Hakimiyyətin mövqeyi bütün dünyada ikrahla qarşılanır
Hakimiyyətin birtərəfli informasiya siyasəti, fərqli fikrə düşmən münasibəti, dünyanı aldatmaq cəhdləri heç bir fayda vermədi. Yəni müəyyən müddət yerli və beynəlxalq ictimaiyyəti çaşdırmaq mümkün olsa da, hazırda tam şəffaf mühit formalaşıb. Və hakimiyyət təmsilçiləri də bunu etiraf edirlər.
Ölkə başçısından tutmuş, millət vəkilinə qədər hər kəs dünyanın Azərbaycana qarşı kampaniya aparmasından danışır. Beynəlxalq təşkilatlar, nüfuzlu nəşrlər, tanınmış siyasi xadimlər Azərbaycandakı qanunsuzluğu, korrupsiyanı, insan haqlarının tapdanmasını faktlarla ifşa edirlər və Azərbaycan hakimiyyəti qarşısında tələblər qoyurlar. Artıq milyonlarla pul xərcləmklə, neft-qaz amili ilə dünyanı şantaj etmək mümkün deyil. Hətta Avropa Oyunları keçirərək dünyanın hörmətini qazanmaq cəhdi də uğursuzluqla nəticələndi.
Indi Azərbaycan hakimiyyətinin mövqeyini müdafiə edənlər, hakimiyyətlə müəyyən münasibətdə olanlar da hədəf seçilir və belə adamlara qeyri-ciddi yanaşılır. Bugünlərdə Latviyanın paytaxtı Riqa şəhərində UNESCO-nun təşkilatçılığı ilə 3 may – Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə beynəlxalq konfrans keçirildi və bu konfransda hakimiyyətin sözçüləri pərt vəziyyətə salınıb.
Belə ki, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu da tədbirdə iştirak edib və geri qayıdandan sonra “Amerikansayağı söz azadlığı” başlıqlı geniş məqalə yazıb. Məqalədən məlum olur ki, Hikmət Babaoğlu Azərbaycanda azad mətbuatın olduğundan, şəffaflığın hökm sürdüyündən, insan haqlarından danışarkən müxtəlif replikalar atılıb və mikrofonu söndürülüb. Bəli, 70 ölkədən 500-ə qədər nümayəndə heyətinin iştirak etdiyi tədbirdə hakimiyyətin yalanları boykot edilib.
Sonra Latviyanın Milli kitabxanasında görüş keçirilib və Azərbaycanda Xədicə Ismayıl kimi jurnalistlərin həbsdə olmasından söhbət açılıb. Təbii ki, yaranmış mənzərə Hikmət Babaoğlunun xoşuna gəlməyib və hirsindən geniş məqalə yazıb. O, mikrofonunun söndürülməsini söz azadlığına qarşı basqı kimi dəyərləndirib, qeyri-obyektivlikdən, fərqli fikrə basqılardan danışıb.
Əvvəla, baş verənlər Hikmət Babaoğlu kimiləri üçün böyük ibrət olmalıdır. Bir mikrofonun söndürülməsinə dözə bilməyənlər 20 ildən artıqdır fərqli fikrin boğulmasına, tənqidçi jurnalsitlərin şərlənərək həbs edilməsinə, müstəqil mətbuatın sıradan çıxarılmasına necə dözə biliblər? Azərbaycan hakimiyyətinin yürütdüyü anti-insani siyasətin yanında, mikrofon söndürülməsi replikaların atılması adi haldır. 20 ildir televiziya kanalları hakim ailənin təbliğatına, müxalifətin şərlənməsinə xidmət edir. Insanlar yazdıqlarına görə ən iyrənc üsullarla şantaj edilir, işdən çıxarılır, sağlamlığını itirir, hətta öldürülür. Azərbaycanda yeganə müstəqil yazı mətbuat olan “Azadlıq” qəzetinə qarşı hakimiyyət bütün resursları ilə mübarizə aparır. Xədicə Ismayıl, Seymur Həzi, Rauf Mirqədirov, Pərviz Həşimli kimi jurnalistlərin, bloggerlərin həbs olunduğu ölkənin nümayəndələrinə qarşı hansı münasibət göstərilməliydi? Bəlkə bu tədbirdəkilər Azərbaycan mətbuatının yalan və yaltaqlıq üzərində qurulmuş fəaliyyətini təqdir etməli idi? Hikmət Babaoğlunun rəhbərlik etdiyi qəzet hər gün vicdanlı insanları şərləməklə, ləyaqətli insanlara “erməni” damğası vurmaqla məşğuldursa, onun sözünün kəsilməsi azad mətbuata hörmətin göstəricisidir. Ona görə də Hikmət Babaoğlu bu münasibəti təbii qarşılamalıdır. O tədbirdə oturanlar müxalifət nümayəndələri deyil ki, cibinə narkotika atıb tutasınız. O adamların nə iqtidar, nə də müxalifət qarşısında öhdəlikləri yoxdur. Sadəcə müşahidə edirlər ki, Xədicə Ismayıla qarşı fərqli ittihamlar irəli sürülür və hər dəfə bu ittihamlar dəyişdirilir. Yəni hakimiyyət o qədər özünü ifşa edir ki, bunu görməmək mümkün düyil.
Ikincisi, bu tədbirdə Himət Babaoğluna qarşı münasibət, həm də Azərbaycan hakimiyyətinə münasibətdir. Artıq hakimiyyət özünü elə vəziyyətə salıb ki, hər hasnı dəyirmi tədbirdən tutmuş, beynəlxaq tribunalara qədər hər yerdə ikrahla qarşılanır. Hakimiyyət bütün parametrlər üzrə həqiqətə uduzub. Bir tədbirdə Hikmət Babaoğlunun yalanları deyil, Xədicə Ismayılın həqiqətləri üstünlük qazanır.
Artıq hakimiyyət təmsilçilərinin “Azərbaycanda söz azadlığı var”, “müstəqil mətbuat inkişaf edir” kimi fikirləri bir dəqiqə də yaşamaq haqqı tanımır. Hər yerdə etirazla, boykotla qarşılanırlar. Ölkə daxilində və ölkə xaricində hakimiyyətin etimad limiti qurtarıb. Cırılmış maskanı yenidən taxmaq vəziyyəti dəyişə bilməz. Dünya hakimiyyətin əsl simasını görüb.
Azad