Bütün təxribatlara baxmayaraq, Milli Şuranın çağırışı ilə 10 min nəfər meydana çıxdı; Növbəti aksiyanın vaxtı elan olundu
Milli Şuranın “Talana son” şüarı ilə təşkil etdiyi 15 mart mitinqi uğurla baş tutub. Təşkilatçıların verdiyi məlumata görə, aksiyada 10 min nəfər iştirak edib. Mitinqin sonunda Şura sədri Cəmil Həsənli növbəti mitinqin vaxtını elan edib – 5 aprel.
***
Dünən “Məhsul” stadionunda baş tutan aksiyaya təkcə Milli Şura və digər siyasi təşkilatların nümayəndələri deyil, xeyli sayda müxtəlif sosial təbəqələrdən olan vətəndaşlar da qatılmışdı. Bu da hakimiyyətin təzyiq və təhdidlərinə baxmayaraq artıq vətəndaşların narazılığını ifadə etməkdən çəkinmədiyini ortaya qoydu.
Həmçinin o da bəlli oldu ki, hakimiyyətin mitinqdən bir neçə gün əvvəl başlatdığı təxribatlar effekt verməyib. Qeyd edək ki, mitinqdən bir neçə gün əvvəl hakimiyyətin təxribat qrupu Bakı Şəhər Icra Hakimiyyətininin adından aksiyaya icazə verilmədiyi barədə saxta məktub yaydı. Daha sonra Milli Şuranın sədri Cəmil Həsənlinin “Facebook” səhifəsi ələ keçirildi. Onun adından aksiyanın martın 29-na keçirildiyi barədə yalan məlumatlar yayıldı.
Dünənki aksiya da ənənəvi olaraq Azərbaycan himninin səsləndirilməsilə başlanıb. Mitinqin aparıcısı AXCP sədrinin müavini Əbülfəz Qurbanlı çıxışında bildirib ki, aksiya xalqın sifarişi, müxtəlif sosial təbəqələrin narazılığını ifadə edən aksiyadır:
“Bu meydanda hər kəs var. Bu meydanda aylıq deyil, həftəlik ehtiyaclarını ödəyə bilməyəcək qədər pensiya alan Azərbaycan qocası var. Bu meydanda sosial məişət problemləri içərisində yaşayan Azərbaycan qadını var. Bu meydanda kirayələrdə yaşayan gənc ailələr var. Bu meydanda təhsil haqqını ödəyə bilmədiyi üçün ilk dərs günündə universitetin kandarından geri dönən 8 mindən çox Azərbaycan tələbəsi var. Bu meydanda 90 mindən artıq tələbə övladının ödənişli təhsil haqqını kiçik kreditlər hesabına ödəyən azərbaycanlı valideynlər var. Bu meydanda əli qabarlı, ancaq yoxsul Azərbaycan kəndlisi var. Bu meydanda ixtisara düşmüş əməkçilər var. Bu meydanda kredit borclarına görə özünü asmış Sabirabadlı Cəbrayıl Həsənov var. Bu meydanda Qoşa Qala qapıları qarşısında özünü yandıran, bədəni qəlpəli Qarabağ qazisi Zaur Həsənov var. Bu meydanda borclarına görə intihar etmiş Alim Qasımov var. Bu meydanda erməni əsirliyindən sonra öz vətənində uçuq-sökük binada yaşayan Xocalı sakini Leyla Səyyadova var. Bu meydanda fəhlə işləməyə dəvət olunan, aldadılan Azərbaycan müəllimi var. Bu meydanda kasıb amma uğurlu, üzü ağ, alnı açıq Azərbaycan müəllimi var”.
