Ölkə müxalifəti hakimiyyəti alternativ hökumət yaratmaqla hədələdi
Yəmən müxalifəti ölkənin vitse-prezidenti Mənsur Hadiyə ultimatum ünvanlayaraq keçid hökumətinin yaradılmasını tələb edib. Vitse-prezidentə ünvanlanmış ultimatumun müddəti təqdim olunduqdan 24 saatdan sonra bitir.
Mənsur Hadi əməkdaşlıqdan imtina edəcəyi təqdirdə müxalifət nəzarətindəki bölgələrdə birtərəfli şəkildə hakimiyyət orqanlarının yaradılacağını bildirib.
Müxalifətdəki Milli Qüvvələr Ittifaqının katibi Məhəmməd əl-Mutavəkilin sözlərinə görə, Müvəqqəti Şura ölkəyə keçid dövrü müddətində rəhbərlik edərək xalqın maraqlarını qoruyacaq və milli suverenliyi müdafiə edəcək.
Müxalifət təmsilçisi bildirib ki, ölkə başçısının səlahiyyətlərini icra edən Mənsur Hadi Fars Körfəzi ölkələrinin irəli sürdüyü “Yol xəritəsi”ndə göstərilənlərin həyata keçirilməsinə dərhal başlamalıdır: “Müxalifət gözləmək fikrində deyil. Prezident qısa zaman ərzində müvəqqəti keçid hökumətinə razılıq verib-verməyəcəyinə dair qərar qəbul etməlidir”.
Əli Abdulla Saleh hakimiyyətinə qarşı fəal mübarizə aparan gənclər hərəkatı isə öz bəyanatında keçid dövrünün 9 aydan çox çəkməyəcəyini bildirib. Bəyanatda deyilir ki, müvəqqəti hökumət peşəkarlardan ibarət olacaq və seçkilərin keçirilməsini təşkil edəcək.
Bununla yanaşı, Fars Körfəzi Ölkələrinin Əməkdaşlıq Şurası növbəti dəfə Yəmən prezidenti Əli Abdulla Salehi ölkədəki siyasi böhranın həlli üçün hazırlanmış “Yol xəritəsi”ni imzalamağa çağırıb. Çağırış haqda qərar Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Səudiyyə Ərəbistanının daxil olduğu Fars Körfəzi Ölkələrinin Əməkdaşlıq Şurası (KÖƏŞ) xarici işlər nazirlərinin Ciddədə Yəmənlə bağlı keçirilən növbəti iclasında qəbul olunub.
Xatırladaq ki, KÖƏŞ-in Yəməndəki siyasi böhranın həllini nəzərdə tutan “Yol xəritəsi” hələ aprelin əvvəlində irəli sürülmüşdü. Plana əsasən, Yəmən prezidenti ona və ailə üzvlərinə toxunulmazlıq hüququ müqabilində barışıq razılaşmasını imzaladıqdan sonra 30 gün ərzində postunu tərk etməlidir. Lakin Əli Abdulla Saleh bir neə dəfə “Yol xəritəsi”ni imzalayacağına söz versə də, son anda fikrindən daşınıb.
Prezident sarayına edilən hücumdan sonra ağır yaralanaraq Səudiyyə Ərəbistanında müalicə olunan Salehin yaxın günlərdə Yəmən xalqına müraciət edəcəyilə bağlı məlumat yayılıb. Ölkə başçısının həkimi Salehin səhhətinin yaxşılaşdığını və həyatı üçün təhlükə olmadığını bildirib.
Informasiya şöbəsi