Milli Şura üzvlərindən çağırış: “Səsimizi ucaltmasaq hakimiyyət soyğunçuluğa davam edəcək”
“Bu hakimiyyət ahıl yaşlı adamın kəfən puluna belə göz dikəcək qədər cılızdır”
Milli Şuranın martın 15-nə təyin etdiyi “Talana son” mitinqinə hazırlıq yüksək səviyyədə gedir. Mitinqə ictimai maraq sosial şəbəkələrdə açıq-aydın hiss olunur. Xeyli sayda ictimai-siyasi fəal bu aksiyanın zəruriliyini yazır, orada iştiraka çağırışlar edir. Mitinqlə bağlı facebook-da yaradılan dəvətə qoşulanların da sayı durmadan artır.
Hər bir Azərbaycan vətəndaşı bu aksiyaya qatılmalıdır
Milli Şura Kordinasiya Mərkəzinin üzvü, istiqlalçı deputat İbrahim İbrahimli hesab edir ki, 15 mart mitinqinə belə ictimai marağa səbəb onun sosial-iqtisadi həyatımızda baş verən kəskin maddi dəyişiklikdən doğan sosial sifarişlə bağlıdır: “Bir gecədə milli valyutanı ucuzlaşdıranların məqsədi insanların min bir əziyyətlə yığıb-topladığı son tikəsini də əlindən almaqdır. Bu hakimiyyət ahıl yaşlı adamın kəfən puluna belə göz dikəcək qədər cılızdır. 21 fevral “Manat əməliyyatı”ndan sonra cəmiyyətin hakimiyyətə qarşı aqressiyası haqlı olaraq daha da artı. Bu əslində, milli valyutanın deyil, rejimin, hökumətin devalvasiyasi idi. 20 ildən artıq xalqı “güclü iqtisadiyyat” nağılları ilə yuxuya verən hakimiyyət son aylardakı soyğunçu siyasətilə öz mahiyyətini göstərmiş oldu”.
İbrahm İbrahimli vurğudadı ki, Milli Şura ölkədə hökm sürən özbaşınalıqlara, soyğunçu siyasətə etiraz etmək üçün xalqın çağırışlarını nəzərə alaraq, 15 mart mitinqini təyin edib. Bu mitinq hər hansı siyasi təşkilatın deyil, bütövlükdə toplumun mitinqidir: “15 mart mitinqi hər bir azərbaycanlıya arzu-istəklərini ifadə etmək, “yalana, talana son” demək fürsətləri yaradacaq. Cəmiyyətin bütün təbəqələri – şəhid ailələri, pensiyaçlar, müəllimlər, həkimlər, bütövlükdə hər bir Azərbaycan vətəndaşı bu aksiyaya qatılmalıdır”.
Taleyimizə sahib çıxmalıyıq
Milli Şura üzvü Məşədi Natiq Kərimov hesab edir ki, hökumətin manatla bağlı qərarı və bahalaşmaya rəvac verməsi əslində xalqa qarşı hörmətsizlikdir: “20 ildir korrupsiya yolu ilə xalqın malını, pulunu. sərvətini talan edən hakimiyyət bu xalqa nə gün ağlayıb?! Oğurlayıb xaricə daşıdıqları pula toxunmayan iqtidar nümayəndələri iqtisadi problem yarandığında ağrını bu xalqa çəkdirməlidir? Xalqı bundan artıq necə təhiqr etmək, alçaltmaq olar? Hakimiyyətdə olduqları uzun illər ərzində maddi imkanlar olub ki, qeyri-neft sektorunu, kənd təsərrüfatını inkişaf etdirsinlər, bank sektorunda reformalar həyata keçirsinlər. Bunların heç biri olmadığı üçün mövcud iqtisadi problemlər ortaya çıxıb. Tez bir zamanda bu talançılığa son verilməsə sosial partlayış qaçılmaz olacaq.
İnsanlar nəhayət dərk etməlidir ki, öz taleyimizə özümüz sahib çıxmalıyıq. Kimsədən kömək gözləmədən səsimizi ucaltmasaq, hakimiyyət soyğunçuluğa davam edəcək. Mən bütün inanclı insanlarımızı da 15 mart mitinqinə dəvət edirəm”.
15 mart mitinqi xalqın sifarişi ilə təyin edilib
Tanınmış hüquqşünas, Milli Şura Koordinasiya Mərkəzinin üzvü Namizəd Səfərov da hesab edir ki, 15 mart mitinqi xalqın maraqlarına uyğun, onun sifarişi əsasında təyin edilən bir aksiyadır: “Mən inanıram ki, “Talana son” mitinqi cəmiyyətin bütün təbəqələrinin iştirakı ilə kütləvi bir tədbirə çevriləcək. Narazı əhalinin öz tələbini hökumətə çatdırmaqçün meydana axışacağını güman edirəm. Bütün gəncləri, tələbələri, müəllimləri, həkimləri bu aksiyada iştiraka səsləyirəm. 15 mart aksiyası xalqın daha susmaq istəmədiyini əyani sübut edəcək bir mitinqə çevrmək üçün hamılıqla Məhsul stadionuna gəlməliyik!”.
İnsanlar fəallıq göstərməsə, hökumət geri çəkilməyəcək
Milli Şura üzvü Vahid Məhərrəmovun fikrincə, artıq hiss olunur ki, hökumət idarəetmədə çətinlik çəkir. Son proseslər bunu bir daha isbat edir. Vahid Məhərrəmov hökumətin iqtisadi problemləri həll etmək üçün xalqdan ciddi təzyiq görməli olduğunu vurğulayır: “Bu qədər neft gəlirləri hansı istiqamətə xərclənir? Niyə bu qədər işsizlik problemi, bahalaşma yaşayır bu xalq? Hesab edirəm ki, insanlar fəalliıq göstərib 15 mart mitinqinə qoşulmasa, hökumət geriyə çəkilməyəcək. Müəllim, həkim təbəqəsi, gənclik fəallaşmalı, öz vətəninə sahib çıxmalıdır”.
Emil