Leyla Yunus: «Hakimiyyət Rufan Kazımovun hesabına pul yatırmaqla onun adından insanların evini yıxır»
Şəhərin əksər yerlərində söküntü-tikinti işinin aparılması adi bir normaya çevrilib. Tikintilər şəhəri Bakı yeni imiciylə hər gün əhalini təəccübləndirməkdə davam edir. Məəttəl qalınası bir məsələ isə, əhalinin gecə yatdığı yerdə evinin tavanının “göyə uçması”, yəni, ev sahibindən soruşub icazə almadan evinin tarixin arxivinə göndərilməsidir.
Şəhərin mərkəzində günün günorta çağı evləri sökülən insanların şikayətini eşidən isə, yoxdur. Bu işi aparanlardan biri “AZINKO” şirkətidir ki, ona da Əmlak Komitəsi sədrinin qardaşı Malik Həsənov rəhbərlik edir. Şirkətin, həmçinin komitə sədrinin nəzarətində olduğu bildirilir. Xalq arasında deyilənlərin nə dərəcədə əsaslı olduğunu yəqinləşdirməsək də, insanları maraqlandıran söküntünü hansı şirkət və ya ona kimin rəhbərlik etməsindən asılı olmayaraq, işin haqq-ədalətli aparılmasıdır. Lakin evlərinin sökülməsinə dözə bilməyən sakinlərə qarşı hazırda lazımsız münasibət göstərilir. Evlərindən, onun içindəki var-yoxundan olmaq bir tərəfə, insan haqlarının belə asanca pozulması da paytaxt əhlini bir o qədər hiddətləndirir.
Hüquq müdafiəçisi Leyla Yunus qəzetimizə açıqlamasında bildirdi ki, hüquqları tapdanan vətəndaşların üz tutacağı ilk ünvana – məhkəmələrə inamı çox azdır. Məhkəmələr də öz növbəsində ötür-ötür oyunu oynamaqla bu işi ölkə çərçivəsindən çıxarmağa imkan vermir. Nəticədə tikinti şirkətləri istədiyini edir: “Vətəndaşların evləri əllərindən alınır. Hakimiyyət Rufan Kazımovun hesabına pul yatırmaqla onun adından insanların evini yıxır. Adamları evlərini dəyər-dəyməzə R.Kazımova satmağa məcbur edirlər. Həmin şəxs cəmiyyət qarşısına çıxıb özünü tanıtmalıdır. O, mətbuatda işıqlandırılmalı, tanıdılmalıdır ki, camaat onu görsün. ”Eurovision-2012″ ölkəmizdə keçirilirsə, vətəndaşlar da bu baxımdan fəal olmalıdır. Onlar beynəlxalq aləmə çıxaraq ölkədəki vəziyyəti anlatmalıdır. Inanıram ki, vətəndaşların fəallığı insan hüquqları baxımından çox şeyi dəyişə bilər”.
Nigar