Qazan görüşü öncəsi Rusiyadan Azərbaycana dəyərli bir mesaj gəldi: “Azərbaycanın hazırlıqsız verdiyi gurultulu bəyanatlar informasiya savaşında uğursuzluğa açardır” (Qriqori Trofimçuk). “Birini vurmaq istəyəndə sezdirmədən vururlar”,- bunu da Trofimçuk deyir. “Azərbaycan üçün informasiya savaşı ən perspektivli variant ola bilərdi”, – bu alıntı da Trofimçukdandır. Trofimçukun dedikləri gerçəkdən çox dəyərli, bizə gərəkli nəsnələrdir. Ancaq… bunları biz özümüz də bilirik. Bunları hakimiyyət ustası olaraq tanınan ata Əliyev də bilirdi, atasının kursunu inamla sürdürən oğul Əliyev də bilir.
H.Əliyev separat danışıqlar yoluyla: Qarabağı verməklə, nefti üstün dünya gücləri arasında pay-püşk eləməklə hakimiyyətə gəlmişdi. Bu, sovetdən sonrakı dönəmdə H.Əliyevin ölkəni yemək, milləti yenmək yönündə atdığı ilkin addım idi. Başlanğıc çox-çox uzaqlara gedib çıxır. Başlanğıc dönəmlərindən biri ilə bağlı SSRI prokurorluğunun müstəntiqi Koliniçenko bildirir: “Respublikaya başçı qoyulan H.Əliyev vicdanlı, namuslu adamlardan öc alırdı”. Estafet atadan oğula keçib!
Hər bir ölkənin gücü doğal resurslardan qat-qat artıq, adamlara bağlıdır. Hər bir ölkə başlıca gücünü sosial durumundan, siyasi baxışlarından, professiyasından asılı olmayaraq, vicdanlı, namuslu adamlarından alır. 40 illik bir ailə hakimiyyəti boyunca vicdanlı, namuslu adamlarından öc alınan, vicdanlı, namuslu adamları 40 illik bir hakimiyyət boyunca ardıcıllıqla repressiyaya uğradılan ölkə güclü ola bilməz! Dövlət siyasəti olaraq vicdanlı, namuslu adamları bütün dövlət strukturlarından dışlanıb uzaqlaşdırılan, vicdanlı, namuslu adamları dövlət strukturlarına yaxın buraxılmayan ölkə güclü ola bilməz! Eləcə də rüşvətin, korrupsiyanın, oğurluğun, soyğunçuluğun DÖVLƏT SIYASƏTINƏ çevrildiyi ölkə güclü ola bilməz! Bütün bunlara görə ölkə, millət, dövlət olaraq Azərbaycanın gücsüzlüyü 1969-dan, 1993-dən stimullaşdırılıb!
Illərdən bəri özünü Əliyevlərin sağ əli olaraq göstərənlərdən biri, administrator-filosof R.Mehdiyev yazır: “Azərbaycanda milli, fərqli demokratiya qurulur”. Bu nə demokratiyadır: əliyevçi demokratiya! antimilli, antidemokratik demokratiya! vicdanlı, namuslu adamlara düşmən demokratiya! aşağı-yuxarı, alt-üst bütün görsənişlərilə yalnız başda duranlar üçün qurulmuş quldur demokratiyası! Bunlar 18 ildən bəri qurduqları IŞĞAL rejiminə “milli”, “demokratik” don geyindirməyə çalışırlar; sən ona nə ad qoyursan-qoy, IŞĞAL rejimi necəliyindən asılı olmayaraq elə IŞĞAL rejimidir. Harda qurulmasından asılı olmayaraq, IŞĞAL rejiminin kredosu bir olur: ölkəni yemək, milləti yenmək. Bu rejimin istənilən administrator-filosofu da başlıca, gerçək IŞĞALÇI rejim kredosunu malalamaq, ört-basdır eləmək, bu yolla xalqı aldatmaq üçün dəridən-qabıqdan çıxır.
Uzun illərdir Əliyevlər ermənilərə savaş mesajı verirlər, ancaq savaşa başlamırlar. Onlar uzun illərdir savaş mesajı vermədən Azərbaycan xalqıyla ölüm-dirim savaşı aparırlar. Trofimçuk bunu bilmir.
Uzun illərdir əliyevçi rejim informasiya savaşını ən perspektivli varinat sayaraq Azərbaycan xalqı ilə belə bir savaş aparır (bu savaşın başında duranlardan biri administrator-filosofdur). Trofimçuk bunu bilmir.
Trofimçuk bilir: “Azərbaycanın ”Xocalı” qlobal informasiya proyektinə böyük pullar xərclənir, bütün dünyada propaqanda aksiyaları keçirilir, ancaq bu sayaq incə işlərdə ekstensiv (ekstensiv – keyfiyyətə deyil, kəmiyyətə yönəlik – X.B.) yanaşma yararsız olur”. Trafimçuk düz deyir, ancaq burasını bilmir: əliyevlər hakimiyyətinin qaynağı Konstitusiyada yazıldığı kimi, xalq deyil, Qarabağ-Xocalı qırğınları, faciələridir. Onların xalqı aldatmağa yönəlmiş “Xocalı” proyektinin dünyadakı keçərsizliyi IŞĞALÇI rejim maraqlarından qaynaqlanır.