Demokratiya və insan haqlarına hörmət ABŞ-la dostluq üçün başlıca şərtdir
Tomas Melia İctimai Palatanın mitinqlərində tutulanların məsələsini də qaldırıb
«Hökumət rəsmiləri ilə görüşdə ən çox vurğuladığım cəhət bu olub ki, ABŞ ən yaxşı əməkdaşlığı öz vətəndaşlarının hüquqlarına hörmət edən demokratik ölkələrlə qurur».
ABŞ Dövlət katibinin demokratiya və insan haqları üzrə müaviniTomas Melia (Thomas O. Melia) iyunun 16-da jurnalistlərin sualını cavablandırarkən belə deyib. O, bildirib ki, hökumət rəsmiləri ilə görüşdə azərbaycanlı həmkarlarını insan haqlarına daha çox hörmət etməyə və siyasi sahədə açıq olmağa çağırıb.
Səfərinin məqsədinə toxunan T.Melia dövlət katibi Hillari Klinton və prezident Barak Obamanın ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzaya və səfirliyə dəstəyini ifadə etmək olduğunu deyib.
Diplomat Elmar Hüseynovun məzarını ziyarət edib
İyunun 15-dən Bakıda səfərdə olan diplomat bir sıra dövlət rəsmiləri, vətəndaş cəmiyyətinin nümayəndələri, siyasi partiyaların rəhbərləri və media nümayəndələri ilə görüşüb. Həmçinin 6 il əvvəl qətlə yetirilən jurnalist Elmar Hüseynovun qəbrini ziyarət edib, bu zaman o, qətldən 6 il keçməsinə baxmayaraq istintaqın nəticəsiz qaldığını qeyd edib. Bundan başqa diplomat yenicə əfv fərmanı ilə azadlığa çıxan baş redaktor Eynulla Fətullayevi də qəbul edib.
«Azərbaycan hökuməti müasirləşməlidir»
Dövlət katibinin müavini bildirib ki, demokratiyanın inkişaf etdirilməsi və insan hüquqlarına hörmət hər zaman ABŞ hökumətinin gündəliyində duran məsələlərdəndir.
Tomas Melia qeyd edib ki, Azərbaycanda insan haqlarının vəziyyəti daha yaxşı ola bilər və olmalıdır. Əgər Azərbaycan hökuməti də ABŞ dövləti ilə əlaqələrini gücləndirmək istəyirsə, bu sahədə çalışmalıdır: «Bir sıra jurnalist və insan haqları ilə məşğul olan təşkilatların hesabatları var. Bu hesabatlardan aydın olur ki, istər ədalətli seçkilər, istər azad media və istərsə də müxalifət partiyalarının işləməsinə müəyyən maneələr vardır. Bu sahədə də Azərbaycan hökuməti müasirləşməli və 21-ci əsrdə müasirləşməklə uğur qazanmış dövlət sırasına keçməlidir».
Dövlət Departamenti rəsmisi Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıq edildiyini, gələcəkdə də bu əməkdaşlığın davam etdiriləcəyini bildirib.
Dövlət katibinin müavini Azərbaycan rəsmiləri ilə görüşdə İctimai Palatanın icazəsiz aksiyaları zamanı saxlanan siyasi fəallar və bloqqerlərin həbsi ilə bağlı məsələləri qaldırdığını da deyib. O, həmçinin iyunun 15-də Bakıda döyülən əcnəbi jurnalistlərin məsələsindən də xəbərdar olduğunu və bu işlə ABŞ səfirliyinin məşğul olduğunu qeyd edib.
«Azadlıq radiosunun yayımlanmamasına səbəb görmürəm»
«Bəs dövlət rəsmiləri ilə görüşdə «Azadlıq» və «Amerikanın Səsi» radiolarına FM tezliyinin qaytarılması müzakirə edilibmi» sualına T.Melianın cavabı belə olub: «Amerikanın səsi və Azadlıq Radiosunun böyük əhəmiyyəti olduğundan bu məsələlər qaldırılıb. Azadliq Radiosunun burda yayımlanmaması üçün əsaslı səbəb görmürəm».
Tomas Melianın səfəri iyunun 17-də başa çatır.