Prezidentə məktub
Cənab prezident, çoxdandır sizə məktub yazmırdım. Bunun başlıca səbəblərindən biri məktubların cavabsız qalmasıdır. Maraqsız olur. Sən yazırsan, hansısa məsələni qabardırsan, buna diqqət ayrılmasını istəyirsən, bu yolla bəlkə kiməsə yardım edə biləcəyini düşünürsən, ancaq reaksiya olmur. Belədə ilham pərisi də küsüb gedir… gedir saya salındığı, sözünün eşidildiyi yerə. Ancaq elə hadisələr olur ki, hər şey yaddan çıxır və bir də görürsən yazırsan. Daha cavab almaq səni ilgiləndirmir.
“Azadlıq” radiosu Oğuz rayonunun Xaçmazqışlaq məktəbində Azərbaycan dili və ədəbiyyatından dərs deyən Zeynəb Mahmudova ilə bağlı “Kənd müəllimi: Sinif otağı elə darısqaldı ki, paltarım alışdı” adlı yazı vermişdi. Əksər kənd məktəblərinin günündə olan bu təhsil ocağının, eləcə də müəllimlərin problemlərindən danışılırdı bu yazıda. Avropa Oyunlarının kefini yaşadığınızdan bu yazıdan xəbəriniz olmayıb, yəqin. Imkan tapanda oxumaq pis olmaz. O yazıda, Zeynəb müəllimənin danışdıqlarında çox şey var. Ölkəyə rəhbərlik edən hansı işləri görməlidi, hansı addımları atmalıdı, əhaliyə hansı diqqəti göstərməlidi, kəsəsi, milyonlara örnək olacaq bir insan taleyi.
Həmin müəllimənin dərs dediyi məktəb bərbad gündədir, Allah bilir, ötən əsrin neçənci ilində tikilib. Heç bir şəraiti olmayan belə məktəblər Azərbaycanda çoxdur. Baxmayaraq ki, təkcə sizin prezident olduğunuz bu 12 ildə məktəblərə, onların maddi-texniki bazasının yaxşılaşdırılmasına, təmirinə milyard manatdan çox pul xərclənib. Bununla yanaşı “Regionların sosial-iqtisadi inkişafı” Dövlət proqramı həyata keçirilir, artıq uzun illərdir bu proqramın təbliği sizin üçün prioritet məsələlərdəndir. Hər çıxışınızda bunu xüsusi vurğulayır, əhalinin rifahının, regionların simasının bu proqram sayəsində gündən-günə yaxşılaşdığını deyirsiniz. Cənab prezident! Vaxtınız olanda bu müəllimənin dərs dediyi sinif otağının şəklinə baxın və inkişafla bağlı dediklərinizi bir də yada salın. Deyəsən, bir balaca uyğunsuzluq var.
Yeri gəlmişkən, o gün bir informasiya verdilər; Qusarın Əcəxuroba kəndinə ilk dəfə qaz çəkilib, bilmirəm xəbəriniz oldu, yoxsa yox. Lenti başqası kəsdi, deyəsən. XXI əsrdə, əsrlərdir dünyaya neft-qaz satan ölkədə hələ də qaz görməyən belə kəndlərin sayı yüzlərlədir. Təkcə Qusarla bağlı bu xəbər çox qaranlığa işıq saldı. 90 minə yaxın əhalisi olan Qusarda 1 qəsəbə, 88 kənd var. Əcəxuroba kəndinə qaz verilməsilə bağlı informasiyada rəsmilər bildirirdi: “…Bununla da rayonda qazlaşdırılan yaşayış məntəqələrinin sayı 31-ə çatıb. Hazırda rayonda əhalinin 57 faizi ”mavi yanacaq"dan istifadə edir. Indi? öz aramızdır, siz deyin, o kəndlərin əhalisi sizin milyardlar xərclədiyiniz Avropa Oyunlarından niyə qürur duymalıdı? Havaya buraxdığınız fişənglərə niyə sevinməlidir?