“Yarıtmaz idarəetmənizin hesabını bizə kəsməyin”
Daha sonra Əbülfəz Qurbanlı sözü AXCP sədri Əli Kərimliyə verib. AXCP sədri bildirib ki, hakimiyyətin bütün təxribatlarına, təzyiq və təhdidlərinə rəğmən vətəndaşlar mitinqə gəlməkdən çəkinmədilər. “Uca millətim, səni qorxuda, ruhdan sala, çaşdırıb aldada bilmədilər. Yenə də vazkeçmədin, yenə də meydanlardasan, onları yox, sənə zülm edənləri yox, səni öz haqqın uğrunda mübarizəyə çağıranları eşitdin”,- deyə Əli Kərimli əlavə edib.
AXCP sədri daha sonra hakimiyyətin kütləvi aksiyalardan ehtiyat etməsinə diqqət çəkib: “Son günlərdə gördünüz ki, on illərlə Azərbaycan xalqına zülm edən sülalə hakimiyyəti sizin ayağa qalxmağınızdan necə qorxur. Bu mitinqdən çox narahat olmuşdular. Nələr etmədilər ki, aksiya uğurlu alınmasın. Hörmətli Cəmil müəllimin ”Facebook” səhifəsini ələ keçirməklə oğurluq, xuliqanlıq elədilər, yalan yaydılar. Çalışdılar ki, sizi çaşdırsınlar. Bir çox insanları həbs elədilər. Istədilər ki, vətəndaşlarımızı qorxutsunlar. Şayiə mexanizmini işə saldılar. Bir amalları vardı. Siz qəddinizi, qamətinizi düzəltməyəsiniz. Siz bu zülmə qarşı hamılıqla “yox” demək üçün meydanlara axışmayasınız. Amma siz onları məyus elədiniz. Bu məhdud imkanla, yalnız sosial şəbəkələr üzərindən edilən, yalnız bir qəzetin, bir televiziya kanalının çağırışları ilə siz bu meydanı doldurdunuz”.
Əli Kərimli manatın kəskin devalvasiyasından danışaraq hökumətin bir gecənin içində xalqı aldatdığını bəyan edib: “Xatırlayırsınızsa, Azərbaycanın dövlət başçısı dekabr ayında dedi ki, neftin qiymətinin düşməsini hiss etməyəcəksiniz. Yanvarda dedi ki, hamınız pulunuzu manatda saxlayın, narahat olmayın. Fevralda isə xalqımıza milyardlarla ziyan vurdular. Və bu gün biz burdayıq ki, bu talana, bu qarətə yox deyək. Hökumətdən tələb edək ki, öz yarıtmaz idarəetmənizin hesabını bizə kəsməyin. Çünki, bu sosial iqtisadi böhran təbii fəlakət deyil. Obyektiv səbəblərlə bağlı deyil. Bu sizin yarıtmaz idarəetmənin nəticəsidir. Bu gün olmasa da, bəlkə bir il sonra, altı ay sonra bu olacaqdı. Indi bunu neftin qiymətinin nisbətən düşməsilə əlaqələndirirlər. Amma təkcə səbəb bu deyil. Bu böhran, bu iflas labüd idi. Ona görə ki, Azərbaycandan son on ildə 48 milyard oğurlanıb ofşor zonalara aparılanda bu işin sonu belə olmalıydı. Ona görə ki, Azərbaycandan dövlət investisiyaları adı altında hər il 8-9 milyard pul xərclənib, onun 70 faizi korrupsiya piramidası ilə təzədən özlərinə toplananda axırı belə qurtarmalı idi. Ona görə ki, 19 milyardlıq büdcəsi olan Azərbaycanın, müəllimi 150-200 manat maaş alan, həkimi ondan da az maaş alan, təqaüdçüsü qəpik-quruşun ümidinə qalan Azərbaycanın nəyinə yaraşırdı ki, hətta Almaniyanın da özünə rəva görmədiyi 8 milyardlıq olimpiada keçirsin. Həmin israfçılığın nəticəsidir bu böhran. Bu bədxərcliyin, görməmişliyin, acgözlüyün, talanın nəticəsidir böhran. Bu gün bura toplaşmışıq ki, Azərbaycan hökumətindən haqqımızı tələb edək. Tələb edək ki, zəhmət çəksinlər həmin o manatı 34 faiz ucuzlaşdırdıqları kimi, indi bizim maaşlarımızı da, müavinətlərimizi də o qədər qaldırsınlar. Bank kreditlərini də aşağı salsınlar, banklarda krediti olanlara da köhnə məzənnə ilə borclarını qaytarmağa fürsət tanısınlar. Eyni zamanda real olaraq bahalaşma ilə da mübarizə aparsınlar. Gedib bazarlarda, dükanlarda 5-10 qəpiyə görə 12 saat piştaxta arxasında duran adamlara təzyiq eləmək lazım deyil. Bu ölkəyə malı siz gətirirsiz. Onu gətirdiyiniz qiymətdən 3-4 dəfə baha qiymətə siz satdırırsız. Durdurun bu korrupsiyanı!”
