Xəbər verildiyi kimi, Ictimai Palata növbəti mitinqi iyunun 19-a təyin edib. Artıq bununla bağlı BŞIH-ə müraciət də edilib. Müraciətdə meriyadan iyunun 19-u saat 15-dən 17-dək “Nərimanov” kinoteatrının qarşısında mitinq keçirilməsinə şərait yaradılması istənilib. Əvvəlki təcrübələri nəzərə alsaq, bu dəfə də razılığın veriləcəyinə ümid azdır. Bəs partiyalar aksiyaya necə hazırlaşır və BŞIH-nin aksiya üçün yer ayıracağı ilə bağlı gözləntilər varmı?
Mitinqə ciddi hazırlığın getdiyini deyən AXCP sədrinin müavini Gözəl Bayramlının fikrincə, hakimiyyət insanların sərbəst toplaşmaq hüququnu bu qədər pozmamalı və aksiya üçün yer ayırmalıdır. Lakin istənilən halda, mitinq keçiriləcək.
AXCP sədrinin müavini partiyanın şöbələri ilə işin davam etdiyini və cəbhəçilərin hazırlıqlı olduğunu da qeyd etdi. Eyni zamanda cəmiyyətin başqa təbəqələri ilə də fəal iş aparılır.
G.Bayramlı budəfəki mitinqin də yüksək səviyyədə keçəcəyini və uğurlu olacağını vurğuladı. Insanların əhval-ruhiyyəsi bunu deməyə əsas verir.
Bu vaxta qədərki mitinqlərdə böyük təcrübənin əldə edildiyini deyən Müsavat başqanının müavini Tofiq Yaqublu aksiyaya tam güclə hazırlığa başladıqlarını bildirdi. Hakimiyyətin beynəlxalq qurumların təpkisi qarşısında geri çəkiləcəyinə ümid edən T.Yaqublu bu dəfə aksiya üçün yer ayrılacağına ümid edir. “Cavabdan asılı olmayaraq, mitinqə tam güclə hazırlıq davam edir”. Müsavat başqanının müavini artıq konkret göstərişlər və tapşırıqların verildiyini, istənilən halda aksiyanın keçiriləcəyini vurğuladı.
Fizzə