Mətləbdən uzaqlaşmayaq. Konkretləşdirək, yazıda ölkənin ucqar kəndlərinin birində müəllimə işləyən Zeynəb Mahmudova çətinliklərindən danışmışdı. Müəllimə müsahibəsində müalicəsi üçün azı 2 min manata ehtiyacı olduğunu demişdi. Elə bu sözü də böyük rerzonansa səbəb olmuşdu. “Facebook” istifadəçilərindən Cahangir Yusif və Azər Hüseyn Zeynəb Mahmudovaya kömək üçün sosial şəbəkədə ictimai kampaniyaya başlamışdı. Qısa zamanda təşəbbüs dəstək qazanıb və müəyyən qədər vəsait toplanıb, ancaq Zeynəb Mahmudova bu yardımı qəbul etməyib. Bilirsinizmi niyə? O, yardıma yox, dövlətin diqqətinə ehtiyacı, müalicə hüququ olduğunu bildirib. Görürsünüz, hüquqlarını bilən, onun uğrunda mübarizə aparan, əyilməyən belə müəllimlər də var. Yaltaq olmayan, seçki saxtakarlığına qarışmayan, qutuya topa bülleten atmayan, bir sözlə, ləyaqətlə yaşayan…
Sitat: “Radioya açıqlamasında o, fəalların münasibətindən mütəəssir olduğunu, özünün də illik maaşının müəyyən miqdarda ehtiyacı olanlara yardım göstərdiyini dedi. Ancaq onu da əlavə elədi ki, müalicəsi dövlətin imkanlarını aşsaydı, bəlkə də başqalarından yardım istəyərdi: ”Yalnız hansısa həkim müalicəmi qismən ucuz ödənişlə öhdəsinə götürərdisə, buna razı olardım. Ancaq mənim müalicə olunmaq hüququm var. Çünki mən müəlliməyəm. Və tarixən də əsl müəllim olanların özləri xalqa xeyriyyəçilik ediblər, amma nə qədər də çətinə düşsələr, özləri ianə qəbul etməyiblər".
Cənab prezident! Uzağa getməyək. Yasamalda 20 saylı məktəb vardı. Onu sökdürmüsüz, yenidən tikilməsi üçün dövlət büdcəsindən 5 milyon manat ayırmısız. Yaddaşı təzələyək, 2007-ci ildə bu məktəbin təmirinə 1 milyon 950 min manat, 2008-ci ildə isə 245 min manat xərclənib. Bilirsinizmi bu pula kəndlərdə nə qədər məktəb tikmək, yaxud nə qədər məktəbi əsaslı təmir etmək, ya da Zeynəb müəllimə kimi neçə adamı müalicə etdirmək, sağlam həyata qaytarmaq olardı. Ya da Sizin oxuduğunuz 6 saylı məktəbi götürək. Siz burda təhsil aldığınıza görə məktəbə xüsusi diqqət var. Bir neçə il qabaq bu məktəbə baş çəkmişdim, çox gözəl idi, hər şey yerli-yerində, maddi-texniki bazası yüksək səviyyədə, başqa məktəblərlə müqayisəgəlməz dərəcədə gözəl. Ancaq bu gözəllik kimlərisə təmin etmədi və məktəbi özülünə qədər söküb yenidən tikdilər. Təmir və tikintiyə 10 milyon manatdan artıq dövlət vəsaiti xərcləndi. Təxmini hesablama aparsaq, bu iki məktəbə çəkilən xərclə ən azı 15 məktəb tikmək olardı… Tövləni xatırladan məktəblər əvəzinə…
Başağrısı oldu, deyəsən…
Kənd məktəbi
Təmirdən sonra sökülən 20 saylı məktəb
İlham Əliyev 6 saylı məktəbin açılış lentini kəsir