elnurastanbeyli@gmail.com
Tez-tez şikayətlənirik ki, aradan 100-150 il keçib, amma bu ölkədə heç nə dəyişməyib, Mirzə Cəlilin, Sabirin, Axundovun, Haqverdiyevin yazdıqları hələ də aktualdır. Özü də bu cür şikayətlənənlər arasında elə Mirzə Cəlilin, Sabirin, Axundovun, Haqverdiyevin, digər maarifçi yazarlarımızın yaratdıqları qəhrəmanların həyatdakı prototipləri də var. Əcəb işdir, Kefli Isgəndərlər də heç nəyin dəyişmədiyindən gileylənir, Şeyx Nəsrullahlar da.
Formaca, şəkilcə 100-150 il əvvəllə müqayisədə, əlbəttə, çox şey dəyişib. Amma ümumi mənzərə mahiyyətcə, məzmunca nə qədər dəyişib? Bu suala optimist cavab vermək çətindir. Dəyişim varsa da, əmin olun, bu, daha çox pisə doğrudur.
Qeyd dəftərçələrimi vərəqləyirəm və orada bir-biri ilə səsləşən üç ayrı notla rastlaşıram. Elə yuxarıdakı qənaətimi qüvvətləndirən də həmin üç qeyd olur. Sözü daha çox uzatmadan bu üç qeydi sizinlə də paylaşmaq istəyirəm.
***
Birinci qeyd:
1911-ci ildə Nəriman Nərimanovun “Nadir şah” pyesi Naxçıvanda tamaşaya qoyulur. Daha dəqiq desək, bir generalın – Hüseyn xan Naxçıvanskinin evində! Bu həmin Hüseyn xan Naxçıvanski idi ki, Soljenitsın onu “14 avqust” romanında “Peterburq zadəganlarının say-seçmə üzvlərindən ibarət qvardiya süvarilərinin komandanı” kimi təqdim edirdi. O, sonadək rus çarına sadiq olmuşdu, fevral inqilabından (1917) sonra da bu sədaqətinə sadiq qaldığı üçün cəmi iki il sonra bolşeviklər onu güllələmişdi, Aleksandr Nevski monastırının qəbiristanlığında dəfn edilmişdi.
Siz bu gün – aradan 104 il keçdikdən sonra bir azərbaycanlı generalın evini teatr səhnəsinə çevirməsini, ümumiyyətlə, sənətlə, kültürlə hər hansı bağlılığını təsəvvür edirsinizmi?
***
Ikinci qeyd:
“Realnı məktəbdə oxuyarkən hər yay Yusif bəyin ”kontoruna" gedirdim. Yusif bəy bir teatro həvəskarı idi. Yay vaxtı Şuşaya cəm olan kənd müəllimlərinin iştirakı ilə gedən teatroları qabaqca Şahnəzərovun evində, sonra şəhər klubunun zalında verirdilər. Yusif bəy özü teatro təəssübkeşi olub, şagirdlərini də teatro tərəfinə təşviq edirdi və mənim teatroya həvəsim onun təşviqi sayəsində başlanıb getdikcə artdı. Axır vaxtlarda Yusif bəylə aramızda sıxı bir rəfaqət var idi və qocalığına baxmayaraq mənim əsərlərimdən rollar götürüb gözəl oynayırdı", – bu sətirlər Əbdürrəhim bəy Haqverdiyevin, ilk müəllimi Yusif bəy Məlikhaqnəzərov haqqında xatirələrindəndir.
Bu gün müəllim adının seçki saxtakarlığı, fondpulu, süpürgəpulu, tabaşirpulu, lövhəpulu ilə assosiasiya edilərkən, hardasa 120 il əvvəl bir müəllimin aydınlanma adına fədakarlığı, öz şagirdlərini yaradıcılığa, kültürə təşviq etmək üçün göstərdiyi çaba nə qədər qərib və qəribə görünür. Necə deyərlər, haradan haraya?!
***
Üçüncü qeyd:
Həsən bəy Zərdabi onun şeirlərinin xalqın siyasi şüur səviyyəsinin artmasında, mütərəqqi dünyagörüşü mənimsəməsində rolunu yüksək qiymətləndirir, dövrünün şairlərinə onun şeirlərini misal göstərir, onları eyni missiya ilə yazıb-yaratmağa çağırırdı.
Kim idi o? Mir Ağa Mir Mövsüm oğlu. Şəriət bilicisi və təbliğçisi idi. Amma hətta bu da ona Zərdabinin “Əkinçi” qəzetindəki silahdaşlarından birinə çevrilməsinə mane olmamışdı. “Əkinçi”nin bir toplumun yalnız elm, bilgi, təhsil gücü ilə yüksəlişə keçə biləcəyi fikrini müdafiə edir, bu fikrə qahmar çıxan bədii mətnlər yazırdı.
Və aradan 150 ilə yaxın bir zaman keçdikdən sonra bu ölkədə Elmlər Akademiyasının elmi işçisi statusu daşıyanlar mələyin uçma sürətini hesablayır, yerin fırlanmadığı haqqında hansısa ərəb müftisinin fətvasına dəstək verir, görücü Məlahət haqqında kitab yazır, hələ “görkəmli alim” kimi vəsf edilən bir professor çıxıb millətin oyanışını Aşura gününə bağlayır.
***
Bütün bunlardan sonra əlinizi ürəyinizin üstünə qoyun və özünüz qərar verin: doğrudanmı, 100-150 il əvvəllə müqayisədə bu ölkədə heç nə dəyişməyib?
Dəyişibsə də, mahiyyət etibarilə daha çox yaxşıya doğru dəyişib, yoxsa pisə?!