Lamiyə Quliyeva keçmiş nişanlısının əleyhinə ifadə verib?
Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyev aclıq aksiyasına başlayır. Bu barədə “Azadlıq”a Vüqar Əliyevin xanımı Aynur Əliyeva bildirib.
Onun sözlərinə görə, Aslan Aslanovun oğlunun qətlində Vüqar Əliyevin heç bir təqsiri yoxdur: “Bu hadisəni törədən Vüqarın keçmiş nişanlısı Lamiyə Quliyeva idi. Bu barədə dəfələrlə yazılıb, deyilib. Lamiyə Quliyeva da istintaqa ilkin ifadəsində Aslan Aslanovun oğlunu özü öldürdüyünü deyib. Vüqar isə sadəcə hadisə zamanı orda olub. Amma bəlli olduğu kimi bu işə görə 10 il azadlıqdan məhrum edilən Lamiyə Quliyeva artıq azadlığa buraxılıb. Onun həbsxanada uşaq dünayaya gətirməsi ictimailəşəndən sonra Aslan Aslanovun oğlunun qətli yenidən müzakirə mövzusuna çevrilmişdi. Vüqar Əliyev də həmin vaxt ölkə başçısına müraciət etmişdi. Lamiyə Quliyeva azadlığa buraxılanda belə gözləntilər var idi ki, Vüqar da əfv olunacaq. Lakin bu baş vermədi. Vüqarın müraciəti araşdırılmadı. Əksinə Vüqara həbsdə saxlamaq üçün Lamiyədən onun əleyhinə ifadə aldılar”.
Aynur Əliyeva iddia edir ki, Lamiyə Quliyeva azadlığa buraxılmamışdan bir neçə gün əvvəl prokurorluqda ifadə verib: “O deyib ki, Aslan Aslanovun oğluna iki bıçaq zərbəsi endirib, qalanını da guya Vüqar vurub. Bundan sonra Vüqardan ifadə alıblar. Vüqar isə yalnız hadisənin iştirakçısı olduğunu bildirib. Buna baxmayaraq belə görünür ki, Lamiyənin ifadəsi əsas götürülüb. Çünki Vüqar həbsdə qaldı. Indi Vüqar aclıq aksiyasına başlamağı planlaşdırır. Onun tələbi işin ədalətli araşdırılmasıdır”.
Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev isə müdafiə etdiyi şəxsin Vüqar Əliyevin əleyhinə ifadə verməsi barədə məlumatı olmadığını bildirib.