Rahim Hacıyev: «Əgər mənimsənilməyibsə, bu qədər böyük həcmdə vəsait haradadır?»
«Mirkazım Kazımov növbəti dəfə yalan danışır, son aylarda «Qasid»dən borcumuzun bir manatını da ala bilməmişik»
“Qasid” yayım firmasının rəhbəri, deputat Mirkazım Kazımov “Azadlıq” qəzetinin hər nömrəsində şəklinin dərc olunmasından və qəzetin pulunu mənimsəməsi haqda mətnin verilməsindən narahat olmadığını bildirib.
Deputat “teleqraf.com”a açıqlamasında deyib ki, “Azadlıq”a olan borcu ödəməyə çalışırlar: “Onlar qəzetin hər nömrəsində mənim şəkilimi dərc edirlər. Niyyətlərinin nə olduğunu bilmirəm, bununla nə demək istəyirlər? Əgər bununla problem həll olunursa, bütün səhifələrdə böyük şəklimi versinlər. Mən heç kimin, o cümlədən ”Azadlıq" qəzetinin bir manat pulunu mənimsəməmişəm. Obyektiv səbəblərə görə “Qasid” firmasının “Azadlıq” da daxil olmaqla, bir neçə qəzetə borcu yaranıb. Indi cüzi də olsa, borcumuzu ödəyirik. Borcu hissə-hissə qaytaracağıq".
Mirkazım Kazımov iddia edir ki, “Azadlıq”ın pulunu mənimsəmələri, bilərəkdən ödəməmələri haqda deyilənlər yalandır. O, qəzetə 70 min manata yaxın borclu olduqlarını təsdiqləyərək, hazırda “Azadlıq”la işlədiklərini, borcu hissə-hissə ödədiklərini deyib.
“Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev isə bildirir ki, Mirkazım Kazımovun sözügedən açıqlaması həqiqəti əks etdirmir. Rahim Hacıyevin sözlərinə görə, 2012-ci ilin əvvəllərindən “Azadlıq”la “Qasid” firması arasında qəzetin satılmış nüsxələrinin hesabına əldə olunmuş maliyyə vəsaitlərinin redaksiyaya verilməsi məsələsində problem yaranıb. Bu müddətdə Mirkazım Kazımovla fərdi, kollektiv qaydada keçirilən çoxsaylı görüşlərdə o, qəzetə olan borcunu ödəyəcəyilə bağlı vədlər verib: “2012-ci ilin əvvəllərindən bu proses gedir. Bu müddətdə başlıca nəticə odur ki, firma qəzetə 69 min manat məbləğində borcu olduğunu rəsmi şəkildə, sənədlə təsdiq edib. Amma Mirkazım Kazımov yalnız vəd verməklə kifayətlənib. Nəticədə belə böyük bir məbləğ yaranıb. Son aylar ərzində biz ”Qasid" firmasından borcumuzun bir manatını da ala bilməmişik. Əsas borc olan 69 min manat mənimsənilməyibsə, bəs onda bu qədər vəsait hardadır?! Mirkazım Kazımov növbəti dəfə çılpaq yalan danışaraq bildirib ki, bu işlə məşğul olurlar. Onlar bizim borcumuzun qaytarılması üçün bu müddət ərzində heç bir əməli addım atmayıblar. Görünür, belə bir fikirləri də yoxdur. Sadəcə olaraq, ictimaiyyəti çaşdırmaq və bizi aldatmaq üçün daim belə yağlı vədlər verirlər".
Nigar