Oqtay Haqverdiyev: «Buna gedilsə rus rublunun aqibəti baş verə bilər»
Asiya Inkişaf Bankının (ADB) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono manatın məzənnəsini bazarın tənzimləməsinə sərbəst buraxmağın mümkün olduğunu bildirib. Onun fikrincə, bu, ilk devalvasiya olduğu üçün sonra, sözsüz ki, daha bir devalvasiya ola bilər.
Bu isə bir problemin iki dəfə yaşanması deməkdir: “Ancaq vəziyyəti bazara həvalə edəndə, şok bir dəfə yaşanır və bir müddət sonra iqtisadi inkişafa nail olunur. Lakin bu məsələnin başqa tərəfi də var – Azərbaycanın maliyyə sektorunun bu təzyiqə hazır olması məsələsi çox önəmlidir. Məzənnənin birdən-birə sərbəst buraxılması fərqli bir nəticələrə səbəb ola bilərdi. Bəzən maliyyə sektoru bu şokun təsirindən 1-3 ilə özünə gəlir, bəzən isə bərpa prosesi 7-8 il davam edir”.
Iqtisadçı-ekspert Oqtay Haqverdiyev söyləyir ki, manatın sərbəst buraxılması məzənnənin dollarla nisbətdə 5 manata kimi qalxması demək olardı. Yəni 1 dolların 5 manata kimi olması mümkün olan hadisə idi. Asiya Inkişaf Bankı nümayəndəsinin dediklərinin yeni bir şey olmadığını deyən ekspert, məsələnin belə alınmaması üçün Mərkəzi Bankın məzənnəni tənzimlədiyini bildirir:
“Həmin vəziyyətə düşmək olduqca çətin vəziyyətə gətirə bilər. Çünki əhalinin həyat səviyyəsi çox aşağıdır. Manatın bu həddə gəlib çıxması sosial sıçrayışa səbəb ola bilər. Ona görə də neçə illərdir manatı güclü saxlayırdılar. Amma devalvasiyadan sonra manat dollarla demək olar ki eyni həddədir. Manatı sərbəst şəkildə buraxmaq olmaz. Ölkənin sosial siyasəti buna imkan vermir. Iqtisadi teoriyaya gələndə isə buna getmək mümkündür. Valyuta bazarında manatın qiyməti nə qədər olmalıdırsa, onu göstərməlidir. Rusiya rublundakı məlum təcrübəni misal göstərmək olar. Bizdə də manat sərbst buraxılsa həmin vəziyyət alınacaq. Lakin ölkədə əhalinin sosial-iqtisadi vəziyyəti aşağı olduğu üçün bunu etmək müsbət nəticə verməz”.
Nigar