Elvin Abdullazadənin vəkili gənc fəala qarşı narkotik ittihamının şərləmə olduğunu konkret faktlarla ortaya qoydu
Əli Mehdiyev: «Vəsatətlərdə qaldırdığım məsələlərin heç biri məhkəmə istintaqında tədqiq edilmədi»
“Facebook”da hökumət əleyhinə tənqidi statuslarına görə şərlənərək həbs olunan AXCP Gənclər Komitəsinin üzvü Elvin Abdullazadənin məhkəməsi yekunlaşır. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyilə keçirilən bu proseslə artıq məhkəmə istintaqı tamamlanıb, dövlət ittihamını müdafiə edən prokuror çıxış edərək gənc fəalın 7 il azadlıqdan məhrum edilməsini istəyib. Dünənki məhkəmə iclasında isə Elvin Abdullazadənin vəkili Əli Mehdiyev müdafiə nitqilə çıxış edib.
“Məhkəmənin birtərəfli və yarımçıq apardığı istintaqda tədqiq edilmiş sübutların özünə belə obyektiv hüquqi qiymət verilərsə, Elvin Abdullazadənin belə bir cinayət hərəkəti etmədiyi açıq-aşkar bilinmiş olar”, – deyə vəkil bildirib.
Əli Mehdiyev qeyd edib ki, məhkəmə müdafiə etdiyi şəxsin bəraət almasına gətirib çıxara biləcək vəsatətlərin heç birini təmin etməyib. Bununla da məhkəmə işlə bağlı tam və obyektiv araşdırma aparmayıb: “Vəsatətlərdə qaldırdığım məsələlərin heç biri məhkəmə istintaqında tədqiq edilmədi. Bu səbəbdən məhkəmədə müdafiəsiz vəziyyətdə qalmış olduq”.
Vəkil müdafiə çıxışında bir daha vurğulayıb ki, Elvin Abdullazadə qanunsuz 8 saat saxlandıqdan sonra üzərinə baxış keçirilib, protokol qanunun tələbləri pozulmaqla tərtib olunub, tədqiqat və istintaq orqanı qanunun tələblərini kobud şəkildə pozub: “Baxış keçirilmədiyi, Elvin Abdullazadənin üzərində narkotik olub-olmaması müəyyən edilmədiyi halda, onu narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilmək nə deməkdir?”
Əli Mehdiyev bildirib ki, prosesdə nümayiş olunan videomaterialdaÿElvin Abdullazadənin narkotik vasitəni görən kimi davranışı həmin vasitədən xəbərsiz olduğunu göstərir:
“Həmin maddəni görən zaman Elvin Abdullazadənin şaşqın vəziyyətdə olması və davranışı onun həmin narkotik vasitədən xəbərsiz olmasını təsdiq edir. Elvin Abdullazadənin polis idarəsində 8 saat qanunsuz saxlanması, bu müddət ərzində onun üzərinə baxış keçirilməməsi, təhqiqatçının vəkil dəvət etməsi və vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilməsi onu göstərir ki, Elvinin cibindən narkotik vasitənin çıxacağını Elvindən başqa baxışda iştirak edən digər şəxslər əvvəlcədən bilirmişlər”.
Əli Mehdiyevin sözlərinə görə, guya, Elvinin cibindən narkotik çıxdığını təsdiqləyən hal şahidi Dərgah Quliyevin başqa beş məhkəmə işində də eyni statusda çıxış etməsi də gənc fəala qarşı ittihamın saxtalığını sübut edən faktlardandır.
Vəkil bir daha qeyd edib ki, Elvin Abdullazadənin qanunsuz olaraq narkotik vasitə əldə etməsi və daşıması nə istintaq, nə də məhkəmədə sübuta yetirilib. O, müdafiə etdiyi şəxs barədə bəraət hökmünün çıxarılmasını istəyib.
Daha sonra hakim məhkəmədə son söz demək üçün Elvin Abdullazadəyə müraciət edib. Elvin Abdullazadə çıxışa hazırlaşmaq üçün vaxt istəyib.
Növbəti məhkəmə iclası iyunun 1-nə təyin olunub.
Xatırladaq ki, Elvin Abdullazadə yanvarın 8-də həbs olunub. Ona qarşı CM-nin 234.4.3-cü (külli miqdarda narkotik saxlama, daşıma) maddəsilə ittiham irəli sürülüb. Cinayət işinin materiallarında iddia olunur ki, onun üzərindən 3,2 qram narkotik maddə tapılıb. Lakin Elvin Abdullazadə bəyan edib ki, cibindən aşkarlandığı iddia olunan narkotiki ora elə polis əməkdaşlarının özləri qoyublar.
Qeyd edək ki, Elvin Abdullazadənin adı da siyasi məhbuslar siyahısındadır.
Aytən