Bu sahənin Bəylər Əyyubovun nəzarətinə keçməsi barədə xəbərlər təsdiqini tapmır
Bir neçə gün əvvəl fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olan Dövlət Gömrük Komitəsinin Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun kurasiyasına verildiyi barədə məlumat yayılmışdı.
Lakin dünən “Azadlıq”a daxil olan məlumatlarda həmin xəbərin əsassız olduğu iddia edilir. Məlumatda bildirilir ki, Dövlət Gömrük Komitəsi hələ də Kəmaləddin Heydərovun nəzarətindədir. Lakin Bəylər Əyyubov bu sahəni nəzarətə götürməkdə iddialıdır. Generalın bu niyyətində xəbərdar olan “fövqəlnazir” isə qabaqlayıcı tədbirlər görür.
Bu arada “Bizim Yol” qəzeti məlumat yayıb ki, uzun illər gömrük orqanlarında yüksək vəzifələrdə çalışmış Isməddin Məmmədov vəzifəsindən kənarlaşdırılıb.
Məlumata görə, Isməddin Məmmədov Xudat sərhəd-keçid məntəqəsində gömrük postunun rəisi vəzifəsində işləyib. O, həmin vəzifədən azad edildikdən sonra yeni vəzifəyə təyin edilməyib.
Isməddin Məmmədov Bəylər Əyyubovun yaxın dostudur. O, həm də Nərimanov rayon Dövlət Yol Polisi Idarəsinin rəisi Elxan Məmmədovun əmisi oğludur. Isməddin Məmmədovun Göygöl şərab zavodunun səhmdarlarından biri olduğu iddia edilir.
Bu məlumat da Dövlət Gömrük Komitəsinin Bəylər Əyyubovun nəzarətində olmadığını göstərir. Hətta Isməddin Məmmədovun işdən çıxarılmasını Kəmaləddin Heydərovun generala cavabı kimi də dəyərləndirmək olar.
Informasiya şöbəsi