Fuad Qəhrəmanlı: «Azərbaycanın xarici siyasətindəki dəyişikliklər və insan hüquqları ilə bağlı Avropanın narahatlıqları Əliyevin nəzərinə çatdırılacaq»
Dövlət başçısı Ilham Əliyev Almaniyaya səfəri çərçivəsində bir sıra mühüm görüşlər keçirib. I.Əliyev yanvarın 20-də bu ölkənin XIN rəhbəri Frank-Valter Ştaynmayerlə görüşüb. Rəsmi məlumata görə, söhbət zamanı Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin hazırkı durumu və perspektivləri, həmçinin Qarabağ münaqişəsi müzakirə olunub. I.Əliyev eyni zamanda Münhen Beynəlxalq Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik Işingerlə görüşüb. Görüş zamanı regional təhlükəsizlik və digər beynəlxalq məsələlər müzakirə olunub.
Yanvarın 21-də isə I.Əliyev kansler Angela Merkellə görüşüb. Görüşdə gözlənildiyi kimi, enerji əməkdaşlığı və Azərbaycanda insan hüquqları məsələsi diqqət mərkəzində olub.
Maraqlıdır ki, I.Əliyevin Almaniya səfəri gözlənilmədən reallaşdı. Çünki bir qayda olaraq hakimiyyətin nəzarətində olan mətbuat dövlət başçısının səfəri barədə əvvəlcədən xəbər verərək, geniş təbliğat aparır. Amma bu səfər zamanı bu nəzərə çarpmadı.
Bu səfər eyni zamanda hakimiyyətin beynəlxalq, xüsusilə alman mətbuatında sərt tənqid olunduğu bir vaxta təsadüf edir. Amma bu səfəri Qərblə pozulan münasibətləri bərpa etmək cəhdi kimi dəyərləndirənlər də az deyil. Çünki Əliyev hakimiyyəti əvvəllər də Qərblə münasibətləri qurmaq istəyən zaman bu məqsədlə Avropanın aparıcı dövlətlərindən biri ilə yaxınlıq etməyə başlayırdı. H.Əliyev hakimiyyəti ilə Fransanın sıx əlaqələrini bununla izah etmək olar.
Amma Almaniya ilə bağlı məsələ bir qədər fərqlidir. Çünki Əli Həsənov da mətbuata açıqlamasında bəyan etmişdi ki, ABŞ və Avropa Birliyi ilə münasibətlər dözülməz həddə çatıb. Dövlət telekanalında Almaniyanın “çökməsi” barədə proqramlar da hələ də gündəmdədir.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ilə səfərin məqsədlərinə aydınlıq gətirməyə çalışdıq. F.Qəhrəmanlı bildirdi ki, səfərlə bağlı mətbuata məlumat verilməməsi onunla bağlıdır ki, hakimiyyətin bu səfərdən özü üçün müsbət nəticələr əldə edəcəyi ilə bağlı gözləntiləri yoxdur. Çünki mühüm xarici səfərlər barədə adətən mediada bir qayda olaraq əvvəlcədən məlumat verilir və səfərlə bağlı hakimiyyətin xeyrinə təbliğat kampaniyası qurulur: “Amma bu səfərdən belə görünür ki, müsbət nəticə gözlənilmədiyinə görə mediada məlumat verilmir. Mən ABŞ dövlət katibi Con Kerrinin Ilham Əliyevə 2014-cü ilə 21 dekabrda olan zəngini xatırlatmaq istəyirəm. O zaman da mətbuata bununla bağlı məlumat verilməmişdi. Sonradan məlum oldu ki, bu zəng olarkən ölkədə insan hüquqlarının vəziyyəti ciddi müzakirə olunub. Görünür, bu səfərdə də hakimiyyət üçün xoş olmayan, Ilham Əliyevi məmnun etməyən məsələlərin müzakirəsi nəzərdə tutulub. Beynəlxalq səviyyədə ciddi bir kampaniya aparıldı ki, Merkel Ilham Əliyevlə görüşdə Azərbaycandakı insan haqlarının durumunu dilə gətirsin. Çox böyük ehtimalla Merkel-Əliyev görüşündə Azərbaycanda siyasi hüquqların pozulması, repressiyalar məsələsi müzakirə edilib”.
Azərbaycanda demokratiyanın durumu ilə bağlı Avropa səviyyəsində də narahatlığın dilə gətirildiyini deyən F.Qəhrəmanlı bildirdi ki, həm Avropa Şurası, həm də Avropa Parlamenti, Avropa komissarları Azərbaycandakı durumu gündəmə gətirərək, narahatlıqlarını ifadə ediblər: “Azərbaycanla Avropa Birliyi arasında yaranan problem təşkilatın aparıcı ölkəsi kimi Almaniyanı narahat edir. Bu problemin həlli Avropa Birliyindən Azərbaycana ünvanlanın mesajlarla mümkün olmadığına görə, bu məsələni Azərbaycanla ikitərəfli şəkildə müzakirə etmək zərurəti yaranıb.
Səfər zamanı toxunulan başqa bir məsələ isə Avropa Birliyinin qarşıdan gələn sammiti ilə bağlı ola bilər. Riqa sammitində Avropa Birliyinin Azərbaycanla münasibətləri inkişaf etdirə biləcək sənədin imzalanma ehtimalının olduğunu deyən F.Qəhrəmanlı vurğuladı ki, Azərbaycan tərəfi Avropa Birliyi ilə Assosiasiya Sazişini imzalamaq istəmədiyini bəyan edib: “Amma Azərbaycanın bu mövqeyi o zaman bəyan olunurdu ki, Rusiya güclü idi. Rusiyanın postsovet məkanına ciddi təsir imkanları var idi. Lakin hazırda geosiyasi tarazlıq xeyli dərəcədə dəyişib. Ona görə Rusiyanın mövqeyinin zəifləməsi o fikri yarada bilər ki, Assosiasiya Sazişinin imzalanması ilə bağlı növbəti dəfə Azərbaycana təzyiq etməyinə dəyər. Görünür, Avropanı maraqlandıran məsələlərdən biri də budur. Yəqin ki, Ilham Əliyevlə görüşdə Assosiasiya Sazişinin imzalanması bir daha müzakirə olunub”.
F.Qəhrəmanlı bildirdi ki, beynəlxalq aləmdə Azərbaycana qarşı sanksiyaların tətbiq olunması ilə bağlı artıq çağırışlar var, narahatlıqlar dilə gətirilir. F.Qəhrəmanlının fikrincə, Azərbaycandakı durumla bağlı narahatlıq artıq aryı-ayrı Avropa dövlətlərinin deyil, ümumilikdə Qərbin mövqeyini əks etdirir: “Azərbaycanın xarici siyasətində Rusiya meyli qabarıq hiss olunur. Ölkənin xarici siyasətində ənənəvi balansdan imtina olunaraq Rusiyayönlü addımlar atılır. Ona görə Azərbaycanın xarici siyasəti, regional proseslərdə tutduğu mövqeylə də bağlı müzakirə aparılması gözləniləndir. Avropanın Ilham Əliyevdən gözləntiləri və xarici siyasətdəki dəyişikliklərdəki narahatlıqlar bir daha onun nəzərinə çatdıralacaq”.
Xəyal