Siyavuş Novruzov vəziyyətdən çıxmağa çalışdı, amma özünü dolaşdırdı
“Biz istənilən fikirlərimizi, rəylərimizi, mövqeyimizi açıq şəkildə ifadə edirik. Buna görə də aksiya, mitinq keçirmirik”. Bunu Modern.az saytına açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
O, YAP-ın aksiya keçirməməsinə münasibət bildirərkən qeyd edib ki, buna heç bir ehtiyac yoxdur. Siyavuş Novruzovun sözlərinə görə, təmsil etdiyi partiyanın gənc üzvləri vətənpərvərlik ruhunun yüksəldilməsi ilə bağlı müxtəlif tədbirlər keçirirlər.
Siyavuş Novruzov bildirib ki, YAP-ın müxtəlif məsələlərlə bağlı mövqeyi saytlarda işıqlandırılır: “Bizim mövqeyimiz saytlarda verilir. Həmin saytların oxucuları isə müxalifətin mitinqində iştirak edən insanlardan 10 dəfə çoxdur”.
Siyavuş Novruzov saytlarda oxunma sayını meyar sayırsa, o zaman onun diqqətinə çatdıraq ki, “Azadlıq”da Milli Şuranın mitinqlərilə bağlı yazıların oxunuş sayı 100 mindən artıqdır. Digər tərəfdən Siyavuş Novruzovun istinad etdiyi hökumət saytlarında elə onun özünün müsahibələrinin oxunma sayının rekord həddi belə 1000-dən artıq deyil. “Yeni Azərbaycan”, “Səs” və YAP-ın bu kimi qəzetlərində vəziyyət daha da acınacaqlıdır. Ona görə də Siyavuş Novruzov bu məsələdə danışarkən bir qədər ehtiyatlı olsa yaxşıdır.
YAP-ın mitinq keçirməməsinin əsl səbəbinə gəlincə, bu xalqın artıq hakim partiyaya inamının olmamasından irəli gəlir. Görünür, hətta vəziyyət o həddədir ki, büdcə təşkilatlarında çalışanları da məcburi meydana yığmaq müşkülə çevrilib.