elnurastanbeyli@gmail.com
“Mən indi başa düşürəm ki, adamların içində olmaq nə deməkdir. Indi görürəm ki, əslində, ölkədə, cəmiyyətdə nələr baş verir. Sən demə, mən həbsdən əvvəl heç nə bilmirəmmiş. Ətrafımdakılardan başqa heç nəyi görmürdüm. Ona görə də çox şeyi bilmirdim…”
10 öncə öz amansız qoçu dəstələri ilə məşhur olan AMAY Abdullanın gün gəlib, məhkəmə qarşısında əyləşəcəyini və qəzetlərin təbirincə desək, “od püskürəcəyini” kim təxmin edə bilərdi? Bunu hətta xəyal belə edəni dəli adlandırardılar.
Amma gələcək ona görə gözəl və maraqlıdır ki, onu proqnozlaşdırmaq mümkün deyil.
AMAY Abdulla indi həbsdədir və yazının lap əvvəlindəki etiraf dolu cümlələr onun məhkəmədəki çıxışındandır.
Nə demək olar?
Açığı, mən bu cür həbslərlə bağlı mərhəmətli düşünə bilmirəm. Əlbəttə, ədalət hamı üçündür, haqsızlığı kimə qarşı baş verməsindən asılı olmayaraq pisləmək lazımdır. Mən heç bilmirəm ki, AMAY Abdullaya elan edilən ittihamlarda həqiqət və ya yalan payı nə qədərdir.
Necə ki, Əli Insanov, yaxud Fərhad Əliyevlə bağlı da bilmirdim. Necə ki, “Quska” kimi tanıdığımız Hüseyn Abdullayevlə bağlı da bilmirdim.
Nə bilmirdim, nə də bilmək istəyirdim. Çoxları da eləcə. Illərcə xalq üçün, onun azad, firavan, ləyaqətli gələcəyi üçün qazdıqları quyuya indi onların özlərinin niyə, hansı səbəbdən düşdüyünü bilmək heç maraqlı da deyil. Ölkədə elə bir ədalətsiz düzən, elə bir qəddar sistem mövcuddur ki, onsuz da hər kəs oradan bir cür nəsibini alır. Bu ədalətsiz düzən, bu qəddar sistem var olduqca, Azərbaycanda kimsənin mal və can güvənliyinin olmadığı quşqusuzdur. Yox, yox, söhbət ondan getmir ki, belə bir əminliyə sahib olmaq üçün insandan hansısa yüksək intellekt, dərin savad, ya da hansısa fövqəlintuisiya, yaxud dəhşətli dərəcədə uzaqgörənlik tələb edilir. Əsla. Qətiyyən. Belə rejimlərin təcrübəsini az-çox öyrənmək kifayətdir.
Bir meşə yanarsa, oradakı bütün canlılar da yanar. Bax elə ən azı buna görən Azərbaycanı saran ədalətsizlik yanğınında belə ədalətsiz düzənin, qəddar rejimin yaranmasında can-başla iştirak etmiş, onun vintciyi və təkərciyi rolunu oynamış adamların da “külə dönməsi” qaçılmaz və məntiqi sonluqdur.
Elə bir sonluq ki, başqalarında mərhəmət hissi də doğurmur. Necə deyərlər, “öz cəzandır, çək Balaş” (Cəfər Cabbarlı).
Bəli, AMAY Abdulla dediyi kimi, illərlə ətrafındakılardan – puldan, komfortdan, lüks həyatdan, dəbdəbədən, təmtəraqdan başqa heç nə görmürsən. Ta o vaxtacan ki, bir də gözünü açıb özünü qazdığın quyuda görürsən. Sonra isə ənənəvi fəryadlar başlayır: “Bu haqsızlıqdır. Mən cinayətkar deyiləm, qurbanam. Ədalətli mühakimə istəyirəm”. Bu ölkədə yox edilmiş, bu gün faktiki olaraq mövcud olmayan bir şeyi necə istəyə bilərsiniz? Axı onu həm də sizin əlinizlə məhv ediblər! Indi isə siz onu tələb edirsiniz. Gec deyilmi?! Bunu hüquq, azadlıqlar, demokratiya istəyi və tələbi ilə meydanlara çıxan insanların üstünə qoçu dəstələri göndərəndə fikirləşmək olmazdımı?
“Mən həbsdən əvvəl heç nə bilmirəmmiş” – inciməyin, cənab, amma bu bir cümlədə heç bir səmimiyyət yoxdur. Ədalətsiz şəkildə varlanmağın, kirli yollarla yüksək imtiyazlar qazanmağın yollarını bilirdiniz, amma bir tayfa-klan rejiminin Azərbaycanı hamımız üçün necə təhlükəli, qorxunc, dəhşətli bir gələcəyə sürüklədiyinimi bilmirdiniz? Axı siz hamıdan çox işin içində idiniz – görürdünüz ki, bu ölkədə hansısa mənsəb, yaxud biznes sahibi olmaq üçün hansı şərtlər tələb edilir! Elə isə bir gün bunun bədəlini bütün xalqla bərabər özünüzün də ödəməli olacağınızı anlamaq çoxmu çətin idi?!
Azərbaycanda bu Şər ağacını əkib, vaxtlı-vaxtında suyunu verib dibini belləyib, böyüdüb, sonra da onun acı meyvəsini dərib yeməyə başlayanda üz-göz turşutmaq lazım deyil. Etiraflar, peşmanlıqlar, təəssüflər üçün artıq xeyli gecdir. Bu etiraflar, peşmanlıqlar, təəssüflər yaradıcısı və iştirakçısı olduğunuz ədalətsiz düzənin onillərdir xalqa yaşatdığı məşəqqətlər, məhrumiyyətlər qarşısında onsuz da çox aciz və yersiz görünürlər.