«Valideynlərim dilemma qarşısında qalıb ki, sosial problemlərimizi həll eləsinlər, yoxsa bizi oxutdursunlar»
Ali məktəblərdə təhsil haqlarının artırılması barədə qərar minlərlə gəncin və onların valideynlərinin narazılığına səbəb olub. Xüsusən, builki abituriyentlər və onların yaxınları məsələyə daha həssas yanaşır. Əvvəla, ödənişlərin məbləği bir neçə dəfə artırılıb. Digər tərəfdən, tələbə adını qazanan abituriyentlər daxil olduqları ali məktəblərə qısa müddətdə sənədlərini və ödənişi tam şəkildə təqdim etməlidir. Yuxarı kurs tələbələri təhsil haqqını dərs ili ərzində hissə-hissə ödəsələr də, məbləğin artırılması onların da narazılığını və narahatlığını artırıb.
Paytaxt sakinlərilə bu mövzu ətrafında söhbətləşib onların da fikirlərini öyrənmək qərarına gəldik. Bir tələbə tənqidi fikirlərinə görə təhsil aldığı ali məktəbdən qovulmaq təhlükəsi üzündən adının çəkilməsini istəməsə də, onu narazı salan məqamlardan danışdı: “Oxumaq həvəsi insana nə qədər stimul verirsə, problemlər də bir o qədər həvəsdən salır. Doğrusu, təhsil haqqını böyük çətinliklə ödəyirəm, eyni zamanda da təhsilin keyfiyyəti məni qane etmir. Ixtisasımı mükəmməl öyrənmək istəsəm də, tədris səviyyəsi buna imkan vermir”.
Başqa bir tələbə Eşqin Qasımov deyir ki, Azərbaycanda maaşlarla qiymətlər bir-birinə adekvat deyil: “Mənim təhsil haqqım 900 manatdır, üstəlik bacım da bu il qəbul imtahanlarına hazırlaşır. Hələ üstəlik mən Bakıda kirayə qalıram, gündəlik nəqliyyat və dolanışıq xərci də var. Ailəmizin aylıq gəliri isə cəmi 300 manatdır. Belə olan halda, bizim ailədəki vəziyyəti təsəvvür etmək çətin deyil. Valideynlər dilemma qarşısında qalır ki, sosial problemlərimizi həll eləsinlər, yoxsa bizi oxutdursunlar. Valideynlərimə kömək məqsədilə yay aylarında işləyirəm. Amma nə fayda? Çünki yay aylarının da kirayə pulunu ödəyirəm. Eşitdiyimə görə, ”təhsil krediti” deyilən bir layihə var ki, tələbəyə işləməyə və təhsil haqqını ödəməyə imkan yaradır. Hardadır o imkan? Təhsilin səviyyəsi aşağı olduğundan və son nəticədə ali məktəblərdə mükəmməl kadr kimi yetişmədiyimizdən özəl sektorda bizi işə götürməkdə maraqlı olmurlar. Büdcə təşkilatlarında verilən maaşlar isə bu krediti ödəməyə yetməz. Bəs biz bu problemlərin müqabilində nə etməliyik? Bəzən elə olur ki, universitetdən imtina etmək həddinə çatıram. Amma nə etməli, oxumalıyam axı. Ən azı, bu günə kimi çəkdiyim əziyyətə görə…”
“Oxuyanlar da fəhləlik edirlər”
Paytaxt sakini Sona xanım deyir ki, çətinliklə də olsa, böyük övladını oxutdurub. 4 il ərzində universitetə 3 min 600 manat pul ödəyib. “Sonu nə oldu? Verdikləri təhsilin və ya işsizliyin nəticəsidir ki, övladım hazırda fəhlə işləyir. Yüksək təhsil haqqı alınırsa, bunun müqabilində yüksək keyfiyyətli də təhsil verilməlidir. Təəssüf ki, bunu görə bilmirik”, – deyə Sona xanım gileylənir.
“3 min manata gücümüz çatmır”
Paytaxt sakinlərilə söhbətdən o da məlum oldu ki, təhsil haqqının artırılması bir çoxlarını oxumaqdan çəkindirib. Məsələn, Səfər adlı gənc deyir ki, təhsil almağa imkanının olmaması onu oxumaq fikrindən də daşındırıb: “Fikirləşirəm ki, hətta borc-xərc illik təhsil haqqını ödəsəm də, universitetlərin daxilindəki qeyri-rəsmi ödənişlərin öhdəsindən gələ bilmərəm. Ona görə də ali təhsil almaq barədə fikirləşib beynimi yormaq istəmirəm”.
Ali məktəbə qəbul olmaq üçün imtahan verməyə hazırlaşan Arzu Məmmədova deyir ki, ürəyi istədiyi fakültədə ödənişsiz təhsil almaq üçün yüksək bal toplaya bilməsə, həmin fakültənin ödənişlisindənsə, başqa bir ixtisas üzrə ödənişsiz təhsil almağa üstünlük verəcək. Çünki istədiyi fakültədə illik təhsil haqqı 3 min manatdır.
Röya Hüseynli