“Azadlıq” Eldəniz Quliyevin 63 illiyini təbrik edir
Yaşadığımız ölkədə tərifi o qədər ucuzlaşdırdılar ki, tərifəlayiq insanlara da tərif deməyə qorxduq. Cəmiyyətin dibində olan o qədər adamlara fəxri adlar verildi ki, cəmiyyətin üzündə olan ziyalılar fəxri ad almaqdan utandı. Bəli, ölkəmizin dəyərli insanları, həqiqi ziyalıları, cəsarətli elm adamları bu hakimiyyətin dövründə arzuolunmaz elan edildi. Ona görə ki, bu adamlar vicdanlarını, mənliklərini satışa çıxarmadılar. Əksinə, bütün şüurlu həyatlarını millətin və dövlətin mənafeyi naminə xərclədilər.
Belə dəyərli ziyalılardan biri də Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, tanınmış kino-rejissor Eldəniz Quliyevdir. Bu gün dəyərli ziyalı, mübariz vətəndaş olan Eldəniz müəllimin 63 yaşı tamam olur.
Qeyd edək ki, Eldəniz Quliyev Azərbaycan Dövlət Incəsənət Institutunu bitirdikdən sonra Moskvada Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində təhsil alıb, “Mosfilm”, M.Qorki adına kinostudiyalarda, Ostankino Televiziya Mərkəzində təcrübə keçib. “Azərbaycanfilm” kinostudiyasında redaktor, redaksiya kollegiyasının, bədii şurasının, dövlət film qəbulu komissiyasının üzvü, “Debüt” studiyası, “Azərkinovideo” Istehsalat birliyinin və ABA televiziya şirkətinin baş redaktoru vəzifələrində işləyib.ÿ2006-cı ildə Beynəlxalq Sülh Federasiyası tərəfindən “Sülh səfiri” fəxri adına layiq görülüb. Rus və Azərbaycan dilində nəşr edilən “Ziyalı-Intelligensiya” qəzetinin təsisçisidir. Hazırda Azərbaycan Ziyalılar Hərəkatının sədridir. “Üçatılan”, “Tilsimli dairə”, “Təpəgöz” (Polşa Respublikasında tamaşaya qoyulub), “Mürşüd kişi niyə susur?”, “Istək” və s. dram əsərləri Azərbaycan teatrlarında tamaşaya qoyulub. “Ağ yuxu” hekayələr toplusu, “Kölgəsiz adam” hekayə və povestləri nəşr edilib.
Eldəniz Quliyev peşəkar sənət adamı, simasını qorumuş ziyalı olmaqla yanaşı, həm də ölkənin demokratikləşməsi uğrunda aparılan mübarizənin ön sıralarında olan vicdanlı vətəndaşdır.
O bəzi ziyalılar kimi susmağı, hakimiyyətə yarınmağı, hansısa ənamlar almağı deyil, dövlətin və millətin mənafeyini əsas tutanlardandı.
Eldəniz müəllimə uğur ömür arzulayır və bu şərəfli həyat yoluna görə təşəkkür edirik. Nə yaxşı ki, ölkəmizdə Eldəniz Quliyev kimi haqqın cəbhəsində döyüşən, şərin qarşısında “ağ bayraq” qaldırmayan ziyalılarımız var.
63 yaşın mübarək olsun!
“Azadlıq”