Səadət Cahangir
Bizimkilərin bir marka xəstəliyi var. Hələ bilmirəm buna marka demək olar, ya yox. Yəni bir insanın əlində böyük imkanlar varsa, gərəkdir elə mütləq xarici, bahalı, üstündə xüsusi etiketi olan məhsullardan istifadə etsin? Üstəlik, o imkanlar da başqalarının haqqından, əməyindən çalınmış ola… Normal ölkələrin çoxunda bu aludəçiliyə görməmişlik, meşşanlıq kimi baxırlar. Söhbət təkcə dəbdən və geyimdən getmir, təbii. Gündəlik həyatın hər anını o “marka” ilə rəngləmək hərisliyi ilə bağlıdır məsələ…
Bu mövzunun hüdudları xeyli genişdir, xüsusən yaşadığımız ölkədə. Çoxunuz paytaxtın mərkəzi küçələrində dünyanın ən məşhur firmalarını təqdim edən mağazaların yanından keçirsiniz hər gün. Əslində, o mağazaların yanından keçə bilərsiniz elə. Qapısına toxunsanız, qiymətlər əlinizi yandırar. Əhalisinin üçdə ikisi yoxsulluq həddində çapalayan bir ölkənin on minlərlə dəyəri olan geyimlər satılan paytaxtında yaşayırıq. Onları alıb-satan kimdir, məlum. Artıq bu ölkədə çuvalda gizlədəcək bir şey də qalmayıb. Hər şeyin sahibi də, yoxsulu da ortada. Ancaq dediyim kimi, məsələ təkcə geyimlə bitsəydi, nə dərd idi ki…
Söhbət şəhərin süni yaşıllaşdırılmasından, bayağı dekorativ elementlərlə bəzədilməsindən, zövqsüz şəkildə modernləşdirilməsindən gedir. Allah xatirinə, ətək-ətək pul töküb uzaq ölkələrdən əcaib ağaclar, qanqallar, kaktuslar və ya bahalı çiçəklər gətirməyə dəyərmi? Bu qədər israfçılığın və bədxərcliyin adı nədir ki? Xatırlayırsınızsa, bir-iki il əvvəl dekorativ sintetik ağacları və “yolka işıqları”nı doldurmuşdular şəhərə. Hələ paytaxtın suvarma işlərinə baxan işçilərə də göstəriş verilmişdi ki, o sintetik ağacları vaxtaşırı sulasınlar. Səbəbini bilmirəm, amma bu adamların da sintetikanın göyərməyəcəyi gerçəyini anlamayacaq qədər küt olduğuna inanmaq istəmirəm.
Açığı, bu məsələləri dünən qəzetdə Bakı bulvarının qərib baobabları haqqında yazını oxuduqdan sonra təkrar xatırladım. Yaşam şərtləri Afrikanın quraq savannaları üçün tipik olan o yazıq ağacları gətirib burada işgəncəyə məruz qoymağın adı nədir, bilən varmı? Axı mütəxəssislər açıqca xəbərdarlıq edir ki, o ağacların Bakı küləyinə davam gətirməsi çətin məsələdir. 30-40 min xərcləyib onları Afrikadan bura sürüyüb gətirmək, qışda sellafona büküb, yazda üstündə titrəmək hansı həvəsdən qaynaqlanır, heyrət! Onların beşdən birinin tuta biləcəyi ehtimalına bu qədər zəhmət verməyə dəyərmi? Nə gözəl olardı, o baobablara göstərilən qayğı canlı insanlara əsirgənməsəydi bu məmləkətdə! Kimsəyə sirr deyil ki, hər il böyük pullar xərclənib uzaq ölkələrdən gətirilən nə qədər ağac quruyub gedir beləcə. Çünki hər kəsin və hər şeyin həyat şərtləri öz mühitinə, öz yerinə, öz iqliminə uyğun kodlaşır. O kodları dağıda bilməzsiniz. Hər şeyi məcburən öz anormal istəklərinizə tabe etdirə bilməzsiniz. Zorla gözəllik olmaz, ay ağıl yiyələri!
Normal ölkələrdə marka hərisliyinə niyə yaxşı baxmırlar, bilirsiniz? Çünki bu hərislik zamanla o adamların çevrəsinə, mühitinə, yaşadığı yerin insanlarına münasibətini dəyişir. Bu hərislik bir ölkənin milyardlarını götürüb, onu mütləq mənada başqa ölkənin məhsullarına xərcləmək ehtirası yaradır həmin adamların düşüncəsində. Həmin o adamların nəinki qarderobunda, məişətində, süfrəsində, məclisində belə “marka” aludəçiliyinin hökm sürdüyündən xəbərdarıq. Hökumətin yüksək pillələrində yer alan şəxslərin ev xidmətçisi statusunda xarici ölkələrdən işçi qüvvəsi gətirdiyi haqda yazılanları xatırlayırsınız, hər halda. Bu, adi şəkildə marka həvəskarlığı da deyil heç, olsa-olsa bir yarımçıqlıq kompleksidir.