və yaxud, Dağlar duman olmadan
Rüstəm Behrudi
Bəzənib, dua ilə,
Allah belə, din belə.
Niyə gecikdin belə,
Gəl, ölmüşəm ölmədən.
Quşların arasında yarasa nədirsə, düşüncələrin arasında şübhə də həmin şeydir. Yarasanın gecələr uçduğunu, şübhənin düşüncələrimizə qaranlıqda gəldiyini görmürsünüzmü? Və o üzdən qaranlığı heç sevmədim.
Bizdə hər şey qaranlıqda baş verdiyindən, ağıllı adamla hiyləgər adam arasında sərhədi müəyyən eləmək qeyri-mümkündü.
Çünki başqa xalqlardan fərqli olaraq bizdə ağıllı adamın gücü hiyləgərliyə, hiyləgər adamın gücü ağıla söykənir.
Ağıl və hiyləgərliyin iç-içə yaşadığı və bir-birinin davamı olduğu bir məmləkətdə vətəndaşın xoşbəxtlik axtarışı axmaqlıqdan başqa bir şey deyil.
Ancaq adamlar bilmirlər ki, xoşbəxtlik bədbəxtlikdən uzaqdan olan bir şey deyil. Necə ki yovşan ovucun içində ovulmadıqca ətri, uçurum böyük olmadıqca gözəlliyi olduğu qədər görünməyə bilir.
Məsumların, təmizlərin axmaq və abdal, hiyləgərlərin, işbazların ağıllı adlandırıldığı bir məmləkətdə yaşayırıq.
Fərdin topluma qarşı əbədi nifrətinin mayası burdan qaynaqlanır, məncə. Və ona görə də, bütün zamanlarda insanın intiqam və qisas almaq düşüncəsi öz aktuallığını heç vaxt itirmir.
Mənə elə gəlir ki, bu məmləkətdə heç kim özünün ağıllı və hiyləgər olduğunu hətta özünə belə anlatmaq gücündə deyil.
Insanı bütün həyatı boyu, yönəldən, idarə eləyən iki hissi var – qorxu və sevgi. Bizim qalan bütün düşüncələrimiz bununla idarə olunur.
Biz bu dünyada atadan, anadan, böyükdən, güclüdən, iqtidardan, bizi yönəldən hər şeydən qorxduq. Qorxu bizə sevməyə imkan vermədi.
Biz sevmədik ki? Başımıza gələn bütün bəlallar bu qorxunun üzündən. Mənim içimdə qorxuya yer yoxdu. Mən ancaq sevə bildim…
Mən ruhuna dualar oxuduğum məmləkət və adamlar azad olsunlar deyə əl çəkdim azadlığımdan. Və yaşımın bu çağında hiss elədim ki, mənim üçün Turan və məmləkət sevgisindən böyük heç nə yoxdu bu yer üzündə. Və bir də anladım ki, bu yer üzündə insan tək doğulub, tək yaşayıb, tək də ölüb gedir. Heç kimin heç kimdən xəbəri yoxdu bu yer üzündə. Musa əsasıynan, Isa çarmıxıynan, Məhəmməd Quranıynan tənhadı, təkdi. Musanın əsası, Isanın çarmıxı, Isanın çarmıxı Məhəmmədin Quranıdı. Məhəmmədin Quranı da sonda Musanın çarmıxa çevrilmiş əsasıdı. Quran Məhəmmədin tənhalığıdı əslində;
Gəldiyi yerə can atan Adəm, Həvvanın yanında tək idi, tənhaydı.
Yalnızlıq duyğusu doğurmayacaq canatmalar dəlilikdi əslində.
Insan təklik və tənhalıqdan doğan səsdi, yarpağından əvvəl ölən ağacdı. Insanın bir adı da təklik və tənhalıqdı.
Heç bir kəs heç kəsin deyil dünyada.
Utanc hissi – yəni utanmaq, eqosu (mənliyi) olan adamın kənardakı adamların ona göstərdiyi münasibətə duyğusal, insani, sözlə ifadə olunmayacaq cavabıdır.
Bu xalq bu hissdən məhrumdur.
