Gültəkin Hacıbəyli: «Bu koalisiyaya getməklə AKP və Ərdoğan «Türkiyənin APK-siz yönəldilə bilməyəcəyi» mesajını vermək istəyir»
Türkiyədə keçirilən son parlament seçkilərinin nəticələri bir müddətdir ki, ölkədə siyasi böhranın hökm sürməsinə səbəb olub. Seçkidə yetərli səs ala bilməyən AKP səs faizinə görə ondan sonra gələn partiyaların biri ilə – CHP, MHP və ya HDP ilə koalisiya qurmalı idi. Koalisiya qurulmayacağı təqdirdə isə 45 gün ərzində təkrar seçkiyə gedilməli idi.
Ötən müddət ərzində mətbuatda bir neçə koalisiya variantı gündəmə gətirilib. Proqnozlaşdırıldığı kimi, iqtidarı AKP və MHP birlikdə təşkil edəcək. Artıq bu istiqamətdə müəyyən razılaşmalar da var. Razılaşmaya əsasən, qurulacaq koalisyon hökumətdə 8 nazirlik MHP-yə həvalə olunacaq.
Böyük Millət Məclisinin sədri MHP-dən olacaq.ÿMHP-yə veriləcək nazir postlarından ikisi baş nazirin müavini, biri Xarici Işlər Nazirliyi, biri Daxili Işlər Nazirliyi, biri Iqtisadiyyat Nazirliyidir. MHP-nin XIN rəhbərliyinə Əkmələddin Ihsanoğlunu, DIN rəhbərliyinə Murat Başesgioğlunu, Iqtisadiyyat Nazirliyinə Durmuş Yılmazı təklif etdiyi bildirilir.
Bəs, AKP-MHP koalisiyası Türkiyə üçün nə vəd edir? Bu birlik nə qədər uzunmüddətli ola bilər? Koalisiyon hökumət Türkiyənin xarici siyasəti üçün nə deməkdir?
Mövzu ilə bağlı sualları bundan əvvəl mətbuata açıqlamasında məhz AKP-MHP koalisiyasını mümkün sayan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyliyə ünvanladıq. G.Hacıbəyli hesab edir ki, AKP-MHP birliyi uzunmüddətli olmayacaq. Əslində bu birliyə imza atarkən AKP-nin bunun fərqində olduğunu deyən G.Hacıbəyli qeyd etdi ki, görünür, Ərdoğan bu birliyin uzunmüddətli ola bilməyəcəyini proqnozlaşdıraraq, ona imza atıb: “AKP-nin hədəfi təkbaşına iqtidar olmaqdır. Amma son seçkilərdəki səslər bunun üçün yetərli olmadı. AKP sağ mərkəzçi, mühafizəkar partiya olduğu üçün özünə tabanca daha yaxın olan MHP ilə koalisiyaya getməli idi. Amma digər tərəfdən burada çox ciddi suallar yaranır. Çünki MHP çox ciddi nazirliklərə iddialıdır. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, AKP-MHP koalisiyası çox ciddi məsələni ”kürd açılımını" sual altına aldı. Bu məsələ AKP-nin siyasətində ciddi açar məqam idi".
Uzun müddətdən sonra türk millətçilərinin hakimiyyətdə təmsil olunmasının sevindirici hal olduğunu deyən G.Hacıbəylinin sözlərinə görə, arzulanan odur ki, onlar düzgün addımlar atıb, düzgün qərarlar qəbul etsinlər. “Amma təəssüflər ki, MHP iqtidarı bir çox məqamlarına görə zamanla uyğunlaşmır. Bu mənada Ərdoğan daha praqmatikdir, onun manevr imkanları daha çoxdur. Düşünürəm ki, bu koalisiyaya getməklə AKP və Ərdoğan ”Türkiyənin APK-siz yönəldilə bilməyəcəyi" mesajını vermək istəyir. Mənə elə gəlir ki, XIN-in və parlamentin MHP-yə buraxılmağı buna xidmət edir. Yəni “biz əlimizdən gələni etdik, alınmadı”.
Xəyal