“Bu hakimiyyət anti-xalq siyasəti həyata keçirir”
AXCP sədri qeyd edib ki, bu gün vətəndaşların düçar olduğu yoxsulluq və talançılığın kökündə hakimiyyətin bacarıqsızlığı, korrupsiyaya bulaşması dayanır: “Siz onların oğru, korrupsioner olduğunu yaxşı bilirsiniz. Siz onların yarıtmaz idarəedici olduğunu yaxşı bilirsiniz. Amma mən iddia edirəm ki, onlar anti-xalq siyasəti həyata keçirirlər. Şüurlu şəkildə belə edirlər. Çünki, bu gün Azərbaycan cəmiyyətinin hesabını verdiyi o neftin ucuzlaşmasının cəmi Azərbaycana vurduğu ziyan hardasa 2 milyardın ətrafındadı. Bu 2 milyard 50 milyard rezervi olan xalq üçün nə qədər böyük vəsaitdi ki, bu xalqın başına belə oyun açdılar? Axı bu 2 milyardın 3-4 mislini hər il korrupsiya vasitəsilə mənimsəyirlər. Yadınızdadırmı 2011-ci ildə ”ərəb baharı” zamanı qorxuya düşmüşdülər və bir neçə aylıq “korrupsiya pəhrizi” saxlamışdılar. O zaman bizə aydın olmuşdu ki, Azərbaycanda korrupsiya bir sistemdir. Icazə verəndə işləyir, komanda verəndə dayanır. Indi cəmi 6 ay korrupsiya dayansa həmin 2 milyard artıqlaması ilə ödənər. Amma yox, bunlar deyirlər ki, olimpiada keçirib bütün Avropa qarşısında lovğalancağıq.
Mən Azərbaycanın sərvətinin Ermənistan idmançılarına xərclənəcəyini eşidəndə bir il bundan qabaq övladlarının gözünün qarşısında sosial çətinliklərə görə, haqqını bu ölkədə tapa bilmədiyinə görə özünü yandırmağa məcbur edilmiş Qarabağ qazisi Zaur Həsənovu xatırladım. Mən bu xəbəri eşidəndə Qarabağ qazilərini Zaur Həsənovun ölümünə etiraz etməyə çağırdığı üçün həbs edilən AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflini, Qarabağ qazilərinin yaşadığı məhrumiyyətləri xatırladım. Bir iki ay bundan qabaq şəhid ailələri Milli Məclisin qarşısına toplaşmışdılar ki, 1994-cü ildən ala bilmədikləri, 13 min 500 nəfər şəhid ailəsinə verilməli olan “qan pulu”nu tələb edirdilər. 20 ildir bu pulu ala bilmirlər, amma Azərbaycanın pulu ermənilərə xərclənir. Ermənistana sərmayə qoymaq istəyirlər.