Mən çin filosoflarının “bilən danışmaz” düşüncəsinin yanlış olduğunun fərqindəyəm. Uçurumun kənarında dayanan bir topluma dur deməyin gərəkliliyini duymayan adam zalım, sükutun gətirdiyi fəlakəti görüb hayqırmayan adam hiyləgər adamdır.
Bir tərəfdə insan, ağac, ot, ümmanlar, dağlar – yaratdığı hər şeyi ilə birlikdə dayanmış Allah, bir tərəfdə bu dərgahdan qovulmuş yalnız və təkbaşına Iblis.
Kim daha çox tənhadı? Allaha yox, insana ibadətdən boyun qaçıran Iblismi, onu dərgahından qovan Allahmı?
Gələcək bizim içində olmayacağımız indiki zamandı əslində.
Hərdən mənə elə gəlir ki, getməyə bir yer var, ayaqlarım, açmağa bir qapı var, üzüm yox…
Mən uzun illər şeiri gah dua, gah etiraz, gah da insanın ölüm və əbədiyyət, sonrasızlıq və Allahla qarşılaşma anından doğan heyrətin nəticəsi hesab etmişəm. Sən demə, bu şeir haqqında mükəmməl bir tərif deyilmiş.
Şeir sükutdur. Şeir sükutu sözə daşımaqdır. Elə sözlərlə daşımaqdır ki, sükut pozulmamış olsun.
Şairlər Tanrının sevib-seçdiyi adamlardı. Tanrı onları bəndəlikdən çıxarıb özgə tale yazdı. Yazdı ki, ona pıçıltı ilə dua oxusunlar. Onlar da bunun əvəzində Tanrının sirrini açmağa can atdılar. Bütün hallarda canatmalar Iblis istəyidi. Və şairlər içlərindəki Iblisin oyuncağıdı.
Yer üzündə hər şeyə Tanrıdan sonra ən çox cavabdeh olan adamlar şairlərdir.
Yer üzü günah içindədi. Və bu günahın çoxu da bizimdi. Ona görə də dilimdəki ən bakirə söz belə günaha batıb.
Tövbə qayıtmaqdı. Tövbə yeni bir günah içləmək istəyi, yeni bir günaha yol qoymaq hiyləsidi. Tövbə günahı zaman ölçüsünə sığdırmaqdı.
Yalnızlıq və tənhalıq ən böyük tövbədi. Tənhalığına çəkilən günah işləyə bilməz. Çünki tənhalığa çəkilən adamın andları duaya, hönkürtüsü pıçıltıya çevrilir. Dua anddan, pıçıltı hönkürtüdən ucadadı.
Əgər hər şey – günahımız, savabımız, olmuşlar və olacaqlar Tanrının əmrindədirsə, Tanrının bizi cəhənnəm əzabı ilə imtahan etməyə haqqı yoxdu!
Əgər bu dünya bir pətək və mən ona bal daşımaqdan məhrum edilmiş bir arıyamsa, çiçəklərdə başına qalıb ölən bal üçün günahkar deyiləm. Günahın məndə olmadığını çiçək də bilir, bal da. Üstəlik, boşuna yolumu gözləyən pətək də. Bu mənim ən böyük təsəllimdi.
Mən həmişə düşünmüşəm ki, zəngin bir toplum (yəni cəmiyyətin kiçik bir qismi) heç vaxt rahat, asudə və qorxusuz yaşaya bilməz. Bu cür toplum həmişə gərgin olacaq, basqı və qorxu altında yaşayacaq. Həm də bu toplumun can atacağı, əldə etmək istəyəcəyi, ümid edib arzulayacağı heç bir şey yoxdur. Çünki bu toplumun arzu elədiyi hər şey mövcuddur. Bu toplum bütün həyatı boyu topladığı sərvəti qorumaq üçün qorxu altında yaşamaq zorundadı.
Kasıb və fəqir bir toplumun isə ümid edəcəyi, arzulayacağı, uğrunda öləcəyi bir şeylər var. Kim daha xoşbəxtdi? Basqı və qorxu altında yaşayan harınlar sürüsü, yoxsa, ümidin, arzunun, sevginin dost-doğma balaları-kasıb və ləyaqətli adamlar?
