«Azərbaycanda qiymətli kağızlar bazarı çox zəif inkişaf edib»
Xəbər verildiyi kimi, Mərkəzi Banka məxsus dövlət qısamüddətli notlarının tədavülünə fasilə verilib. Bu barədə fins.az Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə istinadən xəbər verib. Məlumata görə, Mərkəzi Bankın notlarının sonuncu buraxılışı bu il, aprelin 28-da qeydə alınıb.
Bundan bir gün sonra isə Fond Birjasında hər birinin nominal dəyəri 100 manat olan 50 min not, yəni 5 milyon manatlıq, ümumi məbləği 30 milyon manatlıq, tədavül müddəti 28 gün olan qısamüddətli notlar hərraca çıxarılıb. Amma hərrac zamanı birca üzvləri tərəfindən sifarişlər təqdim olunmadığı üçün satış baş tutmayıb. Bundan sonra AMB not tədavülünü dayandırıb. Yaranmış vəziyyət bu ilin fevral ayında Azərbaycanda manatın kəskin ucuzlaşdırılmasından sonra milli valyutada olan qiymətli kağızlara tələbatın olmaması ilə bağlıdır.
Iqtisadçı-ekspert Oqtay Haqverdiyev söyləyir ki, maliyyə sisteminə nəzər salanda, qiymətli kağızlar bazarı çox zəif bazar hesab edilir. Ekspert ən zəif müəssisələrimizin, strukturlarımızın dövlətə məxsus olduğunu bildirərək konkret bir qurumun timsalında məsələni şərh edir:
“Misal üçün, ”Azərenerji" qapalı tipli səhmdar cəmiyyətdir. Deməli, onun yalnız adı dəyişib. Qurumun səhmləri, maddiyyatı varsa, onun hamısı dövlətin əlindədir. Dövlət ondan necə istəsə, elə də istifadə edəcək. Bunu digər qurumlara da aid etmək olar. Bütün bunlara baxanda bizdə qiymətli kağızlar bazarının çox zəif olduğu görünür. Praktikaya nəzər salaq, büdcədə kəsir olanda dövlətin qarantiyasında olan qiymətli kağızlar buraxılır. Onu da sıradan kimsə deyil, Mərkəzi Bank alır. Yəni kəsiri bağlamaq üçün Mərkəzi Bankdan borc alınır. Bu, hər il olan məsələdir. Məsələnin digər tərəfi odur ki, qiymətli kağızlar bazarında iştirak baxımından digər ölkələrdən, hətta Rusiyadan belə çox geri qalmışıq. Bizim iqtisadiyyatın özü neft-qaz sektorundan asılıdır. Bu da dövlətin əlindədir. Qiymətli kağızlar bazarında islahatlar aparılmalıdır. Elə sektorlar var ki, onlar dövlətin əlində qalmalıdır, amma əksəriyyət, təxminən 70 faiz özəl olmalıdır. Azərbaycanda iqtisadiyyatın 82 faizinin özəl olduğu deyilir. Lakin ticarət, nəqliyyatın 80 faizi, xidmət və digər sektorları sayanda, bizdə təxminən 20 faiz özəl iqtisadiyyat var. Qalan hamısı dövlətin əlindədir".
Nigar