elnurastanbeyli@gmail.com
Bu günlərdə XX yüzilliyin ən amansız cəlladlarından biri Idi Aminin taxtdan endirilməsindən 36 il keçdi. Bu, tərəqqipərvər bəşəriyyət üçün əlamətdar günlərdən biridir, ən azı ona görək ki, Idi Amin kimi birinin hakimiyyətdə qaldığı hər gün tarix üçün üzqaralığı idi.
Əlbəttə, onun devrilməsi ilə “Afrikanın mirvarisi” adlandırılan Uqanda da həyatın, proseslərin tamamilə yaxşılığa doğru dəyişdiyini demək bəlkə də çətindir. Amma fakt budur ki, beynəlxalq hüquq müdafiə təşkilatlarının hesablamalarına görə, Idi Aminin 8 illik hakimiyyəti 100 minlə 500 min arasında insanın qətlinə gətirib çıxarmışdı.
Və budur, onun taxtdan endirilməsindən 36 il keçir və Idi Aminin adını hətta indinin özündə də, üstəlik, xalqına qan uddurduğu Uqandadan çox uzaq bir ölkədə – Azərbaycanda belə, dilinə gətirmək adamın ürəyini bulandırır.
Bəli, artıq 21-ci əsrdir və nə yazıq ki, dünya hələ də öz xalqları ilə düşməncəsinə rəftar edən, onu köləsi, rəiyyəti kimi görən rejimlərdən təmizlənməyib, arınmayıb. Üstəlik, biz də onillər boyudur basqıçı, repressiv bir Sistemin idarəçiliyi altında yaşayırıq, ölkəsini çağdışı yöntəmlərlə, zorakılıq yolu ilə idarə etməyin ağrısını çox yaxşı hiss edə bilirik.
Amma bir tərəfdən də təsəlli tapırsan ki, hətta yaxın tarixin bəlkə də ən zalım tiranlığını qurmuş Idi Aminə qalmayan dünya başqalarına yerli-dibli qala bilməz. Sərvət və hakimiyyət ehtirası heç kimə xoşbəxtlik vəd etmir. Bəli, güc və pul sahibi olmaq kənardan cəlbedici görünür, bu hətta sənə ölməzlik və məğlubedilməzlik hissi də aşılaya bilər. Amma reallıq budur ki, hələ heç bir güc və sərvət kiminsə qurdla qiyamətə qalmasına kömək etməyib.
Yenə Idi Aminlə bağlı bir fakt: o, hakimiyyətə gəldikdən cəmi 5 il sonra özünə o qədər vurğun olmuşdu ki, 1976-cı ildəki çıxışlarından birində özünü “əbədi prezident” elan etmişdi. Bu “əbədi”liyin ömrü isə vur-tut cəmi üç il çəkdi.
Dediyim odur ki, hakimiyyətin, sərvətin gözqamaşdırıcılığı aldadıcıdır, bir də baxarsan, şair demiş, “dünən fərman verən bu gün can verir”.
Bax elə ona görə də istənilən idarəetmə ədalət prinsiplərinə söykənməlidir. Öz gücünü, öz ilhamını hüquqdan almalıdır. Yox, yox, elə çıxmasın ki, bu fərmanı həmişə sənin verəcəyin anlamına gəlir, səni “əbədi” qılır. Sadəcə, nələrinsə hesabını vermək qorxusu ilə yaşamırsan. Gecələr min bir əndişə, min bir narahatlıq içində gözlərinin yuxusu ərşə çəkilmir.
Müəllifini unutduğum belə bir müdrik söz var: “Vicdan ən rahat yastıqdır”. Bəli, vicdan ən rahat yastıqdır. Hər cür günah iş tutduqdan, qul haqqı yedikdən, məzlumun ahını aldıqdan sonra yastığın lap qu tükündən olsa da, xeyri yoxdur, yuxu gözlərinə yağı kəsiləcək.
Indiyədək tarixdə zor, zopa gücünə hökm edərək, səhnədən qalib kimi getməyi heç kim bacarmayıb. Səhnəni məğrur, zəfərlə, başıdik tərk etməyin bircə yolu var: ədalətli davranmaq! Öz ölkəni zopa ilə deyil, zəka ilə yönəltmək. Tamahdan uzaq durmaq. Özünü hüququn üzərində görməmək, hər kəsə eyni gözlə baxmaq. Səni sevməyənlərə qarşı belə, adil olmaq. Səni kimi düşünməyənlərə qarşı belə, dözümlü olmaq.
Tarixə adını qalib kimi yazmağın başqa şərtləri, başqa yolları yoxdur. Olsaydı, heç düşünmədən, açıqürəkliliklə onları da yazardım.
Hə, az qala yadımdan çıxmışdı. Sarayların dəbdəbəsinə, təmtərağına uyub, ondan öz payını almağa çalışan, bunun üçün dondan-dona girən, haldan-hala məddahlar ordusunun, yaltaqlar sürüsünün tərifləri qulağa xoş gələ bilər, ürəyə yağ kimi yayıla bilər. Amma bu təriflərin qum üzərinə yazıldığını və dalğaların sahilə şığıması ilə yuyulub gedəcəyini heç vaxt, bir an olsun belə unutmamaq! – tarix səhnəsindən məğrurca, qalib getməyin bir şərti də budur.