Azərbaycanın dərdi təkcə iqtisadi, sosial deyil. Dərd, haqsızlıq, ədalətsizlik dərdidir. Mən hər dəfə Heydər Əliyev Fondunun adından hansısa zəngin bir Avropa ölkəsində bir kilsənin, bir binanın təmir olunması üçün pul veriləndə, park salmaq üçün, məktəb salmaq üçün dünyanın hər yerində milyonlar xərclənəndə bir il bundan qabaq müalicəsi üçün pul tapa bilmədiyimiz həyatını itirən 16 yaşlı Nərmini xatırlayıram”.
AXCP sədri sonda bildirib ki, ölkədə köklü dəyişikliklərə nail olmaq üçün azad seçkilərə, siyasi məhbusların azadlığa çıxmasına nail olunmalıdır: “Özümüzü bu iyirmi illik sülalə hakimiyyətinin işğalından azad etməliyik. Mən ümid edirəm ki, 15 martda başlamış proses davamlı olacaq, biz öz azadlığımıza qovuşacağıq”.
“Azərbaycan hakimiyyəti xaqla məhrumiyyətlər yaşadır”
Əli Kərimlidən sonra çıxış edən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gözəl Bayramlı bildirib ki, ölkədə baş verən ədalətsizlik, korrupsiya Azərbaycan hakimiyyətinin uzun illər apardığı anti-xalq siyasətinin nəticəsidir: “Iqtisadi inkişaf və quruculuq nağılları ilə xalqa yalan danışan hakimiyyət əslində özünün rüşvətxor, korrupsioner, talançı mahiyyətini gizlətməyə çalışır. Dövlət büdcəsi gərəksiz layihələr adı altında talan edilir. Indiyə qədər Neft Fonduna daxil olan 110 milyard manata yaxın vəsaitdən Azərbaycan xalqına qara qəpik də verilməyib. Azərbaycan hakimiyyəti və bir qrup məmur Azərbaycan xalqının bu günü və gələcəyi üçün toplanmalı olan vəsaitləri darmadağın edib, gərəksiz layihələrə yatırıblar. Elə bir demokratik ölkə təsəvvür etmək olarmı ki, həmin ölkədə xalqın sərvətləri xalqın rifahına xərclənməsin? Təbii ki, təsəvvür etmək olmaz. Çünki həmin demokratik ölkələrdə hakimiyyəti xalq formalaşdırır, xalq seçir. Azərbaycanda isə saxta yolla hakimiyyəti zəbt edən bir hökumət var. Ona görə də bunlar xalqla hesablaşmırlar. Neft pullarının darmadağın edildiyi halda bu vəsaitlərin hara xərcləndiyi barədə xalqa hesabat vermirlər. Azərbaycan dərin sosial-iqtisadi böhran içindədir. Azərbayan hakimiyyətinin yarıtmaz siyasətinin nəticəsində iqtisadiyyatımız neftdən tamamilə asılı vəziyyətə düşmüşdür. Hakimiyyətin qeyri-neft sektorunun inkişafı barədə dedikləri isə yalandan başqa bir şey deyil. Bu gün Azərbaycan hakimiyyəti xaqla arxa durmaq, sahib çıxmaq əvəzinə onlara ağır məhrumiyyətlər yaşadır. Bu gün Qarabağ qazisinin öz müalicəsi üçün küçələrdə dilənməsi hakimiyyətin vecinə də deyil. Qarabağ qazisi ağır sosial məhrumiyyətlər ucbatından özünə qəsd etdiyi halda hakimiyyət barmağını belə tərpətmir. Pensiyaçı aldığı cüzi pensiyanı ayın əvvəlindən sonuna qədər çatdıra bilmir. Azərbaycan tələbəsi aldığı cüzi təqaüdlə necə yaşayacağı ilə qəhr olur. Hakimiyyət isə bunları görməzlikdən gəlir.
