
Son vaxtlar təzə dəb düşüb. Sözü qurtaran islama hücum edib gündəmə gəlmək istəyir. Bu, aparıcının TV-də “şpaqat” açması kimi şeydi. Bir ay olmaz, miskinlərin ümidi, Qautama Buddanın müridi, demokratiyanın aslanı, “Bişkek”in imzaqoyanı, ADP-nin eks-qaplanı Rəsul Quliyev (Pul ondan razı olsun) yerli KİV-ə müsahibə verib. Demə, bu vücud qeybdən türlü-türlü ismarışlar alırmış. Cənab Quliyev (İSO – İblisin salamı olsun) deyir ki, Quranı Allah göndərməyib, Məhəmməd peyğəmbər yazıb. Amma indi bu din köhnəlib və “reformaların başlanması çox vacibdir”. Daha sonra eks-ADP-çi, nyu-teoloq Quliyev (ilk təkan ondan razı olsun) iddia edir ki, ən yaxşı din buddizmdi, çünki dünyada buddistlər daha çoxdu (alogizm ondan razı olsun). Adam sussaydı, din və tarix sahəsində bu qədər piyada olduğu da sirr olaraq qalardı. Ardınca çox keçmədi bir vaxtlar R.Quliyevi (“Bandotdel” ondan razı olsun) oğru adlandıran Araz Əlizadə (iqtidar ondan razı olsun) bildirdi ki, Quranda bir-birinə zidd ayələr var, ilahi mənşəli deyil. Əlizadə də (Darvin ondan razı olsun) R.Quliyev kimi (Budda hər ikisindən razı olsun) hesab edir ki, ən yaxşı din buddizmdir. “Mən bir il Şərqi Sibirdə, Buryatiyada işləmişəm. Orada çoxlu sayda buddistlər var idi. Deyə bilərəm ki, buddizm ən demokratik bir dindir”.
Sözüm onda deyil. Bu azmış kimi, son 3 gündə “Feysbuk”da iki şair və 1 bəstəkarın 3 iddiası diqqətimi cəlb etdi. Şəxslərinə iradım yoxdu, amma fikirləri əcibədir. I Şair yazır: “Dədə Qorqudun xristian olması daha inandırıcı və safdı, nəinki müsəlman olması… Əski variantda Qazan xan çaxır tuluğunu başına çəkib düşmənə təpilirmiş. Sonrakı yamaq variantında namaz qılıb düşmənə təpilir”. Reallıq isə başqa cürdür: “Ulaş oğlu Salur Qazan içdi-içdi, axırda şərabın təsiri başına vurdu"; “Qızıl qədəhlər-sürahilər düzülmüşdü. Doqquz qara gözlü, göyçək üzlü, saçı arxada düyünlənmiş, köksü qızıl düyməli, əlləri biləyindən xınalı, barmaqları naxışlı, gözəl kafir qızları Qalın Oğuz bəylərinə şərab paylayırdılar". ("Salur Qazanın evinin yağmalandığı boy"). Bəs dəyişmişdilər?
II şair Ramazan bayramında bir şeir yazıb:
“Ey ramazançılar,
qazançılar,
iftarçılar,
zurnaçılar,
xəbəriniz varmi ki,
Dilqəm neçə lldi orucdu,
dua etdinizmi heç?”
Yazıçılar Birliyinin üzvü, yəqin, əvvəlcə Diqəmin sağlığına içib və dindarlara qeyzlənib, sonra “kimsə gümanü zənn ilə həqq ilə olmadı biliş…” misrasını xatırlayıb, qəbahətini anlayıb və yazdığını operativ şəkildə silib.
Bəstəkar da “Kitabi-Dədə Qorqud”dan yazır: “"Kitabi-Dədəm Qorqud"da Uruz sən demə Tanrının birliyinə ümid etməyərək xilasını ağacdan istəyir… "Uruz aydır: “Mərə kafir, aman! Tanrının birliginə yoqdur güman! Qoy məni bu ağacla söyləşəyim…
Məni sana asarlar, götürməgil ağac!
Götürəcək olursañ, yigitligüm səni tutsun, ağac!"[…]
Hamımızın da bildiyimiz kimi Uruz axırda xilas olur”.
Əvvəla, “Tanrının birliyinə yoxdur güman” Allahın təkliyini şübhə altına almaq deyil, “Allahın birliyi şübhə predmeti olmaz” deməkdir və başqa boylarda da işlənir. Məsələn, “Duxa qoca oğlu Dəli Domrulun boyu”nda Dəli Domrul deyir:.
“Mərə Əzrayil, aman! Tanrının birliginə yoqdur güman!”
Dəli Domrul elə həmin epizodda əlavə edir:
Ucalardan ucasan,
Kimsə bilməz necəsən.
Gözəl Tanrı!
Neçə cahillər səni
Göydə arar, yerdə istər.
Sən möminlər könlündəsən.
Sən böyüksən, qüdrətlisən,
Əbədi sirr sahibisən.
Canımı alsan, özün al.
Saniyən, müəllif yazır ki, guya Uruz xilasını ağacdan istəyir və bunda totemizm arayır. Bu fikir də yanlışdır. Uruz sadəcə, vaxt uzadır və axırda ağacı hədələyir:
…Gərək bizim eldə olaydın, ağac!
Qara hindu qullarıma buyuraydım,
Səni para-para doğrayaydılar, ağac!
Mətndən aydın olur, ki, bəstəkarın istəyinə rəğmən, burda ağacı ilahlaşdırmaqdan söhbət belə gedə bilməz. Və Uruzu ağac yox, atası Qazan xan xilas edir.
Göründüyü kimi, bu arkadaşlar da islama qarşı cəbhə açıblar. Amma həmlələrin hamısı uğursuzdur.