Içərişəhərin abidələri daha qədim elan edildi, «Sovetski»nin abidələri isə…
Qəzetimizin ötən saylarından birində xəbər vermişdik ki, Bakının “Sovetski” ərazisindəki memarlıq binalarından artıq ikisinin söküləcəyi gözlənilir. Bunlar Mirzağa Əliyev küçəsindəki 102 və 115 saylı binalardır. Hər iki bina Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiqlənən “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na daxildir.
Öncə “Sovetski”dəki bütün abidələrin qorunacağı bildirildisə, sonra onların bəzilərinin söküləcəyi açıqlandı. Məsələn, ötən ilin aprelində Yasamal Rayon Icra Hakimiyyəti başçısının birinci müavini Səməd Islamov mətbuata bildirmişdi ki, sözügedən binaların toxunulmazlığı ciddi nəzarətə götürülüb və sökülməsinə yol verilə bilməz. Elə həmin ilin dekabrında isə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mətbuat konfransında bildirdi ki, “Sovetski”dəki binalardan bəziləri tarixi və ya memarlıq əhəmiyyəti daşımır, sadəcə üzərlərində xüsusi memarlıq bəzəkləri olduğu üçün onlar da müvafiq siyahıya salınıb. Əhəmiyyətinə görə ikinci dərəcəli hesab edilən bu binalardan təxminən 30-a yaxını sökülməyəcək.
Lakin nazir “ikinci dərəcəli” binaların cəmi sayının nə qədər olduğunu deməyib. Ümumiyyətlə, “Sovetski”dəki memarlıq binaların taleyilə bağlı ziddiyyətli mövqe onların sayında da özünü göstərir. 2014-cü ilin martında Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Intiqam Hümbətov mətbuata açıqlamasında “Sovetski”də ümumilikdə 230-a yaxın tarixi və mədəniyyət abidəsinin yerləşdiyini bildirmişdisə, aprel ayında Yasamal Rayon Icra Hakimiyyəti başçısının birinci müavini Səməd Islamov isə həmin binaların sayının 168 olduğunu söyləmişdi. Nəhayət, ötən ilin dekabrında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qeyd etdiyimiz mətbuat konfransında isə “Sovetski”də 118 tarixi abidənin mövcudluğu açıqlanmışdı.
Hökumətin rəsmi siyahısı olduğu halda, məmurların “Sovetski”dəki memarlıq binalarının sayını tədricən “azaltması” başadüşülən deyil. Halbuki həmin siyahıya əsasən, ərazidə 200-dən çox memarlıq binası var. Görünür, bu qədər abidə hakimiyyətə “Sovetski”dəki şübhəli planları həyata keçirməyə mane olur. Odur ki, abidələrin sayı süni şəkildə azaldılır…
Bu arada Nazirlər Kabinetiÿözünün 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiqlədiyi “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na, eləcə də “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na dəyişikliklər edib.ÿ
APA-nın məlumatına görə,ÿNazirlər Kabinetinin müvafiq siyahısına əsasən, əvvəl “Içərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin sayı 28 olub. Dəyişiklik nəticəsində isə qoruqdakı ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına 13 yeni abidə əlavə edilib. Bununla da, Içərişəhərdə sözügedən abidələrin sayı 41-ə çatıb.
Digər siyahıya edilən dəyişiklik isə “Içərişəhər” Memarlıq-Şəhərsalma Kompleksi və Şirvanşahlar Sarayı Kompleksi və bu komplekslərə daxil olanÿtarix və mədəniyyət abidələrinin yaşının daha qədim olmasının aşkar edilməsilə bağlıdır.ÿ
Məsələn, öncə “Içərişəhər” kompleksinin tarixi VI-XIX əsrlərə aid edilirdisə, indi həmin tarix “antik dövr – XX əsrin əvvəlləri” kimi müəyyənləşdirilib. O cümlədən, bu kompleksə daxil olan Qız qalasının tarixi əvvəl “VI-XII əsrlər” göstərilirdisə, indi bu tarix “antik dövr – XII əsr” qeyd edilib. Yaxud, Şirvanşahlar kompleksinin tarixi əvvəl XIII-XV əsrlərə aid edilirdisə, dəyişiklikdən sonra isə bu tarixin XII-XV əsrlər olduğu göstərilib.
Beləliklə, hökumət köhnə Bakının bir hissəsindəki abidələrin yaşının haqlı olaraq daha qədimliyini dəqiqləşdirdiyi halda, köhnə Bakının digər hissəsi olan “Sovetski”yə isə ögey münasibət sərgiləyir. Burada tarixi və mədəniyyət abidələrinin bir çoxu “ikinci dərəcəli” hesab edilir və onların sökülməsi planlaşdırılır…
Şövkət Məmməd