Müdriklərdən biri deyib ki, hər ölüm acıdır. Başqa bir söz də var ki, ölüm nə vaxt gəlir gəlsin, tezdi. Üç gün əvvəl gənc fəal Nərgiz Yaqublunun ölümü isə razılaşaq ki, lap tez gələn və çox acı bir ölüm oldu.
Nərgiz Yaqublu vicdan məhbusu Tofiq Yaqublunun qızıdı. O yenicə ailə qurmuşdu. Tofiq bəy hər insan üçün əlamətdar sayılan bir gündə, övladının toyunda iştirak edə bilməmişdi. Çox sadə səbəbdən. Çünki, onda da indi kimi türmədəydi.
Nərgiz Azərbaycandan uzaqda, Rusiyada 3-4 gün komada qaldı. Nərgiz ölümlə çarpışdığı o günlərdə də yanında atası Tofiq bəyi görə bilmədi. Tofiq Yaqubluya bir-iki günlük şərti azadlığı qıymadılar. İmkan yaratmadılar buna. Heç Nərgizin bacısına da hökumət icazə vermədi ki, ölkədən çıxıb onun son anlarına şahidlik etsin.
Azərbaycan rəhbərlərinin lütfkarlığı ancaq ona çatdı ki, qızının hüzr mərasimini vermək üçün Tofiq bəy bir həftəlik türmədən buraxıldı.
Mənim internetdə, sosial şəbəkələrdə yazılanlardan çıxardığım nəticə budur ki, Nərgizin ölümünə verilən reaksiyalar təkcə bu acı faktın özündən qaynaqlanmırdı, insanlarımız, həm də Yaqublu ailəsinə qarşı siyasi qərəzə, düşmənçiliyə üsyan edirdilər.
Ola bilər kimlərsə məlumatsızdı, onunçün bir da xatırladaq ki? Tofiq Yaqublu Qarabağ döyüşlərində iştirak edən gerçək bir vətənpərvər, siyasətçi, jurnalistdi. Məhz onun dönməz əqidəsinə görə bir neçə il qabaq böyük qızı Nigarı həbs eləmişdilər. Nigar şərti olaraq azadlığa çıxanda da bu ailənin ürəkdolusu sevinməyə fürsəti olmadı. Çünki həmin vaxt Tofiq Yaqublunu hakimiyyət şərləyərək türməyə yollamışdı.
Bütün bunlar Nərgizin həyatına son qoyan o mənfur HepatitC-dən az lənətə layiq deyil.
İndi kimlərsə qalxıb, bu ağır fəlakətin üzərində də siyasət qurmayın deyəcəksə, desin. Mənsə sizi bəzi suallar ətrafında düşünməyə dəvət edirəm.
Bəli, doğrudur, Nərgiz Rusiyada həyatını itirdi. Az əvvəl dediyim kimi o bir il olmaz ki Rusiyaya gəlin köçmüşdü. Ancaq onun mübtəla olduğu xəstəliyin xarakterini bilənlər şahiddir ki, o bu xəstəliyi Azərbaycandan daşıyıb oralara aparıb. HepatitC uzun illərdir Azərbaycanda can almaqdadı. Günümüzdə Azərbaycanda nə qədər tanımadığımız Nərgizlər bu xəstəliyə yoluxur, faciəli şəkildə həyatlarını itirir.
Azərbaycanda İlham Əliyev səhiyyəni çoxdan pulsuz elan eləsə də, bizim xəstəxanalarda müalicə yox, ancaq ölüm pulsuzdu. Səhiyyəmizin özü xəstədir. Korrupsiya, özbaşınalıq xəstəliyi bu gün tibb sahəsinin özünü sağalmaz hala salıb.
Siz özünüzdən götürün, sonra qohum əqrabanıza nəzər salın. Sonuncu dəfə nə vaxt kompleks müayinədən keçmisiz? Ümumiyyətlə həyatınızda belə bir şey olubmu?
Axı 21-ci əsrdə müasir insan üçün vacibdir ki, ildə azı 1 dəfə kompleks müayinədən keçsin. Azərbaycanlıların buna imkanı varmı? Mən hələ müayinəni deyirəm. Bəs müayinə sizdə, yaxınlarınızda bir dəstə xəstəlik aşkarlasa, onun öhdəsindən gəlmək üçün büdcə, pul varmı?
Bəs xəstəliklə bacaran həkimlərimiz necə?
Bir ölkədə savadsız həkim, baha dərman, səhv analizlər, pulsuzluq problemi varsa, orda insanların yaşamağı sözün əsl mənasında Allahın ümidinə qalıb. Bəli, azərbaycanlılar doğrudan da Heydər Əliyevin dediyi kimi dözümlü xalqdı ki, bu qədər ağır şərtlər altında 10-15 il yaşaya bilirlər.
Heç düşünmüsünüzmü, nəyə görə Azərbaycanı əhatə edən dövlətlərin hamısında tibbi sığorta var, amma bizdə yoxdu?
Bu sadə faktı hamınızın bilməsi lazımdı. Kasıb, zəngin təbii sərvətlərdən məhrum Gürcüstan illərdir vətəndaşlarını tibbi sığortaya cəlb edib. Hər bir gürcü vətəndaşının hesabında hər il üçün nəzərdə tutulan 7 min dollara qədər pul olur ki, onlar bu pulu sağlamlığlarına xərcləsinlər. Mən hələ Azərbaycan hökumətinin bəyənmədiyi Avropa dövlətlərində insanların sağlamlığı üçün yaradılan şəraitdən danışmaq istəmirəm.
Niyə bizdə tibbi sığorta yoxdur? Ona görə ki, sığorta Səhiyyə Nazirliyini və ondan yuxarıdakı dövlət orqanlarını böyük korrupsiya, asan gəlir imkanlarından məhrum edə bilər. Rayonlardan birinin baş həkimi mənə demişdi ki, hər rayon üçün guya pulsuz ayrılan dərmanların yarı pulunu sığortaya sisteminə ayırmaqla həm vətəndaşların sağlamlığını əsaslı düzəltmək olar, həm büdcədə qənayət olunar. Üstəlik bu pulla həkimlərin maaşında da dönüş etmək imkanı açılar. Amma bu kimə lazımdı. Daha doğrusu vətəndaşların sağlam olması Azərbaycan hökumətini çox düşündürürmü?
Məşhur hind filimdə deyildiyi ki, Şakaya pul lazımdı, o pulu isə xəstə səhiyyə sistemi qazandırırsa, niyə özlərini oda- közə vursunlar.
Və sonda…indi ruhu əbədi istirahətdə olan Nərgizin, onun ailəsinin də dərdinə şərik çıxmaqla yanaşı azərbaycanlılar öz günlərinə də ağlasa yaxşı olar.
Axı Nərgizin də, onun ailəsinin də çarpışması, mübarizəsi Azərbaycanın daha təhlükəsiz, daha güvənli ölkə olması üçün idi. Ölüm haqdır, bu məsələ də heç bir mübahisə ola bilməz. Bütün canlılar ölümü dadmağa məhkumdu. Ancaq bizim sağlam yaşamaq, müalicəsi mümkün olan xəstəliklərə görə həyatımızı ititməmək imkanı öz əlimizdədir. Hər birimizin sağlamlığı ölkəmizin sağlam əsaslar üzərində qurulub inkişafından keçir. Xəstə bir ölkədə sağlam yaşamağın özü bir dərdir.
Mən sizə sağlam və nakam ölümdən uzaq ömür arzulayıram. Amma siz də özünüzün və ölkənizin sağlamlığına laqeyd qalmayın. Sağ olun!