Hakimiyyətin yarıtmaz siyasəti elm adamlarını 140 manatın girovuna çevirib
Azərbaycan hakimiyyətinin yarıtmaz siyasəti ölkənin bütün sahələrini bərbad vəziyyətə salıb. Uzun illərdi biz mövcud problemlərdən və onun həlli yollarından yazsaq da, hakimiyyət problemlərin həlli əvəzinə “uğurlu inkişaf”, “lider dövlət” yalanı ilə silahlanıb. Amma bütün yalanların ifşa olması mütləqdir və hakimiyyət təmsilçiləri həqiqəti dilə gətirməyə məcburdular.
Bugünlərdə AMEA-nın Rəyasət Heyətinin iclası keçirildi və elmin “xəstə” vəziyyəti bir daha etiraf edildi. Üstəlik alimin, elmi işçinin dilənçi vəziyyətinə salınması da dilə gətirildi.
AMEA-nın Insan Hüquqları Institutunun direktoru, millət vəkili Aytən Mustafayeva çıxşış zamanı gənc elmi işçilərin əmək haqqının azlığının ciddi problemə çevrildiyini bildirib: “Bu gün nəinki bölgələrdə, eləcə də Bakıda eyni problem yaşanır. Gənc elmi işçilər 140 manata işləmək istəmirlər. Hətta bizim institutun elə işçləri var ki, işə piyada gəlirlər. Ona görə də mövcud problemin həlli istiqamətində AMEA Rəyasət Heyətinin iclasında müzakirələr aparılmalı və ortaq nəticəyə gəlinməlidir”.
Akademik Ismayıl Hacıyev isə Naxçıvandakı acınacaqlı vəziyyətdən danışıb: “AMEA Naxçıvan Elmi Bölməsinin institutlarının 36 şöbə və laboratoriyasından yalnız 28-i fəaliyyət göstərir. Digər şöbələri isə hələ də kadrla təmin edə bilməmişik. Naxçıvanda fəaliyyət göstərən ali təhsil müəssisələrində magistr pilləsi üzrə oğlan tələbələri təhsil almır. Bu səbəbdən də elmi sahəyə daha çox qızlar cəlb olunur. Onların da müəyyən zamandan sonra ailə qurduqlarına görə problemləri çıxır”.
Bəli, bu sözləri hansısa müxalifət lideri, tənqidçi jurnalist demir. Millət vəkili, Elmlər Akademiyasının rəhbərliyi söyləyir. Göründüyü kimi analoqsuz inkişaf edən ölkənin alimləri avtobus pulu tapa bilmirlər və 140 manatın girovuna çevriliblər. Ölkəni idarə edənlər isə milyardlarla vəsaitə sahib olublar və ölkəni talamaqda davam edirlər. Bugün ölkiədə ən az dəyər verilən, ən təminatsız təbəqə elm adamlarıdı. Bir neçə nəfəri “elm adamı” kimi ortaya çıxarıblar və hakimiyyəti mədh etməklə görəvləndiriblər. Əksəriyyət isə sosial fəlakətin zəhminə təslim olub. Məhz bunun göstəricisidir ki, ixtisaslı kadr, samballı elmi əsərlər yazılmır. Hətta qonşu Gürcüstan və Ermənistanda da elmi işçinin əmək haqqı Azərbaycandan yüksəkdir. Azərbaycan hakimiyyəti səsi olmayan müğənniyə, elmi olmayan ziyalıya, korrupsioner məmura qayğı göstərməkdə, fəxri ad verməkdə maraqlıdır. Bu hakimiyyət üçün elmin və alimin dəyəri yoxdur. Bu ölkədə elm adına yalnız hansısa tikililər mövcuddur. O tikililərin içində isə rüşvət, yaltaqlıq, yalan dövr eləyir. Necə olur ki, Gül bayramına, Evrovisiona, Avropa Oyunlarına, dünyanın hər yerində xeyriyyə layihələri həyata keçirməyə milyonlar xərclənir, amma elmi işçi 140 manata möhtac qalır? Bu gün 250-yə yaxın professor Türkiyəyə pənah aparmağa məcbur qalıb, xaricdə təhsil alan tələbələr ölkəyə qayıtmır. Faktiki Azərbaycan elminin gələcəyi görünmür və bütün müsbət nümunələr məhv edilib. Təbii ki, bu məqsədli şəkildə həyata keçirilir. Əks halda, alimlərin əmək haqqının bir neçə dəfə artırılmasını təmin edərdilər.
Naxçıvanla bağlı fakta gəlincə, bu da obyektiv reallıqdır. Naxçıvanda magistr təhsili üzrə oğlan tələbələr təhsil almırsa, bunun günahkarı kimdir? Nəinki Naxçıvanda Azərbaycanın bütün bölgələrində cavanlar seyrəlməyə başlayıb. Bu adamlar ya Rusiyanın düzlərinə, ya da paytaxta axışırlar. Indi fəhləlik etmək, elm dalınca getməkdən daha cazibədardı. Çünki, fəhləlik edib evə 10 manat aparmaq daha realdır. Hakimyyət təmsilçiləri tez-tez “Naxçıvan modeli”ni Azərbaycanın hər bir bölgəsinə tətbiq etməkdən danışırlar, Naxçıvandakı uğurdan dəm vururlar. Amma real vəziyyət göz önündədir. Naxçıvanda magistratura oxuyan gənc yoxdur. Insanlar bu ölkədə elmin perspektiv vəd etmədiyi qənaətindədilər. YAP hakimiyyəti 22 ildən sonra ölkəni bu vəziyyətə salıb. Nə elm almaq istəyən gənc, nə də normal əmək haqqı alan elmi işçi var. Bir ölkəni məhv etmək üçün, onun elm və təhsilini məhv etmək kifayətdir. Bu baxımdan Azərbaycan hakimiyyəti “missiya”nı yerinə yetirib.
Bir sözlə, Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında səslənən fikirlər, bir daha təsdiqlədi ki, bu hakimiyyət elmin məhv edilməsinə xidmət edib.
S.Novruz