Nabatəli Qulamoğlu: «Geniş müəllif rəqabəti olsa, problem 50 faiz aradan qalxar»
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013-2014-cü tədris ilində respublikanın ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitləri və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi haqqında məlumat açıqlayıb.
TQDK-dan APA-ya verilən xəbərə görə, komissiya tərəfindən respublikanın ümumtəhsil məktəblərində I-XI siniflər üzrə istifadədə olan 391 dərslik, 154 müəllim üçün metodik vəsait və 58 iş dəftərinin elmi-metodiki monitorinqi həyata keçirilib. Bunlardan yeni təhsil proqramları əsasında hazırlanmış I-VI siniflər üzrə135 dərslik, 151 müəllim üçün metodik vəsait, 58 iş dəftəri müzakirə edilib və 20 dərslik komplektinin istifadəsi məqsədəuyğun hesab edilməyib.ÿ
Qüvvədə olan tədris proqramları əsasında hazırlanmış VII-XI siniflər üzrə 156 dərslik və 4 müəllim üçün metodik vəsait müzakirə edilib. 2014-cü ilin mart-aprel aylarında TQDK-da Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən ötən tədris ilində monitorinqi aparılmış II və III siniflər üzrə dərslik komplektlərinin təkrar çapı ilə bağlı, onların nəşrəqədərki maketlərinin elmi-metodiki monitorinqi aparılıb. Bütün fənlər üzrə dərslik komplektlərində ötən il yekun rəylərdə göstərilmiş irad və təkliflərin əksəriyyəti nəzərə alınıb. Buna baxmayaraq, yenidən II və III siniflər üzrə dərslik komplektlərinin elmi-metodiki monitorinqi aparılıb, nəticədə məzmuna, dil və yazı üslubuna, bədii tərtibat və dizayna, verilən tapşırıqların elmi-metodiki uyğunluğuna və müəllim üçün metodik vəsaitin məzmununa görə formalaşdırılmış yeni rəylər Təhsil Nazirliyinə göndərilərək “Dərslik portalı”nda yerləşdirilib. O da müəyyən edilib ki, bir çox uyğunsuzluqlar hələ də qalmaqdadır. Düzəlişlər aparılarkən bəzi səhvlərə də yol verilib. Beləliklə, dərsliklərin məzmunu, dil və üslubu, bədii tərtibatı və dizaynı, tapşırıqların elmi-metodiki baxımdan məzmuna uyğunluğuna aid hazırlanmış yeni rəylər Təhsil Nazirliyinə göndərilib.ÿ
Dərsliklərin keyfiyyət məsələsi günün aktual mövzularından biri kimi daimi müzakirə mövzusudur. Dərsliklərin hazırlanmasına, araya-ərsəyə gəlməsinə külli şəkildə vəsait sərf edilsə də, nəticə birmənalı şəkildə müsbət olmur. Görəsən, səhlənkarlıq harada baş verir ki, kifayət qədər maddi vəsait sərf edilmiş dərsliklər qənaətbəxş hesab edilmir və istifadəyə yararsız olur?
Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu söyləyir ki, TQDK-nın dedikləri həqiqəti 100 faiz əks etdirmir. Ekspertə görə, qurumun təqdim etdiyi nəticə həqiqətin yarısını əks etdirir. N.Qulamoğlu nəşr, dərsliklərin hazırlanmasının asan proses olmadığını deyərək ordakı çatışmazlıqları normal qarşılayır:
“Tələbə Qəbulu üzrə Dövlət Komissiyası özünün buraxdığı nəşrlərdəki səhvləri aşkara çıxaranda onları hər il dəyişdirir və yeniləşdirir. Dərsliklərdə də bu olmalıdır. Lakin bu proses ləng gedir, elə dərsliklər var ki, qurum onlara heç bir irad tuta bilmir. Amma dərsliklərin böyük əksəriyyətində TQDK irad bildirdiyi məsələlər öz əksini tapıb və nöqsanlar var. Bu məsələlərə ilk növbədə Təhsil Nazirliyi özü məsuliyyət daşıyır. Nazirlik bu məsələləri aradan qaldırmağa cəhd edir. Amma buna hansı dərəcədə nail olması qənaətbəxş deyil. Səbəbi də müəlliflərin köhnə heyət olaraq qalmasıdır. Geniş müəllif rəqabəti yaradılmır. Belə bir rəqabəti yaradılsa, problem 50 faiz aradan qalxar”.
Nigar