Saxta rəy sorğusu nəyə xidmət edir?
Etiraf edək ki, Azərbaycan hakimiyyəti heç vaxt indiki qədər dalana dirənməyib. Uzun illər neft-qaz sədaları altında rəqs edən hökumətimizin “musiqi”si kəsilib. Bu gün bütün dünya Azərbaycan hakimiyyətinin yaratdığı eybəcərlikdən danışır. Artıq real vəziyyəti gizlətmək, yalanlara həqiqət donu geyindirmək mümkün deyil. Demək olar ki, hakimiyyətin beynəlxalq aləmdəki nüfuzu sıfırlanıb və özünə hörmət edən heç bir ölkə Azərbaycan hakimiyyətini eitbarlı tərəfdaş saymır. Xüsusilə, Avropa Oyunları ərəfəsində baş verənlər göstərdi ki, bu hakimiyyətlə əməkdaşlığa Qərb ölkələri nəinki önəm vermir, üstəlik, hakimiyyəti boykot edirlər. Hakimiyyət mətbuatının, telekanalların təbliğat tezisləri də təsdiqləyir ki, dünya Əliyev hakimiyətindən üz döndərib.
Belə bir vəziyyətdə hakimiyyətin təşvişi başadüşüləndir. Çünki, xarici siyasətin ifşası baş verib və analoqsuz inkişafın nağıl olduğu üzə çıxıb.
Çıxış yolu kimi hakimiyyət yenə də “saman çöpü”ndən yapışıb. Belə ki, hakimiyyətyönlü “Rəy” Monitorinq Mərkəzi rəy sorğusu keçirib və nəticələri açıqlayıb. Monitorinq Mərkəzindən bildiriblər ki, cavablar göstərir ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam əksəriyyəti, yəni 87,3%-i öz səslərini hazırkı dövlət başçısı Ilham Əliyevə verərdi. “Ilham Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi”ÿsualına respondentlərin 83%-ə yaxını “bəli cavabını verib.
Bizi təəccübləndirən rəy sorğusunun nəticələri deyil. Çünki, bu ölkədə sorğuların necə keçirildiyi hər kəsə məlumdur. Seçki qutularından uduzmuş nazmidələrin qələbəsi çıxdığı kimi, rəy sorğularında da həmişə Ilham Əliyevin 90 faizlik üstünlüyü çıxır.
Təəccüblü burasıdır ki, indiki vəziyyətdə belə bir sorğunun keçirilməsinə nə ehtiyac var idi? Prezident seçkilərinə 3 il vaxt qaldığı halda prezidentə 87 faiz səs yazmaq zərurəti hardan yaranıb? Ümumi mənzərəni nəzərdən keçirəndə isə təəccübə əsas qalmır. Məlum olur ki, baş verənlər Ilham Əliyev və komandasının qorxusundan doğur.
Birincisi, yuxarıda qeyd etdiyimiz kimi Ilham Əliyevin beynəlxalq dayaqlarını itirdiyi açıq şəkildə ifadə olunur. Ilham Əliyev başa düşür ki, budəfəki münasibəti kürü ilə, enerji şantajı ilə dəyişmək mümkün olmayacaq. Onu da başa düşür ki, təzyiqlər daha açıq müstəviyə keçəcək və hakimiyətin üstündən xətt çəkiləcək. Ona görə də belə rəy sorğuları keçirib “xalq məni sevir” mesajını vermək istəyir. Ən azı ona nail olmaq istəyir ki, Qərb hakimiyyətə qarşı təzyiqlərə fasilə vesin və hələ vəziyyətin yetişmədiyi qənaəti formalaşsın.
Ikincisi, bu saxta rəy sorğuları daxildəki vəziyyəti stabilləşdirmək üçün gündəmə gətirilib. Yəni Ilham Əliyev də hiss edir ki, antiQərb kampaniyası və dünya nəhənglərinin etimadını itirmək komanda daxilində də müəyyən çaşqınlıq, ruhdandüşmə, mərkəzdənqaçma yarada bilər. Rəy sorğusunun 87 faizlik nəticəsi ilə göstəmək istəyir ki, daxildə vəziyyət yaxşıdır və bütün çətinliklərə baxmayaraq xalq prezidenti dəstəkləyir.
Bu gedişin hansısa effekt verəcəyi real görünmür. Əvvəla ona görə ki, hakimiyyətin aşağı eşalonu da cəmiyyətin hakimiyyətə münasibətindən xəbərdardı. Son zamanlar baş verənlər isə hakimiyyəti dəstəkləmək üçün hər hansı əsas yaratmır. Getdikcə əhalinin sosial vəziyyəti ağırlaşır, valyuta ehtiyatları azalır və hakimiyyət bütün boşluqları vətəndaşın istimarı hesabına doldurmaq istəmir. Eyni zamanda beynəlxalq aləm də ölkə daxilindəki vəziyyəti dəqiq bilir və heç bir parametr üzrə hakimiyyətin cazibədarlığının qalmadığını görür.
Sadəcə olaraq hakimiyyət isterik vəziyyətdədir və Ilham Əliyev başa düşür ki, kürsüsünə təhlükə yaranıb. Təsəvvür edin ki, Avropa Oyunlarına ev sahibliyi edən ölkənin prezidenti Avropanın qarşısına 87 faizlik nəticə ilə çıxır. Hansı sivil ölkədə belə faiz göstəricisi ola bilər? Avropanın ən varlı ölkələrində belə hakimiyyətlər 60 faiz səs toplaya bilmir. Yəni bu rəy sorğusunun nəticəsi də avtoritar idarəçiliyin mövcudluğundan xəbər verir.
Bir sözlə, Əliyev qorxusunu rəy sorğusunun arxasında gizlətmək istəyir.
Akif