Vicdan məhbuslarından danışırıq. Nədir Xədicə Ismayılın günahı? Hakim ailənin korrupsiya əməllərini ifşa etdikləri üçün ondan qisas alırlar. Nədir Leyla Yunusun günahı? Leyla Yunus Azərbaycan hakimiyyətinin repressiya siyasəti apardığını ölkədə çoxlu sayda siyasi məhbus olmasını dünyaya çatdırdığı üçün ondan intiqam alırlar. Nədir Seymur Həzinin günahı? Ilham Əliyevi tənqid etdiyi üçün, hakimiyyəti ifşa etdiyi üçün ondan intiqam alırlar. Intiqam Əliyevin nedir bəs günahı? Hüququ pozulanların şikayətlərini Avropa məhkəməsinə hazırlayırdı. Anar Məmmədlinin nədir günahı? Anar Məmmədli bu hakimiyyətin seçki saxtakarlığını ifşa etdiyi üçün cəzalandırıldı. Və digər qeyd edə bilmədiyimiz onlarla siyasi məhbuslar ancaq bu rejimin əleyhinə getdikləri üçün şərlənərək həbs olundular.
Indi də məlumat aldıq ki, insanların meydana gəlmələrinə imkan vermirlər. Hamısı qorxudandır. Biz bunları bilirik. Bu gün meydanda həmin o saymadığınız xalqdır ki, sabah onların sayı on minlər olacaq. Və bu xalqın qarşısında dura bilməyəcəksiz!”.
“Hər yerindən duran dələduz xalqa ağıl dərsi verir”
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Hacı Rövşən Əhmədli çıxışında bildirib ki, Azərbaycan xalqının yalnız manatı oğurlanmayıb: “Bu gün Azərbaycan vətəndaşının üzündən gülüşünü oğurladılar. Bu gün Azərbaycan kişisinin vüqarını sındırmaq, ailə yanında başıaşağı etmək istədilər. Bu gün Azərbaycan xanımının xanımlığına təcavüz elədilər. Biz bütün bunlara ”yox” deyirik. Oğrunun əlini kəsmək əvəzinə görənin gözünü çıxarırlar, danışanın dilini kəsirlər. Buna dözmək olmaz. Azərbaycan vətəndaşı halal zəhməti ilə qazandığı pullarını bu hakimiyyətə etibar edib, onun banklarında yerləşdirib və bir gün içində 30 faizini itiribsə, bir ağıllı adam çıxıb bu hadisəyə ağıllı don da geyindirə bilmədi. Hadılar çıxıb dedi ki, müəllim, dolana bilmirsənsə, get fəhləlik elə. Amma bir şeyi edə bilmədilər. Bütün sərvətləri oğurlasalar da, Azərbaycan xalqının mübarizə əzmini sındıra, oğurlaya bilmədilər. Ona görədir ki, siz bu meydanda varsınız, var olacaqsınız. Vicdansız, qərəzli hesabat verənlər gəlsin bu gün xalqın qarşısında açıq hesabat versin. Hakimiyyətlə əlbir olub öz şəxsi mənafeləri üçün çalışanlar qərəzli açıqlamalar verib deyirlər ki, indiyə kimi manatın verdiyi rahatlıqla dolanmısınız indi canınız çıxsın dözün. Bu xalq nə vaxt kef eləmişdi ki? Sən öz arşınınla bu xalqı qınaya bilməzsən. Hər yerindən duran dələduz xalqa ağıl dərsi verir.
Bu xalq manata görə ayağa qalxmayıb, əzilən mənəviyyatına görə, onu insan yerinə qoymadığına görə, onunla hesablaşmadığına görə meydana çıxıb və deyir ki, yalana, talana son verilsin.
Avropalını yaraşıqlı binalarla təəccübləndirmək olmaz. Avropalı görməsin deyə kasıb evləri gizlədə bilərsən amma bu xalq bunları görür.
Iyirmi ildir şəhid ailələrinin pulu verilmir. Azərbaycanın torpağını işğal edənlər, azərbaycanlıları əsir götürənlər indi bu ölkəyə əziz qonaq kimi gəlir. Bu gün Milli Şuranın mitinqinə gələn bütün gəncləri, xanımları, yaşlı nəslin nümayəndələrini salamlayırıq, biz inanırıq ki, siz bu yalanın, talanın axırına çıxacaqsınız”.
