Terrorçu təşkilat Suriya diktatorunu qorumaq məqsədilə Israillə müharibəyə başlaya bilər
Suriyada hakimiyyətə qarşı keçirilən etiraz aksiyalarını silah gücü ilə yatırmağa çalışan Bəşər Əsəd rejiminin terrorçu qruplarla əməkdaşlıq etdiyi, xüsusən də Irana bağlı “Hizbullah” terror şəbəkəsindən dəstək aldığına dair xəbərlər yayılmışdı. Lakin Suriya hakimiyyəti cidd-cəhdlə bu iddiaları təkzib etməyə və gizlətməyə çalışırdı.
Ancaq Türkiyə mətbuatında ötən gün yayılmış məlumatlardan sonra yəqin ki, Əsəd rejiminin terrorçu qruplaşmalarla əlaqələrini inkar etməyə imkanı olmayacaq. Çünki “Hizbullah”a yaxın mənbələr terror təşkilatının Qərbin Suriya diktatoru Bəşər Əsədə qarşı təzyiqlərini azaltmaq məqsədilə Israillə müharibəyə başlayacağını bildirib.
Təşkilata yaxınlığı ilə tanınan Livan rəsmisinin sözlərinə görə, “Hizbullah” Suriyaya müdaxilə etmək fikrində olmasa da, Qərbin Əsədə qarşı təzyiqlərinə seyrçi qalmaq fikrində də deyil.
Bu arada, dünyanın tanınmış 7 yazıçısı – Orxan Pamuk, Umberto Eko, Salman Rüşdi, David Qrossman, Amos Oz, Uole Soyinka və Bernard-Henri Levi BMT Təhlükəsizlik Şurasına müraciət ediblər. Onlar TŞ-nın üzvü olan dövlətləri Suriya hökumətinin öz vətəndaşlarına qarşı təqiblərini pisləməyə, bununla bağlı qətnamə qəbul etməyə çağırıblar.