O`Kamil
“Qansoran” deyəndə ilk öncə ağlımıza ağcaqanadlar, zəli və yaramaz məmurlar gəlir. Müşahidələrimiz göstərir ki, insanlar bəzən onları qarışdırır. Məsələn, adam görmüşəm ki, blokda “pif-paf” yandırır. Səbəbini soruşanda deyib ki, məmurlar gəlməsin deyə belə edir. Bəzi adamlar isə şirin sututarlara girərkən çəkinir: “Birdən məmur olar, yapışar. Deyirlər, doymamış onları qoparmaq olmur. Başını qoparmasan, xeyri yoxdur”. Arkadaşlar, bunlar fərqli canlılardır.
Öncə ağcaqanadlar haqqında
Bu qansoranlar yay-payızda daha fəal olur. Bir də görürsən qulağımıza həzin bir səs gəlir: «əmi-əmi» (və ya «vızz»). Bunlar ağcaqanadlardır. Azərbaycan Sovet Ensiklopediyasında oxuyuruq: «Ağcaqanadlar ikiqanadlıların uzunbığlılar yarımdəstəsinin bir fəsiləsidir. Ağız orqanı xortum şəklində, sancıb-soran tiplidir. Bığları on beş buğumludur. Dişiləri heyvan və insanların qanını sorur. Ağcaqanadların anophheles maculipenis, anopheles plumbeus, anopheles hircanus və s. növləri malyariyanı, aedes aegupti sarı qızdırmanı, aedes vexans tulyaremiyanı, culex piriens, aedes caponicus və s. yapon ensefaliti törədicilərini yoluxdurur».
Vampir məmurlar insanların və digər canlıların ektoparazitidir
Yaramaz məmurlara gəlincə (onlara qısaca “yamur” da deyirlər), onların bədənləri bir çox hallarda yuvarlaq olur. El arasında işlənən “ortasına örkən dolanmır”, “eni ilə uzunu birdir” kimi ifadələr onların zahirini adekvat xarakterizə edir. Bu məxluqların çənə əzələləri və həzm orqanı çox inkişaf edib. Memuris-azerikus növü ildə bir dəfə balalayır. Övladları parazit və qudurğan həyat keçirir, əsasən insan qanı ilə qidalanır. Memuris-azerikus gündə, adətən, 3 dəfə, amma çox güclü qidalanır. Naharları 2-3 saat çəkir, bundan sonra bir neçə saat həzm prosesi gedir. Bu vaxt onlar fil balası udmuş piton kimi hərəkətsiz olur, şüurları sönür. Həmin vaxt onlara yaxınlaşmaq məsləhət deyil. Bu parazitlərin bəziləri yatarkən elə xoruldayır ki, ətrafdakı avtomobillərin siqnalizasiyası işə düşür, it və pişiklər vahimə ilə ərazini tərk edir. Memuris-azerikus ovları hipnoz etmək üçün zəhrimar deyilən maddə ifraz edir. Yamurlar buqələmunlara daha yaxındır. Dəyişən situasiyalara çox diribaşlıqla adaptasiya olunur.
Zəlilər əsasən şirin sularda olur
Zəlilər bir çox canlıların ektoparazitidir. Bədənləri bir çox hallarda yastı olur, baş nahiyəsini bədəndən ayırmaq çətindir. Əsasən dəri vasitəsilə nəfəs alırlar. Zəlilər onurğasızdır. Onların iki ədəd kutikula ilə örtülü kəsici dişcikləri var. Zəli parazitlik edərkən, qanı sorarkən onun diçciklərinin yeri üçbucaq formasında olur. İki yarımdairə çinədanı var. Zəli bir çox xəstəlikləri sağaldır. Tüpürcəyində olan hirudin fermenti tromblaşma, qan laxtalanması və s. kimi xəstəliklərin müalicəsində müsbət rol oynayır.
Məmur, zəli və ağcaqanadların fərqi nədədir:
1. Zəlilər xarab qanı, ağcaqanadlar hamısını, yamurlar təmiz qanı sorur.
2. Ağcaqanadların dişisi, zəlilərin hamısı, yamurların isə daha çox erkəyi qan sorur.
3.Ağcaqanadlar insanın canı ağrımasın deyə əvvəlcə neştərini sancacağı yeri lokal anesteziya edir, məmur verdiyi əzabdan zövq alır.
4. Ağcaqanadlar lazım olan qanı sorandan sonra beyinə siqnal gedir və o, neştəri çıxarıb rədd olur. Məmurun mədəsi isə “bezrazmerdi”.
5. Ağcaqanadları “pif-paf”la qovmaq, miçətkənlə onların şərindən qorunmaq olar. Bu vasitələr məmurlara qarşı təsirsizdir.
6. Ağcaqanadlar yumurtaladığı dövrdə protein almaq üçün qan sorur, məmur fürsət düşən kimi, il boyu.
7. Ağcaqanadlar 1-2 ay yaşayır, məmurlar işdən qovulana və ya həbs edilənə qədər.
8. Ağcaqanadlar qanı sormazdan öncə nəğmə oxuyur, məmurlar qanı sorandan sonra… Zəlilər səs çıxarmır.
9. Ağcaqanadlar uçur və yeriyir, zəlilər üzür və sürünür, məmurlar yeriyir və süründürür.
10 Ağcaqanadların başı bədəninin 5-də biri, məmurun başı bədəninin 75-də biri qədərdir.
11. Ağcaqanadlar və zəlilər qanı kapillyarlardan, yamurlar birbaşa aorta və venadan sorur.
12. Quranda ağcaqanadların adı (daha dəqiq desək, dişi ağcaqanadların (bəudat) – Bəqərə surəsi, ayə 26)) Allahın əsəri kimi pozitiv fonda, qaniçən məmurların adı cəhənnəmliklər sırasında çəkilir.