“Hakimiyyətin başında oğrular oturub”
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə çıxışında bildirib: “Bu təkcə manat davası deyil. Bu insanlıq, haqq davasıdır. Çünki bizim haqqımızı alırlar. Bizi insan yerinə qoymurlar. Çünki hakimiyyətin başında oğrular oturub. Onların yeri həbsxana ikən onlar bu gün prezident aparatında, nazirliklərdə oturublar. Ölkə kriminal bir şəbəkənin əlinədir. Dostlar, təkcə bu günümüz məhrumiyyətlər içində deyil nə qədər ki, bu kriminal hakimiyyət var övladlarımızın gələcəyi də təhlükədədir. Heç kimin hüququna təminat yoxdursa, insanlar insan yerinə qoyulmursa, demək ki, bu ölkədə heç kim xoşbəxt ola bilməz. Yalnız bu millətin sərvətini talamaqla xalqın qanını sormaqla gözünü haqqa bağlamışlar özünü xoşbəxt saya bilər.
Uzun illər ərzində Azərbaycan neftini satıb pulları mənimsədilər. Monopoliya ilə qeyri-neft sektorunun inkişafına imkan vermədilər. Nəticədə bu gün manat neftdən asılı vəziyyətə düşdü. Neftin qiyməti düşən kimi Azərbaycanda iqtisai böhran baş verdi. Bunun tək günahkarı bu hakimiyyətdir. Ona görə də onlar bu xalqa cavab verməlidirlər. Neft Allahın bu xalqa bir lütfüdür. Ilham Əliyev isə elə danışır ki, sanki neft onun qabliyyətinin, bacarığının nəticəsidir. Neftin qiyməti düşən kimi nə oldu, harda qaldı sizin o iqtisadi inkişaf nağıllarınız? Mağazalara qiymət artımı qadağası qoyub insanları aldatmağa çalışırlar ki, guya hakimiyyət bahalaşmaya qarşı mübarizə aparır. Necə mübarizə aparır ki, gömrükdə vergi aşağı salınmır ki, məhsulların maya dəyəri aşağı düşsün. Nəyə görə ölkədə monopoliya ləğv edilmir ki, qiymətlər aşağı düşsün. Əgər manat dəyərdən düşübsə, əgər iqtisadiyyat idxaldan asılıdırsa, ölkə mağazalarında mallar baha satılmasın, bəs necə olsun? Bahalaşmanın səbəbi gömrükdədir. Bahalaşmanın səbəbi hakimiyyətin xalqın qanını sormasıdır. Düşünməyin ki, manat ucuzlaşıb deyə bunlar öz gəlirlərindən vaz keçəcəklər. Bunlar xalqın şəhidlərinin qan puluna göz dikəcək qədər qansızdırlar. Bu hakimiyyətdəkilər xalqın sərvətlərini öz şöhrətpərəstliyi üçün erməni idmançılarının xərclərini ödəyəcək qədər antimillidirlər.
Evimizdə oturub bunlardan insaf gözləyəcəyiksə, bu zalımların dəyirmanına su tökmüş olacağıq. Mən sizi mübarizəyə çağırıram, dostlar. Bu mitinqlərin təçkilatçısı təkcə Milli Şura, Xalq Cəbhəsi olmamalıdır. Növbəti mitinqimizin təşkilatçısı bu ölkədə ədalət görmək istəyən, harınların ölkədə zülmünün davam etməsini istəməyənlər olmalıdır”.
