Xalqın ucuz kredit almasının qarşısını kəsməyin. Qazancınız qismən azalacaq, olmazmı? Bəs agenturanız təkrarlayır ki, “yeyib doymusunuz”, düz demirlər?
Avropa Oyunlarından sonraya vəd olunmuş sürpriz çox güman ki, bu imiş. Banklar kredit faizlərini artırdılar. “Bank of Baku”da kreditlər manatla illik 35-39%-lə, dollarla isə 34-38%-lə verilir. “Unibank”da isə manatla kreditlər 32%-dən 40%-ə qədər, dollarla kreditlər isə 26-28%-dən 35%-ə bahalaşıb. Digər banklarda da oxşar vəziyyətdir. Hələ vəziyyət getdikcə daha da pisləşəcək.
Neftin qiyməti düşməkdə, rezervlər tükənməkdə, xarici borclar artmaqda, iş yerləri azalmaqda davam edir. Vaxtaşırı çağırışlarımıza rəğmən hakimiyyət sosial-iqtisadi böhrandan çıxmaq üçün heç bir addım atmır.
Yaxşı, onu başa düşdük ki, korrupsiyaya, monopoliyaya qarşı mübarizə sizlik deyil. Üstündə oturduğunuz budağı kəsə bilmirsiniz. Müstəqil məhkəmə formalaşdırmaq, ölkəni xarici sərmayələr üçün cəlbedici etmək, azad rəqabət mühüti yaratmaq və bu qəbildən olan digər ciddi islahatlar da sizlik deyil. Heç olmazsa, bircə sadə addım atın. Yazıqdır bu xalq. Banklarınız faiz adı altında artıq xalqın ev-eşiyini də əlindən alır. İmkan verin, dünyanın böyük bankları Azərbaycana gəlsin, xalqa illik 5-7 faizlə kredit versin. Xalq bir az özünə gəlsin. İnanın ki, təkcə ölkədə ucuz kreditlərə imkan yaradılsa, hətta bu şəraitdə də insanlarımız xeyli problemini həll edər. Qeyri-neft sektorunu da hökumətsiz, özləri inkişaf etdirər. Bircə bank zülmünü dayandırın, xalqın ucuz kredit almasının qarşısını kəsməyin.
Edə bilərsiniz? 22 ildə oğurladığınız, topladığınız sərvətlər bəs deyil? Yenə də korrupsiya, monopoliya, rüşvət pramidası milyardları toplayıb, gətirəcək sizə. Bircə bank sektorunda qazancınız qimən azalacaq. Olmazmı? Bəs agenturanız hər yerdə tutuquşu kimi təkrarlayır ki, siz “yeyib doymusunuz”, düz demirlər?