq Yerevana konkret dəstəyin göstərilməsi gəlir. Demokratikləşmə həm ölkənin daxili inkişafı, həm də xarici siyasətdə uğurların əldə olunması baxımından vacibdir. Ona görə Ermənistan demokratikləşmə sahəsində uğur əldə edərsə, bu, avtomatik Qarabağ məsələsində onlara müsbət dividendlər verəcək”.
Xəyal