“Monopoliyanın başında da şəxsən İlham Əliyev dayanıb”
Sonda Milli Şuranın sədri Cəmil Həsənli çıxış edib. Cəmil Həsənli də çıxışına mitinqöncəsi təxribatları diqqətə çatdırmaqla başlayıb: “Iyrənc işlərə əl atdılar, ”Facebook” səhifəsini oğurladılar, mayası oğurluqla tutulmuş bu hakimiyyətdən bundan artıq nə gözləmək olar?! Əvvəl Əliyevlər bu hakimiyyəti oğurladı, sonra bu millətin sərvətini oğurladı, sonra səs oğurluğuna keçdi, yüzlərlə siyasi məhbus ordusu yaratmaqla bu millətin azadlığını oğurlamağa başladı, indi də virtual oğurluğa keçib. Oğurluğu bu halal ölkədə ənənəyə çevirənlərə ar olsun. Bilirsiniz ki, fevralın 21-də, bu gün “Qara şənbə” adlanan həmin gündə vətəndaşlarımızın həyatına, iqtisadiyyatına, büdcəsinə, dolanışığına qəsd edildi. Ancaq faşist dövlətlərində anti-xalq qərarlarını şənbə günləri verirdilər. “Qara şənbə” terminini bu ölkəyə gətirənlərə ar olsun!
Dəyərli vətəndaşlar, doğrudan da ölkəmizin iqtisadi vəziyyəti müstəqillik illərində gözə çarpacaq dərəcədə dəyişmədi. Müstəqillik uğrunda Azərbaycan xalqı qan tökmüşdü, millətin müstəqilliyi deyil, bir ailənin, bir sülalənin müstəqilliyinə çevrildi. Televiziya ekranlarından tez-tez deyirdilər ki, dünyanı böhran bürüyüb amma Azərbaycan xalqı bunu hiss etməyəcək. Bu sözləri deyənlər anlamırdılar ki, Azərbaycan xalqı 20 ildir ki, böhran içindədir.
Bu gün gəlib bu millətə hesabat vermək lazımdı ki, bu halal məmləkəti niyə korrupsiya bataqlığına çevirdiniz. Dünyada hansı oğurluq faktları varsa orda Azərbaycanın adı çıxır. Nə zamana qədər ki, bu millət öz iradəsini ortaya qoyub bu sülalə rejiminə yox deməyəcək, Azərbaycan vətəndaşı bu zülmdən qurtula bilməyəcək. Zülm varsa dirəniş də olmalıdır. Heç bir zalım rejim əbədi deyil. Əliyev rejimi də əbədi deyil və bir gün bu xalq bu rejim üzərində öz qələbəsini qeyd edəcək.
Görürsünüz ki, korrupsiyaya qarşı ona yaxın idarə, komitə, komissiya yaradıblar. Heç nə dəyişməyib. Ona görə ki, korrupsiyanın başında şəxsən Ilham Əliyev özü dayanıb.
Sevgili gənclik, bu bayram ərəfəsində məmləkətin bazarlarında qiymət od tutub yanır. Diqqət yetirin cənubumuz Irandı, şimalımız Rusiyadı. Bircə nümunə deyim, Iranda bananın kilosu 60 qəpik, Rusiyada 80 qəpikdirsə, nədən Azərbaycanda 2 manat 80 qəpik olmalıdır? Çünki bu ölkədə iqtisadiyyat deyə bir şey yoxdu. Bu ölkədə qiymətləri monopolistlər müəyyən edir. Monopoliyaya ona görə son qoyulmur ki, bu şəbəkənin başında da şəxsən Ilham Əliyev dayanıb.
Bizim gözəl vətənimiz, 1918-ci ildə dünyaya cumhuriyyət nümunəsi vermiş ölkəmiz bu gün rüşvət bataqlığına çevrilib. Indi Azərbaycan vətəndaşı az qalır ki, hava almağa görə də rüşvət versin. Gözümüz aydın olsun, ölkənin bir sıra parklarını da pullu etmək istəyirlər. Nədən bu rüşvəti yığışdırmaq olmur? Gözümüzün qabağında Gürcüstan nümunəsi var. Birinci şəxs rüşvətə bağlı olmayanda rüşvətə qarşı mübarizə aparmaq, onu azaltmaq, onun kökünü kəsmək olur.
