
Dünyanın fundamenti töküləndən kürreyi-ərzdə çeşidli mistik təriqətlər olub. Onlardan biri də son onilliklərdə ölkəmizdə vücuda gələn Sərvətiyyə mistik təriqəti – ordenidir.
Bu təriqət mənsublarının fikrincə, kainatdakı hər şey Puldan yaranıb: «Öncə Pul vardı. Ondan hava, havadan su, sudan torpaq, torpaqdan bitki, bitkidən heyvan, heyvandan insan yaranıb. İnsan sonda öz əvvəlinə qayıdır – Pula çevrilir». Sərvətiyyə ordeni bu ali məqsədə çatmaq üçün yol və vasitələr məcmuyudur. Təriqət mənsublarını fikrincə, Pul bütün xoşbəxtliklərin açarı, həyatın mənasıdır. Onun əsl sirlərini anlamaq istəyən Yolu seçməli, pillə-pillə irəliləməli və axırda fənaya çatmalı: varlığını ali substansiyada – Pulda əritməlidir. Bu, buddizmdə olan nirvana, bodxissattva kimi bir şeydi.
“Paradan gəlib, paraya gedirəm”
Deyirlər, Cəlaləddin Rumi uşaq olanda atası ilə Buxaradan Bağdada gəlirmiş. Şəhərin girişində məmur Ruminin atasına ənənəvi sualını verir: «Haradan gəlib, hara gedirsən». Bəhaəddin Vələd cavab verir: «Allahdan gəlib Allaha gedirəm». Sərvətiyyə ordeni arifləri də «Haradan gəlib, hara gedirsən?» sualına «Paradan gəlib, paraya gedirəm» deyirlər. Çünki əqidələrinə görə, insan puldan yaranıb, hamı axırda pula dönür. Yol belə keçilir: mürid özündən yüksək instansiyada olanda fəna bulur. Yəni öz mənliyini onda əridir. Öl desə, ölür, qal desə qalır. Rumi müridin öz mənliyindən imtina etməsinin vacibliyini belə izah edir. iki diri quşu bir-birinə bağlasan uça bilməz – çünki bir-birlərinə mane olarlar. Amma onların biri ölü olsa, uçuş baş tutar. Ona görə orden əhli öz mənliyindən imtina etməlidir. Necə ki Məcnun deyirdi: «Məndə necə dəxi mənlik olsun? Məndə məni arayan nə bulsun?».
Sərvətiyyə milli ənənələrə söykənir
Bütün mistik təriqətlər kimi, sərvətiyyə də ənənələr üzərində qurulub. Məsələn, Azərbaycanda çox məşhur olan xəlvətiyyədən “xəlvət” anlayışı götürülüb. Əlbəttə, yaradıcılıqla. Təriqət mənsubları məxfiliyə çox önəm verir. Ən mühüm qərarlar xəlvətdə qəbul edilir. Sahibkarlıq subyektlərinin yiyəsi, səhmlərdə payını miqdarı, illik mənfəəti – hamısı kommersiya, pardon, mistik sirr sayılır və avamlara açıqlanmır. O cümlədən nəqşbəndilikdə “paslı mişar” zikri olduğu bəllidir. Sərvətiyyədə paslı mişar zikr deyil, idarə edənlərdir – onların çoxunun təfəkkürü sovet dövründən qalıb. Əllərinə nə keçir, mişarlayıb yeyirlər. Və ya qadiriyyəni götürək. Aşağıda verilən zikr qadiriyyədən götürülüb.
Sərvətiyyədə zikr
Mistik təriqətlərdə xafi – gizli zikrin öz yeri var. Sərvətiyyədə bu zikr belədir: mürid oturur sakit bir yerdə. Bardaş qurub, əllərini dizinin üstünə qoyur, sağ ayağın baş barmağının ucunu sol dizdəki qan damarına dirəyir. Üzünü tutur qiblə olaraq qəbul edilən Milli Banka. “Puldan başqa ilah yoxdur” sözlərini əvvəlcə fikrən gətirir ən vacib orqana – mədəyə. Ordan «götürüb» keçirir qan damarına. Sonra gətirir ürəyə. Pul ürəyə daxil olanda ordakı millət, vətən, insan sevgisi kimi əbləh adamlara xas düşük hisslərin hamısını (əgər varsa, yoxsa, nə gözəl) «Sevqard» sabunu mikrobu məhv edən kimi yox edir. Və müridin daxilində Pula sevgidən başqa heç nə qalmır… Bu, təriqətdə ariflər məqamı adlanır.
Fəna fil-penoplast məqamına çatmayıbsansa…
İrfan əhlində qaydadır, bir də görürsən vəhdət şərabını içib sərxoş olan sufi başqalarının küfr sayacağı sözlər danışır. Məsələn, “vallah, bu xirqənin içində Allahdan başqası yoxdur” və s. Təsəvvüfdə buna şəthiyyat deyilir. Sərvətiyyə mənsubları da bəzən şəthiyyata yol verir və avam onları anlamır. Məsələn bir neçə ilə əvvəl sərvətiyyənin azman ariflərindən biri belə bir söz demişdi: “Gəlin unutmayaq ki, Bakı Azərbaycanımızın paytaxtıdır”. Avam o saat başladı şəbədə qoşmağa. Ay bu şəxsə irad tutan zavallı, sən fəna fil-penoplast məqamına çatmayıbsansa, onun dediyini necə anlayacaqsan? Sus barı…. Penoplastda əriyib sonra dirilməyin mənasını yalnız ariflər bilir.
P.S. Eşitdiyimə görə, 21 fevraldan sonra sərvətiyyə ayinləri "devalvasiyaya uğramış manatdan dollara sığınıram" sözləri ilə başlayır.