«Azərbaycanda misli görünməmiş repressiyaların qurbanları arasında xeyli tanınmış jurnalistlər də var»
Böyük Britaniyada nəşr olunan dünyaca məşhur “The Guardian” qəzeti “Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri Seymur Həzi barəsində bugünlərdə çıxarılmış məhkəmə hökmünün qanunsuz və ədalətsiz olmasından yazır. Qeyd olunur ki, qondarma ittihamla həbs olunmuş jurnalistin barəsində çıxarılan hökmün absurdluğundan şoka düşüblər. “Azərbaycanlı jurnalist ”xuliqanlığa” görə 5 il həbs cəzası aldı” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
“Azərbaycanda tanınmış jurnalist Seymur Həzi beş il azadlıqdan məhrum edilib. Bu barədə beynəlxalq mətbuat azadlığı təşkilatı olan ”Sərhədsiz reportyorlar” məlumat yayıb.
Məlumatda bildirilir ki, qondarma xuliqanlıq ittihamı üzrə keçirilmiş saxta məhkəmə prosesinin nəticəsi olaraq, yanvarın 29-da hökm çıxarılıb.
Seymur Həzi Azərbaycanda müxalifyönlü qəzet olan “Azadlıq”ın əməkdaşı, eyni zamanda, xaricdən peyk vasitəsilə yayımlanan və hökuməti kəskin tənqid edən televiziya proqramının aparıcısı idi. O artıq beş aydır ki, həbsdədir.
Seymur Həzi ötən ilin avqustunda həbs olunub. O, küçədə tanımadığı bir şəxsin hücumuna məruz qalıb. Sonradan məlum olub ki, ona hücum edən şəxs Məhərrəm Həsənovdur.
Məhkəmə prosesi zamanı ittiham tərəfi Seymur Həziyə 6 il, Məhərrəm Həsənova isə 9 ay həbs cəzası istəmişdi. Son nəticədə Həsənova cəmi 6 aylıq cəza verildi.
Seymur Həzi dəfələrlə bildirib ki, onun həbsi siyasi motivlidir. Həbsinin sifarişçiləri kimi isə prezident Ilham Əliyevin və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adını çəkirdi.
“Sərhədsiz Reportyorlar” onu da qeyd edir ki, Seymur Həzi barəsində hökmün absurdluğundan şoka düşüblər.
Keçmiş sovet respublikası olan Azərbaycanda hakimiyyətin ötən il həyata keçirdiyi misli görünməmiş repressiyaların qurbanları arasında xeyli tanınmış jurnalistlər də var”.
Informasiya şöbəsi