Sabir Rüstəmxanlı: «İran axıra kimi bu milləti əzəcək, biz də baxacağıq»
“Iran Islam Respublikasında 35 milyon azərbaycanlının hüquqları hər gün pozulur. Hər gün dar ağacından asılanlar var. Azərbaycanlılar öz övladlarına ana dilində ad qoya bilmirlər”. Bunu DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı Dünya Azərbaycanlılarının Qurultayının ikinci iş günündə çıxışında deyib(APA).
DAK həmsədri kimi dünyada yaşayan 50 milyonluq Azərbaycan xalqı adından danışdığını deyən S.Rüstəmxanlı Iran dövlətinin orada yaşayan azərbaycanlılara qarşı siyasətini kəskin tənqid edib: “Iran axıra kimi bu milləti əzəcək, biz də baxacağıq”. DAK Isveçdə, Ukraynada, Rusiyada qeydiyyatdan keçib. Amma Azərbaycanda DAK-ı qeydiyyatdan keçirmirlər. Nə var ki, Iran kimi terrorçu dövlətdən qorxuruq”.
DAK həmsədri tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanova da iradlarını bildirib. Deputat xaricdə yaşayan azərbaycanlıların ana dilində təhsil almaları üçün Azərbaycanda təhsil telekanalının açılmasının, teletəhsil verilməsinin vacibliyini vurğulayıb. S.Rüstəmxanlı ölkə qanunvericiliyində Azərbaycanda təhsil almaq istəyən xaricdə yaşayan azərbaycanlılar üçün güzəştlərin tətbiq edilməsi barədə qeydin olmasını vacib saydığını da qeyd edib: “Burada farslar daha rahat təhsil alır, nəinki azərbaycanlılar…”.