Biz sənə istinad edəcəyik, Elvin

Şəmistan Həzi

Sözün bitdiyi yer! Bəli, yazımın ilk cümləsində sözün bitdiyini vurğulamağım sizə təəccüblü görünə bilər. Ancaq hər bir son, yeni başlanğıc deməkdir. Elvin Abudullayev yeni, ancaq heç də yad olmayan bir həyata başladı. Siyasi məhbus həyatı! Azərbaycan hakimiyyəti zəifliyini, acizliyini Elvin Abdullayevi şərləyib 6-il cəza verməklə bir daha etiraf etdi. Elvinin yaradılışı, mövcudluğu mübarizə üçündür.

O, gənc yaşında xalqına, millətinə layiqli xidmətin nümunəsini yardan gəncdir. Bəzən onunla hansısa məhkəmədə qarşılaşanda söhbətləşərdik. Mənə  "Bu qəddar rejimdən hər şey gözləmək olar bəy, ehtiyyatlı ol, özünü qoru. Biz bu xalqa azadlıqda lazımıq" deyərdi. Duydular bəy, duydular. Bildilər ki, səni sındırmaq, əzmək olmaz. Daha doğrusu, bunun mümkünsüzlüyünü anladılar. Sənin azadlıqda qalman, hər gün biraz da qıcıqlandırırdı onları. İlk məhkəməndə hakimlərə üzünü çevirəndə, "Akademiyalarında öyrədiblər" dedi hakimlər. Bəli, sən akademiyada çox şeylər öyrəndin. Sənin akademiyan mitinqlər, böyük bir siyasi partiya, məhkəmələr idi. Bu akademiyadan, doğurdan da savadlı bir akademik kimi, alnıaçıq çıxdın. Azərbaycan hakimiyyətinin “gənclər siyasəti” bu dəfə səni hədəf aldı.

 "Məni rejimin heç bir əzabı qorxutmur" deməyin, bir tarix idi. Gün gələcək, bu tarix dərs vəsaitlərində yer alacaq. O tarixin qəhrəmanlarından biri olmaq nə qədər də xoşdur. Bu gün sənə hökm oxuyan miskin hakimlərin qarşısında məğrur duruşunu, sevincli gözlərini görməmək mümkün deyildi. Bu baxışları, məğrur duruşu sənə hökm oxuyan miskin hakimlər heyəti isə hər kəsdən daha yaxşı hiss edirdi. Sənin gözlərinə baxmaq cəsarətləri olmasa belə. Onlar sənə hökm oxuya bilər, amma heç bir qevvə səni xalqın qəhrəmanı statusundan məhrum edə bilməz. İndi biz də sənə istinad edirik, özümüzə örnək hesab edirik. Necə ki, gənc  tarixçi kimi tarixi unutmadın, tarixdə səni unutmayacaq. Biz isə gediləsi uzun  və şərəfli yolda sənə istinad edəcəyik.

Tarixdə qalmaq üçün, sənin yolunla getmək üçün. Sən gəncliyə nümunə oldun. Buna əminəm, əziz dost. İndi hər bir ana öz övladına dönməzliyi, qorxmazlıqı, cəsarəti aşılayanda səni nümunə göstərə bilər və göstərəcək də. Sən Azərbaycan hökumətini ayaqlayan qəhrəman ananın, qəhrəman övladısan. O ana ki, həbsindən qorxmadı, əzilmədi, həvəsdən düşmədi "Mənim oğlum aslan kimi girib, aslan kimi də çıxacaq" dedi. Allah qapını açsın, əziz dost. Mən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1-iyun qərarına etiraz edirəm və bu qərarı qanunsuz, siyasi sifarişlə çıxarılmış qərar sayıram. Elvin Abdullayevə AZADLIQ.