Tanrı sevib-seçdiyi bəndələrinin işinə qarışmır. Şairlər Tanrının bu sevgisindən sui-istifadə eləyirlər. Tanrı onları sevib-seçdi ki, onlar Tanrının yaratdığı ən ilahi sözlərlə ona əfv duaları oxusunlar. Şairlər dua oxuya-oxuya onlara verilən ilahi fəhmin gücünə Tanrının sirrini açmağa çalışırlar.
Tanrı onun sirrini açanları bağışlamır. Və şairləri cəhənnəmə ona görə göndərəcək ki, onun sevgisindən sui-istifadə eləyiblər.
Bu nə Allahın ədalətsizliyi, nə də bəndələrin əfəlliyidi.
Insan yarı Iblis, yarı mələkdi əslində. Göy üzü Tanrının, yer üzü Iblisin hakimiyyəti altındadı. Ruhumuz göy üzünə, bədənimiz yer üzünə oxşayır bir az.
Sevib ölməkdən gözəl şey yoxdu dünyada.
Sevginin ölümü dünyanın ölümü, sevənin ölümü Allahın ölümüdü. Çünki Allah qorxuda yox, sevgidə yaşayır.
Bu məmləkətdə yer üzündə Allah yoxdu, bu məmləkətdə “allahlar” var. “Allahlar2 olan yerdə Allah olmur. Allah öz kitabında deyir ki: Bir qövm özü öz halına dəyişməsə mən onun halını dəyişmərəm…
Biz bir millət olaraq eqodan məhrum, təhqir olunmuş, alçaldılmış millətik. Biz nə qədər böyük göydələnlər ucaltsaq da, bayrağımızı bayraqlardan daha ucalara sancsaq da, Bakını Parisə çevirsək də, başqa millətlərin gözündə torpağı əlindən alınmış məğlub millətik. Ancaq bu son deyil. Çünki biz savaşı uduzmuşuq, müharibəni yox!
Millətin millət olması üçün onun vətəndaşlarının ortaq mənəvi və əxlaqi dəyərlərə sahib olması yetərli deyil. Millətin, daha doğrusu onun genofondunun maddi və sosioloji ortaq dəyərləri də mövcud olmalıdı. Bu dəyərlərin hər ikisi bir yerdə olmayanda, millətin hədəfləri bəlli olmur və millət millət olmaqdan çıxıb topluma çevrilir.
Millətin ortaq maddi və sosioloci dəyərləri yoxdursa, onun ortaq əxlaqı və mənəvi dəyərləri ya olmur, olsa da sonda aşılanmağa, yox olmağa məhkumdur. Kasıb, namuslu, vicdanlı adamların, zəngin, hər şeyə sahib harınlaşmış bir toplumla eyni əxlaqi-mənəvi dəyərləri olmasına mən inanmıram.
Maraqlıdır – Bakıda zəngin bir adamın kasıb qonşusu yoxdur… Kasıb bir adamın yas məclisində zəngin bir adam görməzsən. Ağrılıdır, çox ağrılıdır.
Yollar, küçələr, göllər, çaylar, hətta Xəzər belə hamının deyil. Bu məmləkətdə hamının ortaq ola biləcəyi, hamının ola biləcəyi, hamının qorxmadan mənimdir deyə biləcəyi bir şey var – göy üzü və Allah. Göy üzünü əlimizdən almağa onların hələ ki, gücü çatmır. Çünki göy üzü Allaha məxsusdur və Allah göy üzü kimi tərtəmiz bir şeyi çirkli adamlara verməz.
Tanrı lənətləyib dərgahından qovanda Iblisə qiyamət gününə qədər vaxt, zaman tanımışdı. Tanrı mələklərin içində Iblisi seçib qiyaməti hazırlamaqda özünə yardımçı elədi və sonda da bunun müqabilində onu cəhənnəmi od və atəşdən yaratmaqla mükafatlandıracaq, Iblis sonda öz əslinə qovuşacaq.
Tanrı kitabında deyir ki, mən sizi mənə iman gətirmək üçün yaratdım. Mən belə eqoist Allahı tanımıram.
