“Ən bahalı kredit faizləri Azərbaycandadır”
Məlum olduğu kimi, Azərbaycanda banklar kredit faizlərini artırıb. Artıq kreditlər manatla illik 35-40%-lə, dollarla isə 35%-lə verilir.
Azərbaycan banklarının verdiyi kreditlər artıq vətəndaşların probleminin həllinə yardım etmək əvəzinə əlavə problemlər yaradır. Son vaxtlar kredit faizlərinin yüksək olması intihar hallarına da gətirib çıxarıb.
Bununla belə hökumət rəsmilər vəziyyətin əhalinin xeyrinə dəyişməsi üçün addım atmaq niyyətində deyil. Baxmayaraq ki, xarici ölkələrin bank sisteminin təhlili ölkədəki faiz dərəcələrinin yüksək olduğunu ortaya çıxarır. Avropa banklarında bu göstərici Azərbaycandan orta hesabla 2-3 dəfə aşağıdır.
Inkişaf etmiş ölkələrdə xüsusilə daşınmaz əmlakın kreditlə alınması adi haldır. Avropa Birliyinə üzv ölkələrdə bu məqsəd üçün verilən kreditlərdə faiz dərəcələri 3-7 arasında dəyişir. Məsələn, Ispaniyada mənzil almaq istəyən şəxs bankdan bu məqsədlə 3-4 faizlə kredit ala bilər. Italiyada eyni məqsəd üçün kreditlər 4,5 faizlə verilir. Almaniya banklarında bu məqsəd üçün 5,5 faizlə kredit almaq olar.
AB-yə üzv olmayan ölkələrin vətəndaşları da Avropa banklarından kredit götürə bilər
Rusiyada Avropa ölkələri ilə müqayisədə faiz dərəcələri yüksək olsa da, Azərbaycanla müqayisədə aşağıdır. Məsələn, Ipoteka kreditlərində bu göstərici 17 faizidr. ABŞ-da 4,5-6 faiz, Kanadada 3-6 faiz, Fransada 3-4 faiz, Yunanıstanda 6 faiz, Portuqaliyada 2-3 faiz, Kiprdə isə 4-5 faizdir. Böyük Britaniyada Ipoteka kreditlərinə görə faiz dərəcələri 2-7 arasında dəyişir. Britaniya banklarından böyük məbləğdə kredit götürmək istəyən şəxslər vəsaiti hansı məqsədlərə sərf edəcəyini açıqlamağa borclu deyil.
Faiz dərəcələrinin aşağı olması inkişaf etmiş ölkələrdə daha çox insanın ipoteka krediti üçün banklara üz tutmasına səbəb olur. Eyni zamanda Avropa Birliyinə üzv olmayan digər ölkələrin vətəndaşları da Avropa banklarından kredit götürmək imkanındadır. Bu zaman da faiz göstəriciləri yüksək olmur. Bu ölkələrdə daşınmaz əmlakı olan əcnəbilərin kredit alması üçün heç bir problem yoxdur. Bunun üçün əlavə sənədlər təqdim etmək də tələb olunmur. Daşınmaz əmlakın sahibi onun dəyərinin 60 faizi həcmində aşağı faizlərlə kredit ala bilər.
İpoteka kreditləri ilə yanaşı istehlak kreditlərinin də faizləri yüksək deyil.
Məsələn, Avropa Birliyi ölkələrində istehlak krediti orta hesabla 7-8 faizlə verilir. Almaniya, Lüksemburq, Finlandiya, Belçika və Fransada dərəcələr müddətindən asılı olaraq 2-7 faiz təşkil edir. ABŞ-da bu göstərici 5 faizdən çox deyil.
5 ildən artıq müddətə götürülən istehlak kreditlərinin faiz dərəcəsi bir qədər də aşağı olur.
Çində 6, Braziliyada 5, Avstraliyada 3, Norveçdə 2-3 faiz ətrafındadır. Rusiyada və Türkiyədə 10 faizədək dərəcəylə istehlak və biznes kreditləri götürmək olur. MDB ölkələrinin çoxunda faizlər 10-20 faiz arasında dəyişir.
Fizzə