Vətəndaşın kredit əsarətinə düşdüyü bankların yüzdə səksəni Əliyev ailəsinə məxsusdu. Dünyanın hansı ölkəsində görünüb ki, 25 faiz kredit dərəcələri ilə iqtisadiyyatı inkişaf elətdirmək olar.
Bu gün manat Azərbaycanda hər gün pul yeyir. O qədər sürətlə yeyir ki, inanın axırda bunların özünü də yeyəcək.
Dəyərli vətəndaşlar, hörmətli iş adamları, ölkəmizdə böyük vergi soyğunçuluğu baş verir. Bu heç nə ilə məhdudlaşmayan bir soyğunçuluqdu. Səbəbini soruşanda deyirlər ölkəmiz Olimpiya oyunları keçirir.
Millətin fəlakəti üstündən özünü təbliğ edənlərə ar olsun!
Öz canını, öz həyatını torpaqlarımızın müstəqilliyi uğrunda qurban vermiş 13 min 500 şəhid ailəsinin halal haqqını vermirlər. Indi geniş bir intihar dalğası başlayır. Bankların əsarətinə düşənlər özlərini intihar etməyə başlayırlar.
Sevgili gənclik, bilirsiz ki ali məktəblərimizin 60-70 faizi pulludu. Indi sizin valideynləriniz illik təhsil haqqınız üçün 2 min verirdi, indi gərək 2600 versin. Ölkə böyük bir qiymət bahalaşması girdabına düşmüşdür. Bundan vətənimizi xilas etmək lazımdı. Bu xilas yolu isə vətəndaşın öz iradəsini ortaya qoymasından keçir.
Sizin xahişinizi nəzərə alaraq aprel ayının 5-də, saat 15:00-da bu meydanda növbəti mitinqimizi keçirəcəyik. Qoy profil oğurlayanlar, facebook səhifəsi oğurlayanlar bilsinlər ki, 2015-ci ilin 15 martı son deyil, başlanğıcdı”.
Sonda mitinqin qətnaməsi oxundu.
“Talana son” mitinqi haqda Bakı polisindən yalan məlumat
Milli Şuranın mitinqinə qarşı hakimiyyətin təxribatı aksiyadan sonra da davam edib. Bakı Şəhər Baş Polis Idarəsi mitinqlə bağlı yaydığı məlumatda bildirib ki, onun təşkilində guya Xalq və Islam partiyaları da iştirak edib. BŞBPI mitinq iştirakçılarının sayını da reallıqdan dəfələrlə aşağı göstərib – 600 nəfər.
Bakı polisinin yaydığı bu məlumatlarla əlaqədar 15 mart mitinqinin təşkilat komitəsinin sədri Fuad Qəhrəmanlı azadliq.info-ya deyib ki, bunu Milli Şuraya qarşı növbəti təxribat saymaq lazımdır.
“Mitinqin təşkilində guya Xalq və Islam partiyalarının iştirakı barədə Bakı polisinin məlumatı heç bir reallığa söykənmir. Bu partiyalar nəinki mitinqin təşkilatçısı olmayıblar, hətta onlarla Milli Şura arsında bu barədə hər hansı müzakirə belə getməyib. Görünür, bu məlumatı yazanlar ümumiyyətlə, prosesdən xəbərsizdirlər. Elə mitinqçilərin sayını 600 nəfər göstərmək də reallıqdan uzaq gülünc hərəkətdir. Bunlar mitinqin təşkilatçılarını necə müəyyənləşdiriblərsə, sayı da o cür müəyyən ediblər. Mitinq Komitəsi olaraq bildiririk ki, mitinqi Milli Şura təşkil etmişdi və aksiyada 10 min nəfər iştirak edirdi. Bunu aksiyadan çəkilmiş fotolardan da aydın görmək olar.
Bəyim Həsənli,
Emil Səlimov