Təkliyində Tanrı kim idi ki?! Bizi yaradıb ömür verməklə o özünü təsdiqlədi. Bizə verilən möhlət Tanrıya Tanrını tanımaq üçün lazımdı.
Tanrı ilə olan əhdi pozmağa gücü çatan Iblisin günahı yoxdu. Çünki bu əhdi pozmağı Tanrı istədi. Qoy onun adına oxuduğum dualar göy üzünün sonsuzluğunda itib batmasın.
Içimizdə cəhənnəmin özünü belə yandıracaq bir od varsa, bizi cəhənnəm əzabı ilə qorxutmaq Tanrının nəyinə lazımdı?
Həmişə düşünmüşəm ki, sükut Tanrının səsi, tənhalıq və təklik Tanrının vətənidi.
Bütün yollar Allaha gedir. Cəhənnəmə gedən yol belə. Cəhənnəm də Allahın cəhənnəmidi axı.
Bu yer kürəsi də çoxluğun hay-küyü ilə deyil, Sakitcə Tanrıya dua oxuyan adamların pıçıltısı ilə fırlanır.
Iblis lənətlənib, o sevə bilməz. Ona görə də bu dünyanı artıq xilas eləmək mümkün deyil.
Əslində söz Allahdan başqa sadaladıqlarımızın hamısı üçün tabutdu. Mən adamları sözlərimə büküb dəfn elədim.
Ən böyük nağıl Allahın nağılıdı – Musanın, Isanın, Məhəmmədin anlatdığı nağıldı. Musanı daşa basdılar, Isanı çarmıxa çəkdilər. Məhəmməd dünyanın ən gözəl nağılını ölüm hədələri altında danışdı. Bir də axı o nağıl deyənlər göydən düşən almalardan onlara da çatsın deyə nağıl demədilər.
Və bir də onlar bəndələrə danışdıqları nağıllardan daha çox şeylər bilirdilər. Onların bildiyi sirli bir şeyi mən də bilirəm:
Çox şeylər bilirəm,
Ancaq sirrini açmadan Allahın
Yaşayıram bildiklərimi
unuda-unuda…
Bilirəm –
Allahın düşməni Iblisin
Gizlində Allahın
Dostu olduğunu da.
Mənim nağıllarımda da göydən düşən almalar mənə qulaq asanlardı. Mən nağılıma qulaq assınlar deyə mənə çatacaq almadan imtina elədim.
Sibirdə ovçu bir yakut ilə, ucsuz-bucaqsız çöldə heyvan bəsləyən bir qazax, Urumçi yaxınlığında bir kənddə bir əkinçi ilə istanbullu bir tüccar, bir Hun savaşçısı ilə VIII əsrdə Monqolustanda bir karvançı, XB əsrdə Azərbaycanda olan bir sufi, hurifi ilə, XBI əsrdə Avropada savaşan bir Osmanlı paşası, çağdaş Altaylardakı bir şamanla kommunist şair H.Hikmət arasındakı bağın adı nədi görəsən? Iki min ildən çox zaman içində qopub tükənməyən bu bağın şaman dualarına bürüdüyüm bircə adı var – TURAN.
TURAN – Tilsimi biziynən açılacaq bir ölkə.
TURAN – Ruhu sözlərimdə çırpınan bir məmləkət!
Mən ona doğru yol gedirəm:
Yol gedirəm mən dəli,
Bu yol dəli, mən dəli.
Bu nə yoldu əvvəli
Və sonrası içində.
Məsumların, təmizlərin axmaq və abdal, hiyləgərlərin, işbazların ağıllı adlandırıldığı bir məmləkətdə yaşayırıq.
Və ona görə də; içimdəki adam pıçıldayır ki:
Dön, hardasan, dön qayıt,
Ümid – güman olmadan.
Al məni də, dur, gedək,
Dağlar duman olmadan.
P.S. V.Səmədoğlu ilk Azərbaycan şairidir ki, yaddaşlarda şair kimi yox, şeir kimi qalacaq. Və özünüzün əldə edə biləcəyiniz bir şey üçün heç vaxt Tanrıya ağız açmayın. Bu onu qəzəbləndirə bilər.