
Son vaxtlar tez-tez eşidirik: incəsənət yetərincə inkişaf etmir, dövrümüzün qəhrəmanlarının realist portretləri yaradılmır, yaradılanlar isə bayağıdı, rezonyordu, quramadı. Onların ürəyi döyünmür, damarlarında qan axmır. Onlar asfaltın üstünə yapışmış pişik ölülərinə bənzəyirlər. Doğrudur… Amma çox da inkarçı olmayaq. Yaxşı əsərlər də yaranır. Bu cəhətdən “Ana və “Bentli” poemasını xüsusi qeyd etmək istərdik… Əyani olsun deyə əsərdən bir parçaya baxaq.
Dörd il vardı ananın yeznəsi yol çəkirdi,
Ev və daça almışdı, “Bentli” dərdiydi dərdi.
Qonşuların növrağı anaya dərd olmuşdu,
“Katyaqeyt”dən sonra o, “Bentli”pərəst olmuşdu.
“Bu keçid dönəmində yarımadıq heç nədən,
Nə qohumdan yarıdıq, nə dostdan, nə yeznədən”.
Deyə var-gəl edərək donquldanırdı ana,
Günü-gündən artırdı şövqü pula, maşına.
Qalxırdı yatağından dan yeri söküləndə…
Yerindən sıçrayırdı siqnal səsi gələndə,
Nəhayət, yeznəsinə dedi bir neçə kəlmə:
“Bentli” olmasa, bir də sən bu həyətə gəlmə!
Yeznə bir söz demədi, dilsiz dayanıb durdu,
Elə bil stolbada onu cərəyan vurdu …
Yeznə yaxşı bilirdi – ananın haqqı vardır,
Geniş dünya “Bentli”siz onun qəlbinə dardır…
Nə müddətdi ananın gözləri yol çəkirdi,
Başqa bir dərdi yoxdu, , “Bentli” dərdiydi dərdi.
Tanımayan yox idi bu məhlədə ananı,
Ordenli sağıcı tək gəzmişdi bu dünyanı.
Qurultayda Balayanı qarğamışdı, söymüşdü,
Dili tutulsun deyə şalın ucun düymüşdü…
Poemanın iki əsas qəhrəmanı var. ANA zamanın çağırışlarına adekvat reaksiya verə bilən diribaş bir insandır. Bioqrafiyasını vərəqləməyə ehtiyac yoxdur. 7-sində məktəbə gedib, on yeddisinədək tarlalarda cərgələrin arasından maral kimi boylanaraq pambıq yetişdirib. Partiya-sovet-təsərrüfat nomenklaturasının qayğısı ilə qəhrəman sağıcı olub. Brejnevin müstəcəb öpüşü ilə deputatlığa yüksəlib. Qarabağ savaşı başlayanda qeyrətli bir Vətən övladı kimi parlamentdə düşmənə sarsıdıcı zərbə vurub: “Qurultayda Balayanı qarğamışdı, söymüşdü,
Dili tutulsun deyə şalın ucun düymüşdü…”
Dəyişən situasiyalara diribaşlıqla adaptasiya olunan kreativ təfəkkürlü ana sovetlər dağılandan sonra bir zaman birgə pambıqla baş kəsdikləri dostları ilə əlaqələr nəticəsində yeznənin əlini çörəyə çatdırıb. Məhz bu dövrüdə onun həm də bir fani insan olduğu aşkarlanır. “Yerindən sıçrayırdı siqnal səsi gələndə” misrasında qəlbi “Bentli” sevgisi ilə dolu ananın ürək çırpıntıları necə də aydın hiss edilir!
Ana öz və ailə taleyinin strateqi kimi balanslı siyasət yürüdür. Politbüro, Tehran, Kərbəla… Ananın qəlbində bunların hamısına yer var və o, vəziyyəti düzgün qiymətləndirib ən optimal ünvana sarı dreyf etməyə hazır vəziyyətdədir.
YEZNƏ gənc və çəkingən olsa da, ana kimi bir yol göstərənin olması onun taleyi xüsusunda narahatlıqlara son qoyur. Ana və yeznə Azərbaycanın bu gününü və gələcəyini təcəssüm etdirən ümumiləşdirilmiş obrazlardır. Biri müdrikdir, üzü üzlər görüb, digəri yetərincə təcrübəli olmasa da, gənc və perspektivlidir. Bütün peripetiyalara baxmayaraq, onların dialektik və hədəfə ünvanlanan birliyi xalqımızın gələcəyə doğru müzəffər yürüşünün uğuruna inam yaradır.
Əsərin xəlqiliyi, milliliyi xüsusi qeyd edilməlidir. Poemanın sovet dövrünə aid hissəsindən oraq-çəkic səsi, müasir dövrü təsvir edən hissələrindən isə ekskavator tırıltısı, şəlalələrin şırıltısı, pul cingiltisi, diplomat ağzı açan otvyorka səsi, seçki məntəqələrindən yüksələn “Elşad, ay Elşad” çağırışı, sındırılan talelərin şaqqıltısı aydın eşidilir.
Əgər ölkəmizdə şəxsiyyətin hərtərəfli inkişafına qayğı olmasaydı və ya yeznə, məsələn, qonşu Gürcüstanda yaşasaydı, poema yəqin, belə başlayardı:
Dörd ay vardı ananın yeznəsi yal içirdi,
On il də yatacaqdı, zonda təqvim deşirdi…
Sonda bildirmək istərdik ki, bu əsər təkcə müəllifin yox, eyni zamanda ədəbiyyatımızın uğuru sayılmalıdır….